Müsahibə

“Bankdan kredit götürüb, yarışa getdiyim vaxtlar olub” – Beşqat dünya çempionu ilə MÜSAHİBƏ – FOTO

Sharing is caring!

Azərbaycan bayrağını zirvələrə ucaldan idmançılarımız çoxdur. Onlardan biri də pauerliftinq, stronqmen üzrə idmançı Rövşən Xəlilovdur.

Rövşən beşqat dünya, üçqat Avropa, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların rekordçusu, qalibi, idman ustası, eləcə də Azərbaycan Stronqmen Federasiyasının “Streetlifting” idman bölməsinin rəhbəri, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin zabitidir.

Xəlilov Rövşən Məqsəd oğlu 8 noyabr 1990-cı ildə Mingəçevirdə anadan olub, ali təhsillidir.

Oxu.Az öz şəxsi çəkisindən dörd dəfə çox ağırlıq qaldıran, Peşəkar Divizionda (ProDivision) çempion və dünya rekordunu qıran ilk azərbaycanlı idmançı olan Rövşən Xəlilov ilə müsahibəni təqdim edir:

– Peşəkar Divizionda qazandığınız qızıl medalla bir daha gündəmə gəldiniz. İstərdim, bu barədə danışaq.

– 2021-ci ilin dekabr ayında Professional Divizionda pauerliftinq idman növü üzrə dünya çempionu oldum. Eyni zamanda, bu istiqamətdə dünya rekordunu qıran ilk azərbaycanlı idmançıyam. Rekord nəticəm artıq rəsmi olaraq təsdiqləndi. Buna nail olmaq üçün çox əziyyət çəkmişəm. Azərbaycan rekordunu qırdıqdan sonra niyə də dünya rekordunu təzələməyim deyə düşündüm. Qarşıma məqsəd qoydum və buna nail oldum. Peşəkar Diviziona öz çəkisindən dörd-beş dəfə ağır çəki qaldıran idmançılar dəvət olunurlar. Burada yalnız peşəkarlar mübarizə aparırlar. Son rekord nəticəmlə dünyanın ən güclü idmançılarının reytinqində 10 idmançıdan biriyəm.

Onu da deyim ki, Azərbaycan üzrə dəfələrlə özüm öz rekordlarımı yeniləmişəm.

– Necə oldu ki, Peşəkar Diviziona dəvət edildiniz?

– 2019-cu ildə 287,5 kq ağırlığı qaldırdım. Pauerliftinq idman növünün üç hərəkətinin cəmində 685,5 kq nəticə göstərdim. Bundan sonra mənə xüsusi dəvət göndərdilər. Azərbaycandan dəvət alan ilk azərbaycanlı idmançı mənəm. Rekordu da orada qırdım. Amma idman elə bir sahədir ki, heç kim əbədi qalmır. Ona görə gərək daim öz üzərində çalışasan ki, sənin nəticələrini başqa idmançılar yeniləyəndə həmin rekordu öz adına qaytarmaq üçün formada olasan.

Mən çəki dərəcəmi dəyişə də bilərəm. Əvvəl 75 kq-da mübarizə aparırdım. O rekorda imza atanda 74,2 kq çəkidəydim. Öz çəkimdən dörd dəfə çox ağırlıqda – 300 kq çəkini yerdən qaldırmışam. İlk və tək idmançı mənəm bunu həyata keçirən.

– Növbəti hədəfiniz hansıdır?

– Qarşıdakı hədəfim 82 kq çəkidə mübarizə aparmaqdır. Hazırda 90 kq çəki dərəcəsində Azərbaycan rekordu 327,5 kq-dır. Mən onu 82 kq çəki dərəcəsində yeniləmək üçün 330 kq ağırlığı yerdən qaldırmağı düşünürəm. Daha sonra 82,5 kq ilə dünya rekordunu da qırmaq üçün hazırlaşacam.

– Azərbaycan Stronqmen Federasiyası sizə necə dəstək olur?

Federasiya bizə çox dəstək olur, bu işlərdə motivasiya önəmlidir. Bu qurum yeni yaransa da, çox böyük inkişaf yolu keçib. Xüsusilə də Bəxtiyar Quliyev və Raif Süleymanov bizə hər zaman dəstək olublar. Bu idman növü dünyada çox məşhurdur. Burada əvvəllər yüksək – 110, 120, 140 kq və daha çox çəkidə olan idmançılar çıxış edə bilərdilər. Lakin son dövrlərdə Federasiya bu qaydalara dəyişiklik etdi. Artıq beynəlxalq federasiya 80, -95, 110 kq və daha çox çəki kateqoriyalarını təsdiq etdi. Mən 80 kq-dan çox çəkidə iştirak etdim, Gürcüstanda Azərbaycan bayrağını ucaltdım, himnimizi səsləndirdim.

301 kq ağırlıq ayağıma düşdükdən sonra zədə aldım. Bundan sonra qatıldığım bütün yarışlarda zədəm özünü büruzə verməyə başladı, bu da öz növbəsində mənim mübarizəmi istədiyim kimi apara bilməməyimə səbəb oldu. Ona görə də uğurlarımda da bir qədər geriləmələr oldu. Hətta bir müddət idmandan uzaq qalmalı oldum.

– FHN necə, bu dövr ərzində sizə məşqlər üçün şərait yaradırdımı? İşinizdə hansısa problemlər yaranmayıb ki?

– Xeyr, tam əksinə. Məşqlər üçün şərait yaratdılar, nazirlik və əməkdaşı olduğum Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, rəis müavinləri və komandirim, komandir heyəti mənə çempionluğa gedən yolda çox kömək olublar, dəstək olublar. Onlardan yerlə göy qədər razıyam.

– Bu günə qədər aldığınız zədələrin sayı yadınızdadırmı?

Həkimlərdən olan kağızları göstərsəm, mənə deyərsiniz ki, siz adam deyilsiniz (gülür). Həkimlər də təəccüblənirlər ki, bu qədər zədənin içində idmana hələ də davam edə bilirəm. Bu da mənim yeddi yaşımdan idmana olan marağım, əzələlərimin sağlam olmasıdır.

Bizim idman növündə əzələ yırtılmaları olur, onurğada problemlər olur. Ümumi zədələrin sayı isə düzünü desəm, yadımda deyil. Artıq bir yerdən sonra saymırıq (gülür).

– Yarışlarda idmançılar dopinq testlərdən keçirilirlər. Bu zaman ikili standartlarla üzləşmisinizmi? 

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) rəsmi olaraq idmançıları yoxlaya bilir. Bu qurum gəncləri dopinqdən uzaq tutmaq üçün gözəl maarifləndirici tədbirlər görür. Bu agentliyin olması gənc idmançıları dopinqdən, narkomaniyadan uzaq tutur.

Əvvəllər bizim idman növlərində antidopinq yoxlanması olmurdu. Burada sırf peşəkar idmançılar olduğundan dünya ölkələrində bizi yoxlamırdılar. Amma AMADA bütün federasiyalarla əməkdaşlıq edib və məlumat verib ki, istənilən zaman idmançılarınızı gəlib yoxlaya bilərik.

– Nailiyyətləriniz gözlədiyiniz məşhurluğu qazandıra bilibmi sizə?

– Əslində, idmançıların tanınmağında jurnalistlərin rolu böyükdür. Mən beşqat dünya çempionuyam, amma o qədər də məşhur idmançı deyiləm. Adam var ki, bir dəfə dünya çempionu olub, o bir dəfəni media yüz dəfə işıqlandırıb. Düşünürəm ki, mətbuat bu sahədə ədalətli bölgü aparmalıdır. Mən hər zaman jurnalistlərin dəvətini qəbul etmişəm, heç vaxt özümü göz qabağına atmamışam.

Bu günə qədər arzumdur ki, nailiyyətlərimdən dolayı ölkə başçısı ilə görüşüm, onun təbrikini alım. Düşünürəm ki, Prezidentimizin təbrikini alsam, bilərəm ki, idmanda ən böyük zirvəyə çatdım. İnanıram ki, bir gün buna nail olacağam. Beşqat dünya çempionuyam, bəlkə də, altıncı dəfə qalibiyyətimdə bu arzum yerinə yetəcək, kim bilir?

– Ən güclü rəqibiniz kim olub?

Azərbaycandan Peşəkar Divizionda yeganə idmançı mən olduğum üçün özümü yerli rəqiblərimdən qat-qat yaxşı göstərdiyim aydın məsələdir. Mən, əslində, rəqib anlayışını qəbul etmirəm, çünki bizim idman növündə ən böyük rəqib çəki daşlarıdır. Ağırlıqları qaldırdıqca qalib gəlmiş oluruq. Ən əsası isə özümdən dörd dəfə ağır çəki qaldırmaqla Azərbaycan Himnini səsləndirdim.

Qatıldığım yarışlarda əcnəbi idmançılar arasında ən çətin görüşümə gəldikdə isə bu, 2019-cu ildəki dünya çempionatı idi. Rusiyanın ən tanınmış idmançısı olan Denis Şişkin hər zaman 82 kq-da çıxış edirdi, lakin mənimlə yarışmaq üçün öz çəkisini 75 kq-a salmışdı ki, mənə qalib gəlsin. Mən o yarışda Denis Şişkinə həm pauerliftinqin üç hərəkətinin cəmində (685,5 kq), həm də yerdən ağırlıq qaldırmada yarım kq fərqlə, yəni 287,5 kq ağırlığı qaldırmaqla qalib gəldim. Heç kim inanmırdı ki, mən 272,5 kq-dan birbaşa 15 kq çox ağırlıq sifariş verərək qalib gələ bilərəm. O, medalını götürüb tez təltif zalını tərk etdi. Bu uğurumda ən böyük təşəkkür şəxsi məşqçim Azər Mustafayevə düşür, onun böyük zəhməti var.

Qalib gəlmək istədiyim növbəti tanınmış idmançı Dmitri Nasonovdur. O hər zaman 82 kq çəkidə mübarizə aparır. Biz onunla danışıqlar aparmışıq ki, gələcəkdə üç hərəkətin cəmində yarışaq. Təklif ondan gəlib, mən də qəbul etmişəm. Mən ona qalib gəlsəm, bir gündə dünya ulduzu olacağam (gülür). O, pauerliftinq idman növündə öz sözünü demiş idmançılardan biridir. Lakin zədələrim özünü çox büruzə verir. Mən heç bir yarışa turist kimi getmirəm (gülür). Gedib gəzib gəlmək deyil, mən yalnız çempionluq üçün yarışlara qatılıram. Təxminən 2023-cü ilin sonlarına doğru bu yarışı təşkil etməyi düşünürük.

– Bəs ən çətin yarışınız hansı olub?

– Pauerliftinq idman növü, bildiyiniz kimi, ABŞ-də yaranıb. Elə mənim ən çətin yarışım da ABŞ-də olub. Bu idman növünün vətənində mübarizəmi çətin şəraitdə apardım. Yarışımız 2018-ci il noyabrın 9-na təsadüf edirdi. Bütün rəqiblərimi geridə qoydum, ən sonda fransalı idmançıya da qalib gələrək Bayraq Günündə Azərbaycan bayrağını ucaldıb, himnimizi səsləndirdim. 2019-cu ildə isə Denis Şişkin ilə yarışdım.

– Protein qəbulu zamanı bəzən mənfi təsirləri aşkarlanır. Bunun qarşısını necə almaq olar?

İnsanlar protein ilə steroidləri səhv salırlar. Gündəlik yediyimiz qidaların tərkibində proteinlər var. Steroidlərin tərkibində isə kimyəvi maddələr olur. Protein, idman qidaları, provitaminlər ziyanlı deyil, qətiyyən kökəltmir. Bunlar, sadəcə, qida əlavələridir. Amma təbii ki, hər şey öz qədərində olmalıdır. Normadan artıq su da içmək orqanizmə ziyandır.

Peşəkar məşqçilərin nəzarəti altında məşq etmək, əlavələri qəbul etmək olar. Xüsusilə, proteinlər, idman qidaları rəsmi distribütorlardan alınmalıdır. Onlara Səhiyyə Nazirliyi tərəfindən sertifikat verilir.

– Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşısınız, üstəlik sosial şəbəkələrdə çox aktivsiniz. Necə çatdırırsınız?

Mən öz uğurlarımı, məşqlərimi paylaşıram. Bu həm özümə, həm də gənclərə motivasiyadır. Onları idmana meyilləndirməkdir, vətənpərvərlik hissini aşılamaqdır. Həm də hər kəsin beş sevəni olanda, üç nəfər də paxıllığını çəkəni olur. Mən hər zaman uğurlarımı biləyimin gücü, iradəmlə qazanmışam. Ona görə uğurlarım çoxlarının ürəyini partladır. Paylaşıram, sosial aktivliyimi də qoruyuram. Niyə də olmasın?

İstər işimdə, istərsə də idmanda harada nə paylaşılmalı olduğunu yaxşı bilirəm deyə heç bir problem yaşamıram. Əsas odur ki, sosial şəbəkələrdən istifadə qaydalarını bilək.

– Bu günə qədər ən ağır zədəniz nə olub və bu zədə sizə hansı problemləri yaşadıb?

Ən ağır zədəm 301 kq ağırlığın sağ dizimin üzərinə düşməsi idi. O da məni uzun müddət idmandan kənar saxladı. Amma şükür ki, bu gün hər şey qaydasındadır.

Son vaxtlar tez-tez zədələnirəm, göz dəyir, yəqin, mənə (gülür). Ya da doğrudan da qocalıram.

– Yarışda qazanılan uğurlarla əlaqədar işlədiyiniz qurum sizə mükafat verirmi?

– Nazirlikdən mənə rütbə verilib. Bu da mənim kimi idmançıya, dövlət qulluqçusuna çox gözəl hədiyyədir. Xüsusilə FHN-in İdman-sağlamlıq Klubunun rəhbəri Füzuli Musayev hər bir uğurumuzdan sonra bizimlə görüşüb təbrik edir. Eyni zamanda əməkdaşı olduğum Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis və rəis müavinləri də yarışlardan qazandığımız hər qalibiyyətdən sonra bizimlə görüşüb daha böyük uğurlara həvəsləndirirlər. Ümumilikdə diqqət göstərən hər kəsə dərin təşəkkürümü bildirirəm.

– Narazı olduğunuz məqamlar varmı? Düşünürsünüzmü ki, sizə bu uğurlara gedən yolda lazımi dəstək verilmir?

Ümid edirəm, heç kim məndən inciməz. Amma bankdan kredit götürüb, yarışa getdiyim vaxtlar olub. Yarışda qalib gəlmişəm, qayıtmışam, oturub aylarla bank krediti ödəmişəm. İdman və Gənclər Nazirliyi olimpiya idman növlərinə daha çox dəstək verir, nəinki bizim idman növünə. Amma biz heç də onlardan geri qalmırıq.

Ölkəni dünyaya tanıdan ən gözəl sahə idmandır. Bayrağımız göyə ucalır, himnimiz səslənir və bütün auditoriya bizim himnimizi ayaq üstə dinləyir. Bu məni o qədər qürurlandırır ki, sizə ifadə edə bilmirəm. Bayrağın ucalması məni daim irəli səsləyir.

Digər idman növlərindən fərqli olaraq bizdə qalibiyyət zamanı maddi dəstək, mükafat yoxdur. Amma yenə də gecə-gündüz məşq edirik, idman qidaları və digər hazırlıqlara xərclədiyimiz vəsaiti geri ala bilmirik. Ailəmizə dəstək ola bilmirik. Çox istərdim ki, bizim sahəyə də maddi dəstək olunsun, ən azından, yarışlara çıxarkən unudulmayaq. Çünki məqsədimiz, amalımız birdir – Azərbaycan bayrağını ucaltmaq, ölkəmizi layiqincə təmsil etmək.

Stronqmen idman növündə uğurlarınız varmı?

– Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stronqmen Federasiyasının dəstəyi ilə Gürcüstanda keçirilən beynəlxalq Qran-pridə çəkisi 80 kq olan idmançılar arasında bütün rəqiblərimi üstələyərək qızıl medal qazanmışam.

Daha çox foto burada: Photostock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir