Müsahibə

Sabahkı paradın aparıcısı maraqlı faktlar açıqladı — MÜSAHİBƏ

Sharing is caring!

Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçiriləcək möhtəşəm tədbirin ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Zəfər paradı ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

XəbərAl.az müsahibəni təqdim edir:

 – Abdulla müəllim, illərdir ki, ölkəmizdə keçirilən paradların idarə olunması sizə həvalə edilir. Amma Zəfər paradı bir ilkdir. Bu ilklə bağlı hislərinizi, təəssüratlarınızı öyrənmək istərdik.

– Əvvəla diqqətinizə görə çox minnətdaram. Mən bu müharibənin birinci günündən sonuncu gününə qədər bütün cəbhədə, Şuşaya qədər yol getmişəm. Bu müharibədə təkcə əsgərin gücü deyil, həm də mənəvi ruhu qələbə çaldı. Məhz sabahkı parad bu mənəvi-psixoloji hazırlığın, yüksək əhval-ruhiyyədən doğan qələbənin paradıdır. Bu parad Azərbaycanın 200 illik tarixinin ən yadda qalan, ən möhtəşəm tarixi hadisəsi olacaq.

Azərbaycan ilk dəfə olaraq, işğal edilmiş torpaqlarını ordunun, xalqın, Ali Baş Komandanın gücü ilə azad etdi. 44 günlük müharibə illərlə davam edən müharibələrin nəticəsindən də böyük nəticələr verdi. Dünyanın hərbi ekspertləri bu müharibəni “XXI əsrin dron müharibəsi” adlandırırlar. Bu müharibədə pilotsuz uçuş aparatları, ən müasir zenit-raket qurğularımız, silahlarımız, avsiasiya vasitələrimiz öz sözünü dedi. Həm də xarici ölkələrin hərbi ekspertləri XXI əsrin orduları sırlarında iftixarla çəkirlər.

Fürsətdən istifadə edib bu paradda iştirakıma səhhətim baxımından təminat verən Azərbaycanın məşhur cərrahı Anar Əmraha təşəkkür edirəm. Cərrah keçəndəfəki paraddan bir neçə gün əvvəl məni əməliyyat etmişdi. Mən həmin və sabahkı Zəfər paradında iştirakıma görə şəxsən ona borcluyam. O məni elə sağaldıb ki, özümü 20 yaşında əsgər kimi hiss edirəm. Mən bu ürəklə Şuşaya qədər getdim.

– Dediniz, özünüz orduda əsgərin yüksək əhval-ruhiyyəsinin şahidi olmusunuz. Nə idi, bunu doğuran səbəblər?

– Vaxtilə böyük sərkərdələr deyib ki, “Türk savaşa atılsa, cəhənnəmdə şeytanı əsir alar”. Rus sərkərdəsi Zubov isə deyib ki, “Azərbaycan alaylarını döyüşdə görmək lazımdır. Onlar qəzəblənmiş Allahın düşmənlər üzərinə yağdırdığı oda, atəşə, şimşəyə bənzəyirlər”.
Bax, Azərbaycan oğulları da bu müharibədə oda, şimşəyə, atəşə bənzədilər.

Təsəvvür edin, Şuşaya doğru gedirik, xüsusi təyinatlı əsgərimiz təhlükədə, yolda şəhid olmaq üzrədir, amma xahiş edir ki, vurulsa da, onu geriyə təxliyə etməsinlər:

“Arzumdur, vurulsam, məni geriyə təxliyə etməyin, ölsəm də irəli aparın, qoyun ruhum Şuşanı görsün”.

Bu döyüşlər barədə çox yazılacaq. Ağdamdan ata və iki əkiz oğlu şəhid olub.

Masallıda bir evdən iki oğul şəhid olub. Gözyaşı da, bayatı da, ağılar da oldu, amma bu gözyaşlarının nəticəsi var. Şəhid ailələri başlarını dik tutdular. Çünki qazanılan qələbədə onların övladlarının haqqı var. Bizi qələbəyə həm də o şəhid dəfnlərindəki izdihamlar yaxınlaşdırdı. Xalq-ordu birliyi heç vaxt bu səviyyədə olmamışdı. Bu bizim iqtisadi qələbimiz idi. Məhz inkişaf etmiş iqtisadiyyatımızın inkişafı ilə ordumuz dirçəldi. Bu bizim hərbi qələbəmiz, siyasi qələbəmiz və hücum diplomatiyamız idi.

Prezidentin, kobud səslənsə də deyəcəm, dünyanın üzü üzlər görmüş xəbər agentliklərinin tərs, kəskin, qərəzli suallarını necə ləngər, düşünülmüş şəkildə cavablandırdı, hamısını yerlərində oturdu. Bütün bunlar sayəsində qələbə qazandıq. Məhz bunun sayəsində Ali Baş Komandan hər gün neçə-neçə yerin azad olunması ilə bağlı xoş müjdələr verirdi.

– Maraqlıdır, əsgərin canı bahasına aldığı torpaqlar barədə Ali Baş Komandandan müjdəsini eşitmək imkanı vardmı cəbhədə?

– Bəli, əksərən kəndlərin, şəhərlərin, zirvələrin azad olunma xəbəri cənab Prezidentin dilindən uzaq məsafədən səsucaldan maşınlarımız vastəsilə çatdırılırdı. Mərmilər, od-alovun içində cəbhə boyu Prezidentin səsi eşidilirdi. Bu, əsgər üçün böyük dəstək idi.

Bu qələbədə həm də inam böyük rol oynadı. Təsəvvür edin, qarşıda müharibə gedir, arxada yol, su, işıq, qaz, telefon xətləri çəkilir. Quruculuq işlərilə torpaqların azad edilməsi paralel gedirdi.

– Abdulla müəllim, mümkünsə sabahkı parad barədə məlumat vermənizi xahiş edərdik. Hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyindəki paradda cənab Prezident Azadlıq meydanında qələbə bayrağının gətiriləcəyini demişdi. Proseslər göstərdi ki, Prezident doğrudan da nəyi, necə və nə zaman deməyi bacarır…

– Bu günlərdə qardaş Türkiyənin prezidenti yaxşı bir söz dedi. O dedi ki, Qarabağda əski parçası deyil, Azərbaycan bayrağı dalğalanır. Qarabağda qazanılan qələbə Azərbaycana ana südü qədər halaldır. Bu qələbəni İlham Əliyevin siyasi iradəsinə borcluyuq. Təbii ki, sabahkı paradda ilkin olaraq, meydana Azərbaycan Respublikasının dövlət bayrağı gətiriləcək. Daha sonra Şuşaya sancılan zəfər bayrağı meydanda olacaq.

– Sirr deyilsə, Şuşaya sancılan həmin bayrağı meydana kim gətirəcək?

– Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra ilk komendat Zaur Məmmədov gətirəcək.

Sabahkı paradda Azadlıq meydanına həm də bu döyüşlərdə xüsusilə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayrağı nümayiş olunacaq. Bayraqların gəlişindən sonra paradı qələbənin qazanılmasında müstəsna xidmətləri olan Müdafiə Nazirliyinin xüsusi təyinatlıları açacaq. Daha sonra Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin heyəti, ardıcıllıqla bütün korpusların, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları keçid edəcəklər.

– Məşqlərlə bağlı sosial şəbəkələrdə yayılmış videolardan da görünür ki, budəfəki paradda Türkiyə ordusunun heyəti də təmsil olunacaq.

– Bəli, bu paradın özəlliklərindən biri də budur. Türkiyədən gəlmiş 200-ə yaxın məhmətcik Azərbaycan əsgərinin sevincinə qoşulacaq, paradda Türkiyənin bayrağı ilə irəliləyəcəklər.

– Sizin də qeyd etdiyiniz kimi, bu qələbə şəhidlərimizin qanı, qazilərimizin gözü, qolu, ayağı bahasına alınıb. Paradda onlarla bağlı məqam nəzərdə tutulubmu?

– Əlbəttə, şəhidlərimiz yad olunacaq. Qazilərimizin bir qrupu maşınların üzərində tribuna önündən keçəcəklər. Bizim qazilərimiz, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti cənab Prezidentə bir də ona görə minnətdardır ki, qəhrəmanlarımızın, qələbəmizin adının əbədiləşdirilməsində, qiymətləndirilməsində çox böyük rolu var. “Zəfər Günü”, “Anım Günü”ün təsis olunması, “Zəfər” muzeyinin, “Vətən müharibəsi memorial kompleksi”nin yaradılması ilə bağlı sərəncamları  bu diqqətin nəticəsidir.

– Rəsmi məlumatlardan da bəllidir ki, paradda həm də düşməndən hərbi qənimət kimi ələ keçirilmiş texnikalar nümayiş olunacaq. Bu, həm də ermənilərin etiraf etmək istəmədikləri məğlubiyyətinin əyani sübutu olacaq.

– Bilirsiniz ki, düşmənin yüzlərlə, minlərlə texnikasını, canlı qüvvəsini məhv etmişik. Təsəvvür edin ki, onlardan çox az hissəsi, həm istifadəyə yararlı olanlar, həm də istifadəyə yararsız olanları nümayiş olunacaq. Bunu Ermənistanın kapitulyasiyası, məğlubiyyəti, iflasının rəmzi kimi tribuna önündə nümayiş etdirəcəyik.

Maraqlı bir nüansı da deyim sizə. Bu yaxınlarda sosial şəbəklərdə ermənilərin birinci Qarabağ müharibəsində ələ keçridikləri avtomobil nömrələrini divar boyu vurduqlarını göstərirdilər. Biz isə məhv etdiyimiz, dağıtdığımız avtomobil, texnika nömrələrindən nəhəng şəkildə “Qarabağ Azərbaycandır” yazısnı nümayiş etdirəcəyik. Bununla yanaşı, bütün texnikaların ardıcllıqla nümayişi olacaq. Amma pilotsuz uçuş aparatlarına xüsusi yer ayırmışıq. Türkiyə istehsalı olan “Bayraktar” da paradda nümayiş etdiriləcək.

– Maraqlıdır, bəs paradı canlı izləmək istəyən vətəndaşlarımıza icazə veriləcəkmi?

– Rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri meydanın mərkəzindəki sektorlarda olacaqlar. Bu baxımdan hər cəhətdən ehtiyatlı olmaq lazımdır. Biz erməni kimi virusa qalib gəlmişiksə, koronavirusa da birlikdə qalib gələcəyik. Amma “Azneft” meydanına qədər hər kəs paradı izləyə biləcək. Doğrudur, bu sevinci hamı yaşamaq istəyir, amma yaxşı olar ki, pandemiya ilə əlaqədar vətəndaşlarımız paradı televiziyadan izləsinlər. Sabah çox möhtəşəm gün olacaq. Onu da deyim ki, parad boyunca Hərbi Dəniz Qüvvələrinin və Sərhəd Xidmətinin Sahil Mühafizəsinin döyüş gəmiləri, katerləri də parad getdiyi anlarda Xəzərin sahil sularında sıralanacaqlar.

Sonda isə paradı Milli Aviasiyamız davam etdirəcək. Döyüş təyyarələri, helikopterləri havada möhtəşəm manevrlər edəcəklər. Pilotlarımızın hamısının adı elan olaunacaq. Sonda isə təyyarələrimiz tüstü ilə Azərbayanın üçrəngli bayrağının təsvirini Bakı üzərində yaradacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir