Müharibə

Azərbaycanın müharibəsi bitdi: İndi dost ölkələrlə bərpa zamanıdır

Sharing is caring!

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.

Özbəkistanın sədrliyi ilə keçirilən iclasda İlham Əliyev də çıxış edərək bir sıra fikirləri ilə yadda qalıb.

Onun fikirlərini iki hissəyə bölmək olar: Azərbaycanın koronavirus pandemiyası dövründə gördüyü işlər, beynəlxalq səhiyyə üçün pandemiya ilə mübarizəyə verdiyi töhfələr və sentyabrın 27-dən sonra ölkəmizin Vətən Müharibəsi zamanı haqlı mübarizəsi.

Konkret ikinci mövzu haqqında danışsaq, bildirməliyik ki, prezident münaqişənin başlanması haqqında iştirakçılara ətraflı xəbər verib. Münaqişənin başlanması üçün zəmini Ermənistan tərəfi özü yaratmışdı.

90-cı illərdə beynəlxalq ictimaiyyətin tanıdığı ərazimizin 20 faizinin işğal olunması Azərbaycan üçün Vətən Müharibəsi olubsa, Ermənistan üçün işğalçılıq siyasətinin bir hissəsi olub. Nəticədə Qarabağ adlı təbiəti ilə dillər əzbəri olan guşəmiz erməni separatçıları tərəfindən məhv edilib, Azərbaycanın 1 milyona yaxın əhalisi məcburi köçkün həyatı yaşamağa məcbur edilib, Dağlıq Qarabağla yanaşı, ətrafdakı yeddi rayon da işğalçıların tapdağına məruz qalıb.

Təxminən 30 il ərzində münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar Ermənistanın siyasi elitası tərəfindən qərəzli şəkildə pozulub, qəsdən danışıqlar uzadılaraq beynəlxalq vasitəçilər aldadılıb. Prezidentin də dediyi kimi, işğal edilmiş ərazilərdə (məsələn, Füzulidə) aparılmış mühəndis-istehkam işləri göstərir ki, Ermənistan tərəfi heç ətraf yeddi rayonu belə qaytarmağa çalışmırdı.

Ermənistan tərəfi bununla da status-kvonu olduğu kimi saxlamaq istəyirdi. Ötən ildən isə Ermənistan yeni taktiki gedişlərə əl atmağa başladı. Ermənistanın sabiq Müdafiə naziri ABŞ-da olarkən açıq şəkildə ölkəsinin yeni ərazilər uğrunda yeni müharibəyə başlamaq niyyətində olduğunu gizlətməmişdi. Görünür, Azərbaycanın həmişə danışıqlar masasında iştirak edəcəyini düşünürdülər. Bu üzdən düşmən bir qədər də başını qaldırıb nəhəng, yırtıcı ağzını açmağa çalışdı.

Ermənistanın məhvi də məhz bu bəyanatdan başladı. Daha sonra bu ölkənin baş naziri Nikol Paşinyanın Qarabağa səfər edərək “Qarabağ Ermənistandır və nöqtə” deməklə odun üstünə yağ tökmüşdü. Eləcə də qondarma Dağlıq Qarabağ Respublikasının parlamentinin Xankəndidən Şuşaya köçürülməsi, bu qurumun separatçı prezidenti Araik Harutyunyanın inaquriyasının Şuşada keçirilməsi də bu proseslərdə Ermənistanın azərbaycanlıların həssas nöqtəsinə basması demək oldu.

Səbri daşıran sonuncu məqam isə bu ilin iyulunda Paşinyanın doğulduğu Tavuş rayonu istiqamətindən Azərbaycanın dövlət sərhədinin pozulması oldu. Paşinyan Azərbaycanın dilbər rayonlarından olan Tovuzun da ermənilərə məxsus olduğunu və öz rayonunun ərazisini böyütmək məqsədi güdürdü. Ancaq Paşinyan ağıllı lider olsaydı, bütün bunları etməz, Azərbaycanın ildən-ilə güclənən ordusunun potensialını, erməni Ordusuna nələr edəcəyini göz önünə alardı.

Avqustda Goranboy rayonunda ermənilərin təxribat qrupunun aşkar edilməsindən sonra Ermənistanın niyyəti bəlli oldu. Sentyabrın 27-dən isə Azərbaycan Ali Baş Komandanı ermənilərin hərbi təxribatının qarşısını almaq üçün “İrəli!” əmrini verdi. Müharibənin isə nəticəsi bəllidir. Cəmi 44 günə rəşadətli Azərbaycan Ordusu 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdi. Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi və hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi. Çünki erməni ordusu darmadağın edilmiş və mənəvi cəhətdən sarsıdılmışdı, onun bir hissəsi mühasirədə idi.

Noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fəal iştirakı ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyinin üçtərəfli bəyanatının mətni razılaşdırıldı. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış həmin bəyanatın mətninə əsasən dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir silah işlədilmədən, heç bir itki olmadan Azərbaycana təhvil verildi.

Artıq münaqişə yerində Rusiya sülhməramlıları xidmət edir. Ağdam rayonunda isə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir. Monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək.

Bildiyiniz kimi, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının mərkəzi olan şəhərləri ermənilər tərəfindən dağıdılıb, həmin ərazilərdə bayraq taxmaq üçün yer qalmayıb. Ancaq artıq bu rayonlarımızda minaların təmizlənməsi ilə bərabər xarici şirkətlərlə investisiya yönündə danışıqlar gedir. 

Təbii ki, Azərbaycana bu münaqişə dövründə həm siyasi, həm də mənəvi dəstək olan qardaş Türkiyə şirkətləri bu ərazilərdə daha çox güzəştlərə sahib olacaq. Yol tikintisi ilə bağlı müqavilələr bağlanılıb. Məhz belə bir müqavilələrdən biri Türkiyə və İtaliyadan olan bir şirkətlə bağlanılıb. 

“Azərenerji” ASC və İtaliyanın “Ansaldo Enercia” şirkəti arasında bağlanan təchizat müqaviləsinə əsasən, Azərbaycanın işğaldan azad edilən dörd ərazisində – Kəlbəcər, Ağdam, Füzuli və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq yarımstansiyalar elektrik avadanlıqları ilə təchiz olunacaq.

Bərpa işləri Azərbaycanın öz vəsaiti hesabına maliyyələşdiriləcək. İki gün əvvəl ölkə başçısı Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılmasına dair tapşırıq verib. Lakin bu ərazilərin bərpasında dost ölkələrdən olan şirkətlərin iştirak etməsi Azərbaycana da maddi baxımdan dəstək olacaq. Həm də bu Azərbaycanla həmrəylik simvolu kimi dəyərləndiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir