Müsahibə

Nazir müavini baş verə biləcək yanğınların qarşısının alınmasına dair hazırlanan plandan DANIŞDI – MÜSAHİBƏ

Sharing is caring!

Qlobal istiləşmə, iqlim dəyişmələri fonunda, eləcə də insanların ehtiyatsızlığından baş verən yanğınlar zamanı, təəssüf ki, yaşıllıqlar məhv olur, ətraf mühitə ciddi zərər dəyir. Yaxın dövrlərdə ölkənin meşə ilə örtülü yaşıllıq ərazilərində baş vermiş yanğınların nəticələri aradan qaldırılmaqdadır.

Bu məqsədlə regional meşə təsərrüfatı mərkəzlərində, milli parklarda yanğına məruz qalmış ərazilər yaradılmış xüsusi briqadalar tərəfindən təmizlənir, meşəbərpa tədbirləri üçün yararlı vəziyyətə gətirilir. 

Eyni zamanda, gələcəkdə baş verə biləcək yanğınların qarşısının operativ şəkildə alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri tərəfindən birgə fəaliyyət planı hazırlanır. 

Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxu.Az-a verdiyi müsahibəsində deyib.

– Birgə fəaliyyət planının mahiyyəti nədir və əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Bu planın hazırlanması və icrası baş verə biləcək yanğınların vaxtında, gecikmədən, daha tez qarşısının alınmasına və təbiətə dəyə biləcək zərərlərin minimuma endirilməsinə şərait yaradacaq. Düşünürük ki, bu formatda əməkdaşlıq ilk növbədə qurumlararası koordinasiyanın daha da təkmilləşməsinə, yanğınla mübarizə üsullarının daha effektiv təşkilinə şərait yaratmış olacaq. Birgə fəaliyyət planının hazırlanması ilə bağlı işçi qrupa artıq müvafiq tapşırıqlar verilib və hər iki qurumdan olan mütəxəssislər hazırda plan üzərində çalışırlar. 

– Konkret olaraq hansı işlərin yerinə yetirilməsi nəzərdə tutulub? 

– İlk növbədə meşə təsərrüfatlarında və milli parklarda yanğınla mübarizə tədbirlərinin daha operativ təmin olunması üçün dayanıqlı rabitənin təşkili, lazımi avadanlıq və texniki təchizatın yenilənməsi, təkmilləşdirilməsi sahəsində tədbirlər görüləcək, meşə və yaşıllıq sahələrinə yaxın yerlərdə sututarların sayı artırılacaq.

Eyni zamanda, ərazilərdə müşahidə qüllələrinin quraşdırılması, vizual, video və termal müşahidələrin aparılması üçün şəraitin yaradılması, yanğından mühafizə keçidlərinin və  yollarının açılması da nəzərdə tutulub. 

– Yanğına məruz qalmış meşə sahələrində bərpa tədbirlərinə başlanılıbmı? 

– Əlbəttə, bu gün işlər plan üzrə davam edir. Yanğına məruz qalmış ərazilərin sxem-xəritələri hazırlanır, ərazilərdə yanaraq bioloji inkişafdan qalmış, yıxılmış quru ağaclar və kollar müvafiq briqadalar tərəfindən təmizlənərək ərazilərdən daşınır.

Hazır vəziyyətə gətirilmiş sahələrdə payız mövsümündə yerli meşə təsərrüfatlarının tingliklərində yetişdirilmiş və tədarük edilmiş Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, uzunsaplaq palıd, Şərq fıstığı və s. tinglərindən və toxumlarından istifadə olunaraq meşəbərpa tədbirləri aparılacaq. Aparılan meşəbərpa tədbirləri nəticəsində yanmış ərazilərin illər keçdikcə yenidən əvvəlki vəziyyətinə gətirilməsinə nail olunacaq. 

Bilirsiniz ki, təbiət özünübərpa xüsusiyyətinə malikdir. Artıq yanğına məruz qalmış ərazilərin bir çoxunda təbiətin özünü sürətlə bərpa etdiyini müşahidə edirik. Bəzi sahələrdə cücərtilərin hündürlüyü hətta bir metrə çatıb.

Hazırda bütün bölgələrdə əməkdaşlarımız payız əkin mövsümünə start verilənə qədər yanğına məruz qalmış ərazilərin əkinə hazır vəziyyətə gətirilməsi üçün çalışırlar.

Vüqar müəllim, yanğınlarla bağlı sıravi vətəndaşlara ötürmək istədiyiniz mesajınız varmı?

– Bir daha demək istərdim ki, yanğınların baş verməməsi üçün hər kəsin öz məsuliyyətini hiss etməsi çox vacibdir. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı və bu həyəcanı hər kəs hiss etməlidir. Təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdan fəlakətlə bir də üzləşməmək üçün daha da duyarlı olaq.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir