Müsahibə

Arbaxan Maqomedov: “Fransızlar və amerikalılar Ermənistan üçün öləcəkmi?!” – RUSİYADAN MÜSAHİBƏ

Sharing is caring!

Avropa İttifaqından olan texniki qrup artıq Ermənistan-Azərbaycan şərti sərhədinə səfər edib. Səfərdə məqsəd Aİ faktaraşdırıcı missiyasının yerləşdiriləcəyi yerləri və meyarları müzakirə etməkdir. Daha sonra Aİ xarici işlər nazirləri Ermənistana bu missiyanın göndərilməsi ilə bağlı razılığa gəliblər. Bu isə İranda artıq bir neçə dəfə kifayət qədər sərt reaksiyaya səbəb olub.

Tarix elmləri namizədi, siyasi elmlər doktoru, Moskva Dövlət Linqvistik Universitetinin Regionşünaslıq nəzəriyyəsi kafedrasının professoru Arbaxan Maqomedov bununla bağlı vəziyyəti Oxu.Az-a şərh edib.

O qeyd edib ki, cari hadisələri başa düşmək üçün Ermənistanın daxili siyasətinə müraciət etmək lazımdır:

– Erməni cəmiyyəti kimi, siyasi elitası da parçalanıb. Orada kəskin mübarizə gedir. Bir tərəfdə Ermənistanın Yaxın Şərq strukturlarına daxil olan Cənubi Qafqaz birliyinə inteqrasiyasının şərti tərəfdarları dayanırlar. Həmçinin bu, çox mühüm geosiyasi dəyişiklikdir, lakin buna hələ ki az adam diqqət yetirir. Digər tərəfdə isə radikallar və revanşistlər var ki, onlar “Qarabağın itirilməsi” ilə razılaşmırlar. Eyni zamanda Ermənistanın Avrasiyada müttəfiqlərinin qalmaması ilə də barışa bilmirlər. Hətta Rusiya da Ermənistanı dəstəkləmir, bu, göz qabağındadır. İndi Ermənistanın Qərbə meyil etməsi müşahidə olunur.

Qərb əslində yaxşı vədlər verə bilər, lakin Aİ Ermənistana müşahidəçilər göndərərsə, bundan sonra nə dəyişəcək? Bu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi problemini həll etməyəcək. Əsas çətinlik, artıq dediyim kimi, Ermənistanın daxilindəki böhrandır.

Gəlin Avropanın rolundan daha ətraflı danışaq. Həm Azərbaycan, həm də Rusiya Fransa Prezidenti Emmanuel Makronun, yumşaq desək, Cənubi Qafqazdakı hadisələrin mahiyyətini təhrif edən son bəyanatlarını qəbuledilməz adlandırıb. Amma Ermənistanda, gözlənildiyi kimi, Parisin aktivləşməsinə sevindilər.

– Aşkar olanlar başa düşülməlidir. Fransa həmişə şərti “kollektiv Qərb” kimi, ermənipərəst mövqe tutub. Paris həmişə erməni musiqisi altında rəqs edəcək. Hazırda Qərb mətbuatında xeyli sayda yazılar var ki, “Ermənistana xəyanət etmək olmaz”, Ermənistan xristian sivilizasiyasının beşiyidir və s. Amma bununla yanaşı Avropa Azərbaycandan əlavə qaz tədarükü gözləyir.

İndi Rusiyanın Cənubi Qafqaz istiqamətini bağlamaq üçün o qədər də çox resursu yoxdur. Rusiya Federasiyası hələlik Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasının, eyni zamanda Naxçıvana, daha sonra isə Türkiyəyə nəqliyyat dəhlizinin açılmasının qəti təminatçısı kimi çıxış edə bilməz. Amma indi bütün problem dilemma qarşısında qalan Ermənistandadır: siyasi eskalasiya mühitini saxlamaq, müxtəlif tərəflərə üz tutmaq, status-kvonu saxlamağa çalışmaqla gah Fransada, gah da Rusiyada müttəfiqlər axtarmaq, ya da Cənubi Qafqaz İttifaqına daxil olmaq. Yeri gəlmişkən, belə bir assosiasiya yaratmaq arzusunda olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bir zamanlar bu ideya haqqında qənaətbəxş danışırdı. Əgər biz ziddiyyətlərdən qurtulsaq, o zaman region qarşısında parlaq iqtisadi perspektivlər açıla bilər: inteqrasiya, əməkdaşlıq, nəqliyyat dəhlizləri, Çin mallarının Xəzər limanları vasitəsilə Avropaya nəqli və s. Lakin vəziyyətlə barışmaq istəməməsi ona gətirib çıxarır ki, erməni tərəfi təlaşa düşür. Çox güman ki, Ermənistan getdikcə Qərbə doğru meyil edəcək. Çünki Qərb vasitəçilik etməyə, kiməsə tövsiyələr verməyə, narahatlıq nümayiş etdirməyə hazırdır. Amma heç vaxt Ermənistanı müdafiə etməyəcək.

Ermənistan həmişə ümid etdiyini bildirib və hətta əmin olub ki, İran yaxın müttəfiqdir, həmişə köməklik göstərəcək və müdafiə edəcək. Amma İran həmişə xarici qüvvələrin bölgədə olmasına qarşı çıxıb. Və birdən İrəvanın təşəbbüsü ilə Ermənistanda şərti Ermənistan-Azərbaycan sərhədində xarici müşahidəçilər peyda olur…

– Bu sualı daha ətraflı nəzərdən keçirək. Azərbaycanda Qərb institutları, qeyri-kommersiya təşkilatları və s. varmı? Yox. Bəs niyə Qərb müşahidəçiləri Azərbaycan ərazisində olsunlar? Qərb isə son 30 ildə birtərəfli olaraq ermənipərəst mövqedən çıxış edib. İndi isə İran haqqında danışaq. Ermənistanla ticarət etmək, onu qazla təmin etmək başqa, İran sərhədlərində Qərb müşahidəçilərinin, kəşfiyyatçıların olmasına dözmək isə tamam başqa şeydir. Ticarətlə yanaşı milli maraqlar da var.

– Belə çıxır ki, İrəvan uzun illər Ermənistan üçün yeganə çıxış yolu olan İrana qarşı çıxır?

– Bəli, İran Ermənistan üçün iqtisadi çıxış yoludur. Bundan əlavə, İranda nəzərəçarpacaq dərəcədə erməni icması var, çoxlu erməni kilsələri mövcuddur. Amma Ermənistanın xarici siyasəti dəyişir, dediyim kimi, Qərbə doğru gedir. İranla münasibətləri korlayır. Hər iki ölkə bir-birindən uzaqlaşa bilər ki, bundan sonra Ermənistan daha da tək qalacaq.

Eyni Qərb müşahidəçilərinə qayıdaq. Onlar ermənilərə heç nə verməyəcək. İrəvanın nəyisə hərbi yolla “qaytarmağa” gücü və resursu yoxdur. Bəs o zaman fransızlar və ya amerikalılar Ermənistan və erməni maraqları uğrunda vuruşub öləcəklərmi?

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir