Müsahibə

“Gənc pasiyentlərin sayı artıb, əminliklə deyə bilirik ki, koronavirus “cavanlaşıb” – MÜSAHİBƏ

Azərbaycanda xəstəliyə yoluxanların təxminən 30-40 faizi təcili xəstəxanaya yerləşdirilməlidir. Onların vəziyyətləri bir qayda olaraq, orta dərəcədə qiymətləndirildiyi üçün evdə müalicə ala bilməzlər və tibbi yardıma ehtiyacları var.

Xəbəral.az-ın məlumatına görə, bu barədə tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin anesteziologiya və reanimasiya kafedrasının asistenti, ATU Tədris-Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin həkimi Namaz İbrahimov bildirib.

Onun sözlərinə görə, son statistikalar nəzərə alınsa xəstəxanalar gündə 200-300 yoluxmuş insan qəbul edə bilər.

“Bunlar Azərbaycan üçün çox böyük rəqəmlərdir və dinamika azalmasa, həkimlər və tibb müəssisələri belə bir yükün öhdəsindən gəlməyəcəklər”, – deyə N.İbrahimov xəbərdarlıq edib.

Tibb elmləri namizədi bir qayda olaraq, simptomların beşinci və ya yeddinci gündə göründüyünü dedi. Bununla belə orqanizmin fərdi xüsusiyyətlərinin də mühüm rolu olduğunu qeyd etdi:

“Fəsadlar yeddinci və ya on ikinci gündə baş verə bilər. Ümumiyyətlə, ilk iki həftə çətin hesab olunur”.

Müsahib virusa yoluxmuş gənc xəstələrin sayının kəskin şəkildə artdığını vurğuladı:

“Əminliklə deyə bilirik ki, koronavirus “cavanlaşıb”.

Həkim bildirdi ki, ən acınacaqlısı koronavirusa yoluxmuş birinin vəziyyətinin yaşından asılı olmayaraq kəskin şəkildə pisləşə bilməsidir:

“Xəstələrin təxminən 10-15 faizinin, eyni zamanda xəstəliyi orta səviyyədə olanların vəziyyətinin hər an kəskin şəkildə pisləşə biləcəyini unutmamaq lazımdır. Buna müvafiq ağır xəstələrin sayı artacaq. Reanimasiya yataqları dolsa, ağır xəstələri qəbul etmək mümkün olmayacaq. Elə tibbi imkanlar da yetərli olmaya bilər”.

N.İbrahimov hazırda yalnız koronavirusla mübarizənin deyil, müharibənin aktiv bir mərhələsində olduğumuzu xatırlatdı.

“Bir anda iki aktiv cəbhənin olması qəbuledilməzdir. COVID-19-a yoluxanların xüsusi qayğıya, xüsusi tibbi avadanlıqlara və dərmanlara ehtiyacı var”.

O, artıq bir çox həkimin cəbhə bölgəsində yerləşən xəstəxanalara və digər tibb müəssisələrinə yollandığını bildirdi.

Müsahib həmçinin, koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün heç də az olmayan maliyyə mənbələri ayrıldığını deyərək, halbuki bu vəsaitlərin hərbi qulluqçularımızın müalicəsinə yönəldilə biləcəyini vurğuladı.

“Bunun üçün koronavirus xəstələrinin sayının bir neçə dəfə azaldılması tələb olunur… Anlayıram ki, insanlar karantin qaydalarına riayət etməkdən, qoruyucu maskalar taxmaqdan və sosial məsafəyə riyaət etməkdən beziblər. Ancaq hamını daha məsuliyyətli olmalarını xahiş edirəm, çünki müharibə dövründə yaşayırıq. Hərbçilərimizə kömək etmək istəyirsinizsə, özünüzü koronavirusdan qoruyun. Biz bu virusun hərbçilər arasında yayılmasına imkan verməməliyik. Özümüzü müdafiə etməklə eyni zamanda ordumuzu qoruyur və qələbə qazanmalarına kömək etmiş oluruq”, – deyə müsahib sözlərini yekunlaşdırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir