Media

Şuşa Televiziyası yenidən bərpa olunacaq

Sharing is caring!

1926-cı il 6 noyabr tarixində Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.

Bu il isə televiziya və radio işçilərinin peşə bayramı tarixi bir dövrə təsadüf etdi. Azərbaycan Ordusu 30 ilə yaxındır düşmən tapdağında olan torpaqlarımızın azad olunması uğrunda döyüşür. Artıq 200-dən çox yaşayış məntəqəsi düşməndən azad olunub və xalqımız Şuşa, Xankəndi, Laçın və Kəlbəcərin də tezliklə azad olunacağına əmindir. İndi doğma torpaqlarımıza qayıdacağımız günlə bağlı planlar qururuq. Bu məqamda elə Şuşa Televiziyasının bərpası da yenidən gündəmə gəlir və bununla bağlı indidən planlar qurulması yerinə düşərdi.

Qeyd edək ki, Azərbaycan Televiziyası radionun yaranmasından 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Həmin dövrdə Azərbaycanda televiziyanın fəaliyyət göstərməsi nadir hadisə sayılsa da, Dövlət Televiziyası Azərbaycanda yeganə televiziya deyildi. Bölgə televiziyası olaraq, Şuşa televiziyası da fəaliyyət göstərirdi.

1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan vermişdi.

1990-cı il 19 yanvarda Bakıda törədilən qırğın zamanı XI Qızıl Ordu  ölkənin bu barədə məlumat almaması üçün AzTV-nin enerji blokunu da partlatdı. Beləliklə, bütün ölkə ərazisində informasiya yayımında ən mühüm mənbə olan Dövlət Televiziyasının fəaliyyəti dayandı. Buna görə, 20 Yanvar faciəsi haqqında yayım edən yeganə televiziya Şuşa televiziyası oldu. Televiziyanın yayımlandığı bölgələrdə AzTV-nin enerji blokunun partladılması, Bakıda törədilən qırğın haqqında məlumatın yayılması tezliklə bütün ölkənin faciədən xəbər tutmasına şərait yaratdı.

Bir neçə il öncə  Şuşa televiziyasının bərpası yenidən gündəmə gətirildi. Televiziyanın Şuşadan kənarda belə olsa, fəaliyyət göstərməsinin önəmi vurğulandı. Bu təşəbbüs reallaşmasa da, gələcək üçün daha fərqli planların, təkliflərin səsləndirilməsinə zəmin rolunu oynadı.

Elə televiziyanın bərpası ilə bağlı təkliflərə ilk qoşulanlardan biri Şuşanın icra başçısı Bayram Səfərov oldu. O, açıqlamasında Şuşa Televiziyasının yenidən fəaliyyət göstərməsini zəruri hesab etdiyini bildirib.

İcra başçısı qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşanı və işğaldan azad olunan bütün ərazilərimizi daha gözəl şəkildə bərpa edəcək:

“Doğma torpaqlarımızda əvvəlki kimi gözəl şəhərlər, qəsəbələr salınacaq. İş yerləri açılacaq, təhsil, səhiyyə sıfırdan qurulacaq. Əvvəlkindən qat-qat yaxşı şəraitin olacağına əmin ola bilərsiniz. Doğma şəhərim Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz qarabağlılar da bütün quruculuq işlərində var gücümüzlə çalışacağıq.

Şuşada bütün infrastruktur obyektlərinin fəaliyyəti üçün imkan var. Mən hesab edirəm ki, vaxtilə böyük maraqla izlənən Şuşa Televiziyasının da bərpası mütləqdir. Azad olunandan sonra Qarabağ bölgəsi hər kəsin diqqət mərkəzində olacaq. Burada baş verən hadisələrin, görülən işlərin, yeni xəbərlərin bütün dünyaya duyurulması üçün televiziyanın olması vacibdir. Televiziyanın işə başlaması yeni iş yeri kimi də böyük diqqət cəlb edəcək. Düzünü desəm, Şuşa Televiziyasında çalışan jurnalistləri, əməkdaşları o qədər də xatırlamıram. Kimlər həyatdadır, bilmirəm. Çünki hazırda heç kimlə yaxın əlaqəm yoxdur. Amma bizim çox gözəl aparıcılarımız, jurnalistlərimiz, operatorlarımız var idi. Hətta 20 Yanvar faciəsi zamanı hamı AzTV-nin dağıdılması xəbərini Şuşa Televiziyasından almışdı. İndiki məqamda televiziyanın əməkdaşları da yenidən ora qayıdanda öz işlərini davam etdirə bilərlər. Güman edirəm ki, Şuşa Televiziyası yenidən bərpa olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir