Media

Azərbaycanın tarixi zəfəri Monteneqro və Serbiya mediasında işıqlandırılıb – FOTO

Sharing is caring!

Monteneqro mediasında 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfərdən bəhs olunub.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Ölkənin “Aktuelno.me” xəbər portalına müsahibəsində Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə bildirib ki, 44 günlük müharibə ilə Azərbaycan tarixi zəfərə nail olub. Ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etməyib, həm də BMT qətnamələrini yerinə yetirərək 30 illik Dağlıq Qarabağ münaqişəsini həll edib.

28 illik işğal dönəmində ermənilərin ərazilərimizi dağıdaraq xarabalığa çevirdiyinə, dini və mədəni abidələrə qarşı həqarət və vandalizm hərəkətləri törətdiyinə diqqət cəlb olunub. “Azərbaycan ərazisində məskunlaşan ermənilər anlamalıdırlar ki, onların xoşbəxt gələcəyi, yalnız Azərbaycanın ərazi bütövlüyünü qəbul etmələrindən keçir. Bundan sonrakı macəra axtarışları onlar üçün daha ağır fəlakətlə yekunlaşa bilər.  Ermənistan hazırda siyasi, iqtisadi, humanitar, sosial və demoqrafik böhran yaşayır”, – deyə S.Mirzəzadə vurğulayıb.

O həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzünün əsl səbəbinin əsassız ərazi iddiaları, “Böyük Ermənistan” xülyaları, uzun illər aparılan sülh danışıqlarının uğursuzluğunun və sentyabrın 27-də hərbi əməliyyatların başlanmasının rəsmi İrəvanın destruktiv və təcavüzkar siyasəti ilə bağlı olduğu bildirilib.

Yazıda mədəniyyət beşiyi olan Şuşa şəhərinin işğaldan azad olunduğu 8 noyabr tarixinin Zəfər Günü elan edildiyi və dekabrın 10-da Bakıda Qələbə paradının keçiriləcəyi barədə məlumat verilib.

Serbiya mətbuatı da Dağlıq Qarabağ ərazisinin işğaldan azad edilməsi və bu münasibətlə Azərbaycanda bayram əhval-ruhiyyəsinin yaşandığına dair məqalə dərc edib. Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə www.nedeljnik.rs xəbər portalında dərc olunan məqalədə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ərazilərdə nəzarətin bərpa olunmasını tarixi qələbə adlandırıb.

Prezidentin xalqa müraciətində “Biz hamımız bir arzu ilə yaşayırdıq və indi onu həyata keçirmişik. Biz döyüş meydanında və siyasi arenada qalib gəlmişik və bu qələbə ölkəmiz üçün yeni mərhələ açır. Bu, inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaq” fikrini söylədiyinə diqqət cəlb edilib.

Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğu, Ermənistanın bu bölgəni və ona bitişik rayonları işğal etdiyi, sentyabrın 27-də başlamış 44 günlük müharibə ərzində Azərbaycan ordusunun torpaqları işğaldan azad etdiyi və ərazi bütövlüyünün təmin olunduğu qeyd edilib. Azərbaycan ordusunun qazandığı hərbi üstünlük nəticəsində Ermənistanın sülh razılığına imza atmağa məcbur olduğu bildirilib.

Müharibənin nəticələrinin Azərbaycanda bayram edildiyi, Ermənistanda isə kütləvi etiraz aksiyalarına səbəb olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir