Müsahibə

“Sabah”ın futbolçusu: “Müdafiədə buraxılan səhvlər Serbiyaya baha başa gəldi” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Sabah”ın bosniyalı futbolçusu Boyan Letiç peşəkar karyerasına ölkəsinin “Kozara” klubunda başlayıb.

Əslən Serbiyadan olan sol cinah müdafiəçisi hər iki ölkədə, o cümlədən Slovakiya, Çexiya və İspaniyada çıxış edib.

Bu ay 30 yaşı tamam olacaq oyunçu “Sabah”a fevralda İspaniya təmsilçisi “Mirandes”dən keçib.

Cari mövsüm Premyer Liqanın 16 matçının hamısında meydana çıxan Letiç “Report”un suallarını cavablandırıb:

– Premyer Liqanın XVI turunda aşağı pillələrdə qərarlaşan “Şamaxı” ilə oyunda qələbə hesabını qoruya bilməməyinizə (1:1) nə səbəb oldu?

– Matçda erkən qol vurmuşduq. Lakin 25-ci dəqiqədə meydanda azlıqda qaldıq. Buna baxmayaraq, öz oyunumuzu itirmədik, meydanda üstün olan tərəf idik. Oyuna nəzarət bizdə idi, çoxlu qol fürsəti əldə etsək də, onlardan yararlana bilmədik. Rəqib isə əlinə düşən imkanı maksimum dəyərləndirərək qarşılaşmadan 1 xalla ayrılmağı bacardı.

– Görüşdə uzun müddət 10 nəfərlə çıxış etsəniz də, yenə üstün tərəf idiniz. Sanki komandada arxayınlıq yaranmışdı.

– Sizinlə tam razıyam, oyun bizim üstünlüyümüz şəraitində keçirdi. Belə məqamda daha bir qol vurub üstünlüyümüzü möhkəmləndirməliydik. Bu matç artıq geridə qalıb. Bundan dərs çıxarmalıyıq.

– Autsayderlər zonasında yer alan rəqiblə qarşılaşmada xal itkisinin sonda hədəfə çatmağınıza mane olmasından qorxmursunuz?

– Məncə, burada qorxulu heç nə yoxdur. Hətta ən güclü komandalar da xal itirirlər. Bu, futbolun bir parçasıdır. İnanmaq və mübarizəni davam etdirmək özümüzdən asılıdır.

– Qış fasiləsindən öncəki son iki turda Gəncə və Sumqayıt səfərinə çıxacaqsınız. Bu səfərlərdən 3 xalla dönmək çətin olmayacaq?

– Hər oyunun özünə görə çətinliyi var. Biz hədəfimizə çatmaq üçün bütün matçlarda sonadək mübarizə aparacağıq.

– Azərbaycan kubokunun 1/4 final mərhələsində dekabrın 9-da “Səbail”lə qarşılaşacaqsınız. İlk oyunun səfərdə olmasını sizin üçün üstünlük saymaq olar?

– Fikrimcə, ilk görüşün evdə və ya səfərdə olmasının elə də əhəmiyyəti yoxdur. Önəmli olan komandanın qarşısına qoyduğu məqsəddir. Biz də hər oyuna hədəfə çatmaq üçün çıxırıq.

– “Səbail” səddini aşsanız, yarımfinalda “Qarabağ” – “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaqsınız. Kubokda hədəfiniz nədir?

– İlk növbədə diqqətimizi “Səbail”lə kubok görüşlərinə yönəltməliyik. Bu barədə 1/4 final mərhələsini keçdikdən sonra danışmaq olar.

– “Sabah” bu mövsüm uğurlu çıxış etdikcə ev oyunlarınıza gələn azarkeş sayı da artır. Fanatların sizə qarşı münasibəti ürəyinizcədir?

– Futbol azarkeşlər üçün oynanılır. Əlbəttə, onların dəstəyini alanda özümüzü daha yaxşı hiss edirik. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm.

– Serbiya yığması dünya çempionatında yer aldığı G qrupunu 1 xalla sonuncu pillədə başa vurdu. Komandanızın turnirdəki uğursuzluğunun səbəbini nədə görürsünüz?

– Dünya çempionatı kimi mötəbər turnirdə yüksək səviyyədə ağıllı, ehtiyatlı, nəticəyə hesablanmış futbol oynamaq lazımdır. Müdafiə xəttində buraxılan səhvlər Serbiya millisinə baha başa gəldi.

– Serbiyanın mundialdan kənarda qaldığını nəzərə alsaq, indi hansı komandaya azarkeşlik edirsiniz?

– Lionel Messi və Kriştianu Ronalduya görə Argentina və ya Portuqaliya millisinin dünya çempionu olmasını istərdim. Çünki bu, onlar üçün sonuncu dünya çempionatıdır. Bu komandalar finalda qarşılaşsa, əsl tamaşa olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir