MARAQLI

Kimlər gəldi, kimlər getdi… Dünya səni tanımadı, Şöhlət Əfşar…

Sharing is caring!

Kim olduğunu poeziyan dedi, publisistikan dedi, yaddaşlarda qalan, yaddaşlarda yaşayan, ya­­şa­dı­lan kəlamların dedi. Düşündürücü şeirlərinə bəstələnən mahnılar (bunlara nəğmələr de­yərdim)  de­di, səni tanıyanlarla söhbətlərində tarixin o üzündə qalan on illərdən, yüz illərdən  danışanda zamanın dü­nənlə­rini sabahlara bağlayan, dünənlərlə sabahlar arasında mənəvi (və tarixi) bağ olan kəlamların pıçıldadı. Dünya hamısını eşidirdi…

1949-cu il martın 3-də Ağcabədinin Avşar kəndində doğulub minlərin can sirdaşı, ruh qardaşı oldun, ŞöhlətƏfşar (Şöhlət ƏşrəfoğluAxundov). Adı­na həmqafiyəni Tanrı verib, biz onu yada salırıq: Şair idin deyə, bu mətləbi misralaşdırmaq niy­yətindəyəm:

 

Tanrı özü uğurlayır,

Gedən səsi, gələn səsi.

Şeir-şeir, misra-misra

boy göstərir

Hər duyumun təntənəsi.

Kimliyinin işığına döndü, qardaş,

Duyanlara

Şöhlət – şöhrət qafiyəsi!..

 

Bu qafiyənin işığında oxuduqlarımızı da, dinlədiklərimizi də tarixə salavat bilmişik…

Sən ürək adamı idin, qəlb adamı idin, qəlp adamları görən gözün yoxuydu. Səmimiyyəti öm­rün-günün göyqurşağı bilirdin. Hərdən zəngləşərdik, deyərdin ki, gəl görüşək, dərdləşək, kəl­mə­ləşək, Ruh qardaşı olanların kəlmələşməsi könül xoşluğu gətirir. Fikrini ikimizin də dü­şün­cə­lə­rimizi özünə çəkən qoşa beyt ilə tamamlayardın:

 

Tanrı lütfü deyəkmi

Biz könül xoşluğuna.

Sığal çəksin bir anlıq

Söz könül xoşluğuna…

Vədələşərdik, görüşərdik. Bu görüşü zamandan ömrümüzə qazanc bilərdik. Nələrdən danış­maz­dıq! Vətəndən danışardıq, torpaqdan danışardıq, tarixin dünənlərindən danışardıq. Əv­şar­lar­dan danışanda baxışlarını bürüyən qürurun rəngini heç yerdə, heç zaman görməmişəm. Bu qürura sevgi deyirdim, yaşadılan və yaşadılacaq bu sevgiyə “Mənim Əvşarlığımın vizit kartıdı” deyirdin. “Şöhlət Axundovu Şöhlət Əvşar edən də bu sevgi olub” deyirdin. Gülümsünürdün. Bu sevginin işığı nişan vermişdi səni Türkiyədəki Dünya Avsarlar Birli­yi­nə, səni Birliyin Azərbaycan təmsilçisi seçdilər..

Əf­şar­lar­dan danışardın. Deyərdin ki, əfşar sözü   igid, cəsur, at belində, ov edən,qorxmaz,öz işini tez görən,cəld görən  mənasını bildirir. Mənbələrə istina­dən onu da de­yər­din ki, dövlət qura bilən beş türk tayfasından biri əfşarlar olub. Sonra göy üzünə baxardın. Bu baxışları şük­ranlıq baxışı bulərdim. Sonra tarixdən yaddaşına düşənlərdən söz açar­dın. Bu sözaçmanı da Vətənə sevginin işığı bilərdim; sevgilərlə danışılanlar sevgilərlə dinləni­lər­di. Din­lə­ni­lə-dinlənilə yaddaşıma hopardı. Aradan illər keçəndən sonra da unutmamışam: xaç­lı­la­rın yürü­şü­nün qarşısını alan, türk-islam dünyasını bu təhdiddən, bu yürüşlərin hərbinəticə­lə­rin­dən əfşarlar xilas edib. Əfşarlar Yaxın Şərqdə Zəngilər dövləti qurmuşdu!…

Qürurunu qürurum bilərdim, Şöhlət müəllim! Bu qürur səni tanıyanların da qüruru idi, Azər­baycan adını taleyinin günyəsi bilənlərin hamısının da. Nadir şaha yazdığın şeiri maraqla din­lə­yirdik. O şeir o böyük tarixi şəxsiyyətə sorğuydu. “Arşını əyilmiş dünyada” misra-misra Nadir şa­­hı so­raq­layırdın. Vətən naminə. Nadir şahın mərdliyinə, sözünün də, qılıncının da kəsərinə təkcə sərkərdə kimi deyil, bir azərbaycanlı olaraq ehtiyacmı hiss edirdin? Bəlkə sənə elə gəlirdi ki, bu şeir, bu kimi şeirlər əli silah tutanların hamısını əsgərləşdirmək niyyətidi. Yəni Şöhlət Əfşar şair olaraq hamını Ali Baş Komandanın döyüş əmrinin icraçısı görmək istəyirdi. “Böyük tarixi şəx­siy­yətlərə sevgisi olanlar daha böyük sevgilərlə əsgərləşəcək!” – gümanıyla.

Şöhlət müəllim, sənin musiqimizə vaqifliyini hamı bilirdi. Hamı onu da bilirdi ki, şair Şöhlət Əfşar aşıq sənətinin vurğunlarındandı. Vurğunluq mətləbin zahiri tərəfidi, Şöhlət Əfşarın vurğun­lu­ğu ru­hi bağlılıq kimi təzahür edirdi. O, aşıq sənətinin böyük himayədarlarındanıydı, qayğıkeş­lə­rində­niy­di. Azərbaycan Aşıqlar Birliyinin sədri,professor, əməkdar elm xadimi Məhərrəm Qasımlı bu vurğunluğu səmimiyyətlə bəyənirdi. Sən sevirdin – sevdirirdin, sevə-sevə, sevdirə-sevdirə yaşadırdın. Vətənə ad olan tədbir­lər­lə yaşadırdın, bu tədbirlərin mahiyyəti yaşadırdı səni. Hər tədbiri qurtuluşa, işğalı sonlan­dır­ma­ya bir niyyət duası bilirdin, şair. Peyğəmbərimizin “Ya­radılanların hamısı qeyri-adilikdir” kəlamı düşüncələrinin səyyarəsi idi. Şeirə bəlkə də bu deyimin işığında könül vermişdin. Sən də inanırdın ki, şeir qəlbi gözəlləşdirir. “Bayram müəllim, şeir həm də qəlbi durulaşdırır…” deyirdin. Məhəm­məd Füzulinin bir kəlamını da xatırlayardıq: Şeir o nemətdir ki, heç bir xərc çəkmədən, cana da heç bir ziyan vurmadan bir feyz alırsan, yəni özünün də könlün xoş olur…

“Vətənin o başı-bu başı olmur” deyimini çox bəyənirdin. Sən Vətəni bütöv görmək istə­yir­din. Bu niyyətinin cazibəsində Təbrizli aşıqlar sənin şeirlərini böyük sevgilərlə, böyük şövqlə ifa edirdi. “Di­va­ni”, “Ruhani”, “Paşaköçdü”, “Misri” , … üstə səslənən şeirlərin səni Arazın o tayında da kön­lü­müz­cə tanıdırdı. “Şuşanın gözləri yollarda qalıb” şeirin də, “Ey Vətən” şeirin də Arazın bu tayında olduğu kimi, o tayında da kükrəyiş yaradırdı, könüllərin poetik manifestinə dönürdü. Bir dəfə “Sənin şeirlərində hərdən nazlanan, hərdən yazlanan payız aşıqların sevgisiylə məclis-məclis sazlanır” dedim. Maraqla üzümə baxdın. Qaşların çatıldı. Və yazdığın “Payız” şeirini xa­tır­layınca əlin çiynimə endi. Qafiyələrin gözəlliyinin bələdçiliyi ilə o şeiri misra-misra yenidən ya­şadıq. Həm də payızın gözəlliklərini sözlə duya-duya, sözdə yaşaya-yaşaya, sözlə yaşada-ya­şa­da…

Sən Allah adamıydın, şair. Düzlüyünlə, insafınla, insanlara sevginlə, xeyirxahlığınla, könül­lə­ri ziyarətinlə. İnsanlığı, insanları, bəşəriliyi sevə-sevə sevildin, sevilə-sevilə sevdin. Dünyagö­rü­şü­n də, yaşantıların da “Qurani-Kərim”in səyyarəsiydi. Müqəddəs kita­bı­mız ömrünün yolgöstə­rə­niydi.

Onu da deyirdin ki, “Qurani-Kərim”də şairlər surəsi var. Yəni yaradan şairliyi də müqəddəs­ləş­dirib. “Müqəddəsliyə xidmət də müqəddəs niyyətdi, eləmi, Şöhlət müəllim” deyərdim. Ra­zı­lıq­­la gülümsünərdin. O incə, o gözəl, o məzmunlu təbəssümünün intizarındayıq, Şöhlət müəl­lim…

Türk dünyasının tarixi şəxsiyyətlərindən danışardıq, sən sevdiyin, sevilən tarixi şəxsiyyət­lər­dən söz açardın. Əlibəy Hüseynzadənin bir fikrini xatırladardın, bu xatırlatma ortaq sevgimizin ruhi-mənəvi düsturuna dönərdi: Türklər ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar. Bu kəlam sənin də ruhunun Dan ulduzuydu; Milləti belə sevərlər! Bir də Tofiq Fikrətin “Millət şərqisi” şeirini pıçıldayardın:

 

Millət yoludur, haqq yoludur tutduğumuz yol!

Eyhaqq, yaşa! Eysevgilimillət, yaşa! Varol!

 

“Şuşanın gözləri yollarda qalıb” şeirini oxuyanlar da, dinləyənlər də şair Şöhlət Əfşarın, Şöh­lət Əfaşarın timsalında Azərbaycan poeziyasının poetik nisgilinin rəngini görürdü. Görürdü və ruhun əminliyini eşidirdi: Ali Baş Komandanın əmri ilə döyüşəcəyik! Torpaqlarımızı işğaldan azad edəcəyik! Şuşanın gözləri yollardan yığılacaq! Bu duyğusal şeiri, bu ruh şeirini hamı, hamı düşüncələrinə, düşüncələrindən yaddaşına köçürürdü. Bu şeir oxuyanları da, dinləyənləri də əs­gər­lərşdirirdi. Bu şeir əsasında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahir Əkbərin bəstələdiyi, Azərbaycan Respublikasının Xalq artisti Nəzakət Teymurovanın oxuduğu, Azərbaycan Respublikasının Xalq artisti Nu­rəd­din Mehdixan­lı­nın şeir kimi səsləndirdiyi “Şuşa şikəstəsi” əsəri xalqın ruhunun harayı kimi din­lənildi. Belə əsərlər söz əsasında yaranır. Şair Şöhlət Əfşar, sənin bu şeirin əsasında yaranan bu gö­zəl əsər hamımızın könlünü bir daha Şuşaya köklədi. İctimaiyyət bu əsəri könlünə sıxdı, Şuşanı köksünə sıxırmış kimi…

“Şuşa şikəstəsi”nin təqdimatında bəstəkar Tahir Əkbər demişdi ki, Şuşa incimizdi, onu da Göyçə kimi nağıllara çevirməyək! Onda sən bu fikri düşündürücü misralarla belə tamamlamışdın:

 

Sözümüzdən közümüzə gedəcəyik!

Bu qəhəri göy üzündən üzə-üzə gedəcəyik,

Çölümüzdən içimizə gedəcəyik!

 

Sonra qəhərlə, “Çölündən içinə getməyənlərə yazıq…” demişdin…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə Vətən müharibəsi başladı. Bu müharibə azərbaycançılığın müharibəsi idi. Bu müharibə çölündən içinə gedənlərin Zəfəri ilə tamamlandı. “Şuşa şikəstəsi”nin davamını gözləyirdik, şair. Şöhlət Əfşar bu əsəri də yazacaqdı. Vətənə sevgisinin işığında…

İstedadlı Vətən və millət şairi,tanınmış publisist, Qarabağ, Şuşa sev­dalısı, Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü, Türkiyədəki Dünya Avsarlar Birli­yi­nin Azərbaycan təmsilçisi, sadiq və sədaqətli dostumuz Şöhlət Əfsar, sən Adanada Dünya Avşarlar Birliyinin yaradilmasının altinci ildönümü münasibətilə keçirilən beynəl­xalq konfrans  başa çatdıqdan sonra, Vətənə qa­yıt­maq ərəfəsində-2022-ci il fevralın 6-da  səni sevənlərdən, sevdiyin xalqından ayrıldın. Bunu eşidincə bir anlığa göy üzünə baxdım, ruhumun sükutuna sığınıb  Sə­məd Vurğunun misralarını xatırladım:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər…

 

Ağcabədinin Avşar kəndində anadan olmuşdun. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bi­tir­mişdin. Müxtəlif dövrlərdə (1973-2006-cı illərdə)müxtəlif vəzifələrdə xidmətetmişdin. III dərəcəli Dövlət qulluq­çu­su idin.

2006-cı ilin mayından  2011-ci ilın noyabrına kimi “Vəfa” jurnalında əməkdaş və redaksiya heyətinin üzvü, “Zamanın nəbzi” ictimai-siyasi qəzetinin Baş redaktoru, 2011-ci ilin fevralından həmin qəzetin Təsisçisi və Baş redaktoru, 2014-cü ilin noyabrından  “Uvertüra” ictimai-siyasi və ədəbi qəzetinin Təsisçisi və Baş redaktoru kimi fəaliyyət göstərib.

Səkkizdən çox kitabı işıq üzü görüb. “Sükutdan asılmışam”,“Dodaqdan könüllərə”,“Muğamın sədası“, “Həyat sən öyrədən deyil,müəllim”, ”Bu dünyanın havasına oynama”, “ Poema –Trilogiya”, “Soruşunməni”,“Dərdnamə  “ və s. kitabları dərin oxucu rəğbəti qazanıb.Onlarla şeirinə mahnılar bəstələnmişdi…

Dünya səni tanıdımı, Şöhlət Əfşar?

Dünya bildimi ki, Şöhlət Əşrəf oğlu ömür payını Vətən üçün yaşadı, millət üçün yaşadı, dövlət, döv­lət­çilik üçün yaşadı…

Sənin son nəfəsinə  minlər təəssüfləndi. Sən azərbaycançılığın cəfakeşi olan gözəl azər­bay­canlı idin. Sən soyadının gəzərgi ensiklopediyasıydın. Sən türk dünyasının əsgəriydin. Sən şeirimizin Əfşarı idin. Sən gözəl dost idin. Sən xalq, millət,  dövlət, döv­lət­çilik fədaisiydin…

Filologiya elmləri doktoru, professor,Əməkdar elm xadimi,Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə yazıb: “Əgər şair öz zamanının dərdlərini görə bilmirsə, bu onun birinci məğlubiyyətidir. Əgər görüb deyə bilmirsə, cəsarət etmirsə, bu onun ikinci məğlubiy­yə­ti­dir. Şöhlət Əfşar yüksək müşahidə qabiliyyətinə, ondan da yüksək şair-vətəndaş cəsarətinə malik şairdir”. Səni hamımız belə tanıyırdıq, Şöhlət müəllim. Sən vətəndşlığın şairi kimi sevilirdin. Yaddaşlarda belə qalacaqsan. Elə tarixdə də…

Dünya səni istəyimizcə tanımadı, Şöhlət Əfşar, tanımadı…

Sən şeirlərinlə, şeirlərində yaşayacaqsan. Dünyanın paxıllığı özünə qalacaq…

 

Bayram MƏMMƏDOV,

Əməkdar müəllim

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir