MARAQLI

Dəyərli ömürə dəyərli kitab – Bayram Məmmədov yazır

Sharing is caring!

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Söz dərk ediləndə daha qüdrətli olur. Söz də, sözü deyən də. Zərdüştə görə xeyirli söz anlayışı var və bu anlayış xalqla bağlı olanda müqəddəsləşir. Zaman-zaman əqidələr də, amallar da belə bildirilib, dürüstlüyə çağırış sözlə ifadə edilib. Aqil kəlamları da sözlə bəşəriləşib. Ədəbiyyat ona görə mənəvi kamilləşmənin göyqurşağıdır ki, oxuyanın düşüncələrini durulaşdırır, dünyaduyumunu formalaşdırır. İstər tarixi, istər bədii ədəbiyyat, istərsə də xatirə ədə-biyyatı milli-xəlqi ruhun cəfakeşi olanda daha gərəklidir. Şahidim tarixdir…

İslah Paşayevin “Haqqa tapınan ömür” kitabı tale kitabıdır, talelər kitabıdır. Bu talenin işığını yüzlərlə insan taleyinə düşən işıq bilirəm; qaranlıqları əridən, nurlandıran işıq ona görə müqəddəsdir ki, həm də bu və ya gərəkli fikri ifadə etməyə vasitə olur. “Haqqa tapınan ömür” gerçəkliyin illəri haqqında, bu illərdə baş vermiş hadisələrin mahiyyəti haqqında, təkcə bu günlər üçün deyil, sabahlar üçün yaşanılan ömür haqqında kitabdır. Bir ömürdə ömürlər yaşatma qüdrəti ancaq duru ömürlərdə ola bilər və bu kitabda bu qüdrətin zərrəsi hiss ediləndir.

Ötən əsrin sonlarında Ermənistan Azərbaycandan ərazi qoparmaq iddiasıyla genişmiqyaslı siyasi riyakarlığa, Moskvanın dəstəyi ilə, bu və ya digər xarici dövlətin siyasi, maddi, hərbi dəstəyi ilə elan etmədən müharibəyə başladı. O illərdə Qarabağın dağlıq hissəsində kəndləri, rayonları yerli müdafiə batalyonları və polislər qoruyurdu. O vaxtlar Azərbaycan polisinin yerinə yetirdiyi vəzifə borcunu ümumiləşdirən dövlətçilik xidmətlərini tarix elmləri doktoru Kərim Şükürov “əsgəri xidmət” adlandırır və bu adlandırma tərəddüdsüz dövrün dövlətçiliyə sədaqət düsturu kimi dərk edilməlidir: “Qarabağ müharibəsinin ilk əsgərləri – Azərbaycan polisi”. “Haqqa tapınan ömür” kitabı Azərbaycan polisi haqqında tarixi-bədii (bədii ifadəsinin əsərin rəvan dilinə, təhkiyələrin bədii sözə söykənməsinə görə işlədilməsini kimsə suç hesab etməz, gümanındayam) əsərdir, dövlətə xidmət kimi yaşanılan illərin ruhu rəvanla-ra azərbaycançılıq hesabatıdır. Kitab mahiyyəti etibarilə “nə etmişəm”dən daha çox “nə edilmişdi”nin, “necə edilmişdi”nin xatirə salnaməsidir…

İslah Paşayevin “Haqqa tapınan ömür” kitabı məzmun baxımından çoxşaxəli kitabdır. Ümumini (ömür) şərtləndirən ayrıcalar (ailə şəcərəsi, doğma el-oba, əzizlər, iş fəaliyyəti) ayrılqda da, vəhdətdə də o qədər səmimiyyətlə, Azərbaycan dilinin incəliklərinə (və bu dilə qədərsizsevgiyə!) o qədər bələdliklə təqdim edilib ki! İslah müəllim bu və ya digər mətləbi aqilləriin kəlamları ilə süsləyib. “Qubadlı  – tükənməz sevgim, yurdum mənim”də təkcə Qubadlının təbiətinə, havasına-suyuna deyil, qubadlılara da qədərsiz sevgi var. Bu sevgini dağ sevgisi ad-landıranlar da olacaq və onların sırasında mən də varam; dağ sevgisi dağa sevgidi, dağ əyil-məzlik, qürur simvoludu və bu simvol işıq misallı simvoldu – sonu əbədilikdədi.

“Haqqa tapınan ömür” kitabı diqqətçəkən bir məqamı ilə səciyyəvidir: bu kitab xalqın tanıdığı (və sevdiyi!) insanların da ömrünün məlum olan naməlumluqları haqqında gerçəkliklər kitabıdır. Xalq ötən əsrin sonlarını heç zaman unutmayacaq. Xalq erməniliyi unutmayacaq, erməniliklə döyüşənləri unutmayacaq. Unudulmayacaq tariximizdən yazıılanlar tarixi gerçəkliyə sədaqətdir; İslah Paşayev daxili işlər orqanlarında uzun müddət sədaqətlə xidmət edib, yaddaşında qalanları (və xalqa, dövlətə, dövlətçiliyə gərəkli olanları!) böyük ehtiramla, xalqa, dövlətə, dövlətçiliyə sədaqətlə tarixləşdirib.

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev Qubadlının Qəzyan kəndində anadan olmuşdu. Rayonda ilk ərazi özünümüdafiə taborunun yaradılmasının təşəbbüsçülərindəniydi, yaradılmış taborun komandiri olmuşdu. “…Dağlıq Qarabağla həmsərhəd bölgələri müdafiə etməyə başlayırlar. Ə.Əliyevin yaratdığı kəşfiyyat dəstəsi Qafan, Gorus, Qarakilsə (Sisyan) rayonlarında böyük hərbi əməliyyatlar aparmış, Qafan – Gorus yolunda hərəkəti dayandırmış, nəticədə ermənilərin bir çox sərhəd kəndlərinin əhalisi köçürülmüşdü. Onun rəhbərlik etdiyi tabor yüzlərlə erməni yaraqlısını məhv edir, bir çoxunu girov götürərərk azərbaycanlı girovlarla dəyişdi-rilirdi…”.. Bu fikirlər bir qəhrəman haqqında gerçəkliyin ifadəsi kimi yaddaşdan yaddaşlara köçür. Bu köçmə (köçürülmə) tarixi gerçəkliyi yaşatma istəyidi; İslah Paşayevin özü polkovnik rütbəsində dövlətçiliyin, qələmi tarixi gerçəkliyin əsəgəri olub.

Xalqın (elin-obanın) yüz illərlə yaşatdığı adət-ənənələr (bunlar milli mentaliteti müəyyənləşdirir) dünənlərə böyük sədaqətlə yaşadılıb. Yaşadılanları xatırlama, xatırlatma da böyük sədaqətdir; “Haqqa tapınan ömür” sədaqətin kitabııdır – belə yazılıb, belə oxunur, belə yaşadılacaq…

“Nəslimiz, soykökümüz” bölməsində təsvir edilən hadisələr də, bu hadisələrə münasibət-lər də, hadisələr fonunda el adına qəbul edilən tərəddüdsüz qərarlar da, elin ad-sanı üçün ən acı ağrıları da unutmaq, unutdurmaq böyüklüyü, … haqqında söz açmaq da, aradan illər keçdikdən sonra unudulmayan hadisələrə görə el-oba ilə qürrələnmək də, o qürrəni sözə çevirmək də, bu sözü tarixləşdirmək də duru niyyətlilikdir, el-obaya oğulluq borcudur, oğulluq borcunun nə olduğunu aşılamaq istəyidir; “Haqqa tapınan ömür” bu baxımdan da dəyərli kitabdır.

İslah Paşayev polis polkovniki kimi Azərbaycanın idarəetmə baxımından ən çətin rayonlarından olan Ağdamda polis rəisi olub. Polis şöbəsinin rəisi təyin olunandan beş gün sonra rayonda keçirilən fəallar yığıncağını xatırlayan müəllif dövrün bəyənilməyən (bəyənilməməli!) bir xarakterini də yada salır. Bu yadasalma şəxsiyyət toxunulmazlığına (ağa qara deyilməməlidir!) insani münasibətə, vəzifə borcuna sədaqətə (polis asayişin, əmin-amanlığın cəfakeşidir!). Azərbaycançılığa hörmətə (gedənin dalınca danışmazlar), xarakter bütövlüyünə (qorxmazlıq) hörmətlə yanaşılmanın yaşam fəlsəfəsi olduğunu unutmama tövsiyəsidir. İslah Paşayev həmin yığıncaqda tribunadan bütün deyilənlərə görə deyənləri məsuliyyət hissini unutduğuna təəssüfünü bildirib, “…Məni qorxutmaq istəyirsinizsə, özünüzü yormayın, qorxsaydım heç bura gəlməzdim” deyib. Necə deyərlər, rayon yeni rəisin xarakterini də duyub, necə işləyəcəyini də..

Bu xatırlatma bioqrafik informasiyanın ümumiləşdirilməsi baxımından diqqəti çəkir. Bir kitabın timsalında ictimaiyyətin bilməli olduğu naməlumluqların ictimailəşdirilməsi azərbaycanlı məmur obrazına ehtiram yaratma (mövcud ehtiramı artırma) baxımından dəyərli söz bukletidir. Asayişi qoruyan, Qarabağda düşmənlə döyüşən, yüzlərlə ömürlərin üstündə yel əsdirməyə meyil göstərən ermənilərin niyyətinin qarşısını alan polislərin ünvanına deyilənlərin çox böyük əksəriyyətinin qara ürəklik olduğunu rayon miqyasında ən mötəbər kürsüdən təsdiqləmə də mərdlikdir. “Haqqa tapınan ömür” kitabı həm də bu canıyananlığın təsdiqi baxımından yaddaqalan kitab olacaq; polislər üçün xidmət örnəyi, polislərdən söz düşəndə fikir səsləndirənlərə insaf (bəlkə də vicdan) meyarı kimi…

“Haqq nazilsə də üzülmür”. “Haqqa tapınan ömür” kitabı bu atalar sözünün yaşarlığının söz abidəsidir və söz olaraq, kişi sözü olaraq, Babəkin yaşam fəlsəfəsini xatırladaraq deyir ki, ömrü yöndəmsiz əsən,  yöndəmsiz əsdirilən yellərdən qoruyun. Ləyaqət bircə dəfə titrədisə, qürur bircə dəfə mərtəbəsindən tərpədildisə, ömrə verilən haqq xeyir-duası ovsanata keçmir; “Haqqa tapınan ömür kitabı” azərbaycançılığı əsl Azərbaycanlı kimi yaşatma örnəyi kimi oxunur.  

“Haqqa tapınan ömür” kitabı ataya, anaya ehtiramın ömürə işıq, bu işığa şükranlıq olduğunu xatırladan təhkiyədir. “Ata-ana sevgisiylə süslənməyən illər təəssüflə yada düşəcək, ağrı-acısı ömür üzəcək, ruh sarsıdacaq” tezisinin işığı sezilir və bu işıqda Cəfər Cabbarlının “Ana” şeirini xatırlayırsan:

 Ana, mən sənə rahibəm itaətdə…
 
Belə düşündürücü, belə duyğusal şeiri xatırladan “Haqqa tapınan ömür” kitabı ömür haqqında nəsrlə yazılmış nəğmə kimi oxunur. Bu nəğmə oxucuya beşik nəğməsini xatırlatma qüdrətindədi…

“Həyatda ana və atamdan başqa heç kimə borcum yoxdur. Onların borcunu isə qaytarmaq mümkün deyil. Valideynin qədir-qiymətini bilməyən övladdan nə yaxşı dost, nə yaxşı qohum, nə yaxşı ailə başçısı olar. Belələrinin insan çağırılmağa da heç haqqı yoxdur” – İslah müəllim belə düşünür, belə yazır…

“Mənim xanım-xatın anam. Səni ovcumuzun içində, çiynimizdə gəzdirməyə hər vaxt hazır olmuşuq. Sözün, söhbətin bizim üçün qanun olub…” (“Cənnətim –  anam mənim”), – İslah müəllimin bu etirafı bütün övladların yerinə yetirməli olduğu mənəvi borcun mahiyyətidi, “Haqqa tapınan ömür” bu mahiyyətin kitabıdı.

Şah Abbasla bağlı ibrətamiz bir hadisəni sözə qüvvət bilən İslah müəllim yazır: “Mənim qardaşlarım cəmiyyətdə, yaradıcılıq fəaliyyətində fəal həyat mövqeyi yaşayırlar. Onlar özləri üçün yox, xalq üçün, cəmiyyət üçün, dostlar, qohumlar üçün yaşayırlar,vətənə faydalı vətəndaş olmağa çalışırlar” (“Qolum,qanadım, arxamdır qardaşlarım”). Bu kəlmələrin müqəddəsliyə söykəndiyini qardaşa sevginin qürurunu bu səviyyədə yaşayanlar bilər. Onların sırasında olan oxucu könül xoşluğu yaşayır, şübhəsiz…

Eyni qürur  “Övladlarım – mənim həyatımdır” bölməsində də yaşanılır…

“Haqqa tapınan ömür” kitabı ömür kitabıdır, ömrün kitabıdır. Həm də dəyərli bir ömrün kitabı…
 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir