Müsahibə

“Zirə”nin legioneri: “Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu” – MÜSAHİBƏ

Sharing is caring!

“Liqada çox yaxşı futbolçular çıxış edirlər. Xüsusilə “Qarabağ”da çox sürətli və keyfiyyətli oyunçular var. Məncə, bu komanda asanlıqla Avropanın ən yaxşı beş liqasından birində oynaya bilər”.

Bunu “Report”a müsahibəsində “Zirə” klubunun fransalı müdafiəçisi Adileu Moizi deyib.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycan Premyer Liqasının son turunda “Səbail”i 2:1 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

– Layiqli qələbə idi. Səfərdə oynadıq və bizim üçün asan olmadı. Ardıcıl ikinci qarşılaşmada qələbə bizim üçün vacib idi.

– Əvvəlki matçlarda start heyətində yer alsanız da, bu dəfə ehtiyatda qaldınız. Bu, nə ilə bağlı idi?

– Düzdür, bu matçda meydana çıxmadım. Çünki evdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldiyimiz V tur oyunundan sonra ayağımda ağrılar var idi. Həkimlər həmin görüşdən sonra istirahət etməli olduğumu bildirmişdilər.

– Artıq Azərbaycan çempionatında bir neçə oyun keçirmisiniz. Premyer Liqanın və futbolumuzun səviyyəsi barədə hansı fikirdəsiniz?

– Məncə, səviyyə kifayət qədər yüksəkdir. Açığı, bu cür gözləmirdim, sürpriz oldu. Bu, həm komanda, həm də karyeram üçün yaxşıdır. Belə rəqabət də güclü olur.

– Bir az əvvələ qayıdaq. “Zirə”yə keçidiniz necə baş tutdu?

– Karyeramda yeni səhifə açmaq, yeni addım atmaq istəyirdim. “Zirə”nin Konfrans Liqasında oynadığını bildirdim. Bu, mənə motivasiya verdi. Agentim Rəşad Sadıqovla danışdıqdan sonra buraya gəldim. İnanıram ki, yenə avrokuboklara vəsiqə qazanacağıq.

– Azərbaycan çempionatında sizi ən çox təəccübləndirən nə oldu?

– Təbii ki, buradakı komandaların səviyyəsi. Liqada çox yaxşı futbolçular çıxış edirlər. Xüsusilə “Qarabağ”da çox sürətli və keyfiyyətli oyunçular var. Məncə, bu komanda asanlıqla Avropanın ən yaxşı beş liqasından birində oynaya bilər.

– Fransa, Slovakiya, Yunanıstan, Türkiyə və Niderland çempionatlarında oynamısınız. Bu liqalarla Azərbaycan Premyer Liqasını necə müqayisə edərdiniz?

– Əvvəl oynadığım çempionatlarda da rəqabət yüksək idi. Azərbaycanda da bunun şahidi oldum. Məsələn, adlarını sadaladığınız ölkələrdə taktiki-texniki futbola üstünlük verirlər. Burada isə daha çox fiziki və texniki oyun üslubu üstünlük təşkil edir.

– Fransada “Valensiyen”, “Pau” və “Vitre” klublarının formasını geyinmisiniz. “Qarabağ” sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsinin II turunda “Nant”la qarşılaşacaq. Hər iki komanda haqqında məlumatınız var. Şansları necə dəyərləndirirsiniz?

– Məncə, hər iki komanda üçün yaxşı oyundur. “Nant”ın heyətində sürətli və güclü futbolçular var. “Qarabağ”a çətin olacaq. Çünki üç gündən bir oyun keçirirlər. Fikrimcə, “Qarabağ” güclü rəqiblə mübarizəyə tam hazırdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir