Media

İslahatların hüquqi aspekti aktualdır – İnformasiya amilinə yanaşma və tələb dəyişməlidir

“Bütün sahələrdə olduğu kimi, media sahəsində də islahatların dərinləşməsinə ciddi ehtiyac duyulur. Çünki bu istiqamətdə boşluqlar var. Ümumən mənzərə hamıya kifayət qədər yaxşı məlumdur. İlk növbədə medianın qanunvericilik bazası təkmilləşməlidir, dövrümüzün tələbinə, çağırışlarına adekvat olmalıdır. Bu isə onu deməyə əsas verir ki, islahatların hüquqi aspekti aktualdır. Hesab edirəm ki, cənab İlham Əliyevin imzaladığı Fərman bu baxımdan böyük əhəmiyyətə malikdir”.

XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O, mövzunun geniş olduğunu və sistemli yanaşma tələb etdiyini dilə gətirib.

Qeyd edib ki, internet medianın hüquqi münasibətlər sistemində özünə yer almasından tutmuş kütləvi informasiya vasitələrinin reklam bazarında iştirakçılığınadək bir çox məqamları vurğulamaq mümkündür:

“Ayrıca vurğulanmalı məqam jurnalist məsuliyyətinin artırılmasıdır. Düşünürəm ki, bunun fövqündə qanunun dayanmasının vaxtı gəlib çatıbdır. Eyni zamanda hesab edirəm ki, islahatlar, eləcə də onun qanunvericilik tərəfi 2 məsələyə hədəflənməlidir. Birincisi, media sahəsində səliqə-sahmanın yaradılması. İkincisi, medianın iqtisadi imkanlarının daha da artırılması. Jurnalistika sözün həqiqi mənasında elit peşəyə çevrilməlidir. Yalnız ona görə yox ki, biz bunu istəyirik. Biz bütün peşə sahiblərinin daha yaxşı həyat şəraitinin olmasını arzulayırıq. Ancaq jurnalistikanı fərqli edən bilavasitə informasiya ilə bağlılığıdır. O informasiya ilə ki, onun milli təhlükəsizlik sistemində çəkisi hər ötən gün daha çox artmaqdadır. Deməli, informasiya amilinə yanaşma və tələb dəyişməlidir. Müvafiq olaraq işin effektivliyi baxımında bu sahədə çalışanların sosial təminatına baxış da həmçinin”. 

Şura sədri vurğulayıb ki, qarşıda gediləsi böyük bir yol var:

“Əsas məsələ niyyətdir. Əgər niyyət nəyisə müsbətə doğru dəyişməkdirsə, məsuliyyətli mühit formalaşdırmaqdırsa, bütün vasitələr keçərlidir. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi də məhz media sahəsindəki fəaliyyəti təkmilləşdirmək niyyətindən irəli gələrək yaradılmış qurumdur. Əminəm ki, o, üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək, sahəyə sistemli baxışın ortaya qoyulmasında müstəsna rol oynayacaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir