Müharibə

Gəncə terroru zamanı azyaşlını xilas edən şəxs: “Onun yerini inilti səsindən müəyyənləşdirdik” – FOTO

Sharing is caring!

“Briqadamız dağıntılar altında qalan uşağın inilti səslərini eşidərək onu tapmışdı”.

Bunu “Report”un Qərb bürosuna açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 127-ci bölməsinin rəisi Yusif Qurbanlı deyib.

Müharibə zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiklərini xatırladan bölmə rəisi söyləyib ki, həmin vaxt hər an hadisə olacağı ehtimalı ilə 24 saat ayıq-sayıq gözləyiblər:

“Oktyabrın 17-də Muxtar Hacıyev küçəsində ballistik raketin dağıtdığı ərazidə hər hansısa bir yanğın yox idi. Buna baxmayaraq, orada dağıntılar altında qalan insanların xilasetmə işlərinə qoşulduq. Briqadamız bir oğlan uşağını dağıntılar altından çıxardı. Ermənilərin raket hücumu zamanı həmin uşaq yatağında yatırmış. Evin tavanı çökmüşdü və uşaq dağıntılar altında qalmışdı. Xoşbəxtlikdən onun yataq başlıqları üzərinə aşan şifer və digər ağır materialları saxlayıb, uşaq boşluqda qalaraq ölümdən xilas olub. Onu inilti səsindən tapıb oradan çıxardıq və ilkin tibbi yardımı göstərdikdən sonra dərhal təcili tibbi yardım briqadasına təhvil verdik. Həmin an bir insanın həyatını xilas etmək çox sevindirici idi”.

O bildirib ki, xilasetmə işləri zamanı dağıntılar altından hissələrə bölünmüş cəsədlər aşkarlayıblar.

“Harada insan səsi eşidirdik dərhal o ərazinin təmizlənməsi üçün işlərə başlayırdıq. Təəssüf ki, bəzən cəsədlər çıxırdı dağıntılar altından. Ən dəhşətlisi isə hissələrə bölünən cəsədlər idi. Ona görə də bu vəhşiliyi törədən ermənilər dünya ictimaiyyəti, beynəlxalq hüquq qarşısında layiqli cəzalarını almalıdırlar”, – Y.Qurbanlı əlavə edib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri növbəti dəfə 2020-ci ilin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raket hücumuna məruz qalıb. Raketlər şəhərin Muxtar Hacıyev küçəsində bir çox evlərin yerləşdiyi əraziyə düşüb. Bu terror aktı nəticəsində onlarla günahsız insan şəhid olub, çox sayda insan isə yaralanıb.

Gəncə terroru zamanı ciddi yanğın hadisələri olmasa da, böyük dağıntılar baş verib və FHN-in Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri dağıntılar altında qalan insanların xilas edilməsində böyük səylər göstəriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir