MARAQLI

“Öpüşməyə birdəfəlik son qoyulmalıdır” – azərbaycanlı professor

“SARS CoV2-in hazırda genom fərqliliyi göstərən dörd xüsusi aktiv ştammı olduğu bildirilir. Bunlar Britaniya (B.1.1.7), Cənubi Afrika (B.1.351), Braziliya (P.1) və Hindistan (B.1.617.2). ştammlarıdır. Onlar ÜST-nin tövsiyəsilə “Narahatlıq Törədən Variantlar” (VOC: Variants of Concern) adlandırılan xüsusi qrupda birləşdirilir. Bu ştammları ilk tapıldığı ölkələr üzrə ardıcıllıqla etiketləşdirmək məqsədilə, ÜST mayın 31-də onların Yunan hərfləri ardıcıllığı üzrə adlandırılmasını məsləhət bildi. Nəticədə Böyük Britaniya ştammı -“Alfa”, CAR-da tapılan “Beta”, Braziliyada tapılan “Qamma”, Hindistan ştammı isə “Delta” ştammı adlandırıldı. Maraqlıdır ki, həmin tarixdən ÜST “Delta” ştammını xüsusi olaraq ayıraraq, onu “qlobal narahatlıq törədən” ştamm adlandırdı”. 

XəbərAl.az “sərq”ə istinadən xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Həkim qeyd edib ki, bir neçə gün əvvəl Hindistanın Maxaraştra ştatının 4 rayonunda 20 nəfərin “Delta” ştammından genom fərqliliyi göstərən koronavirus serotipinə yoluxduğu bildirildi və bunu “Delta-plyus” (AY.1) ştammı adlandırdılar. İddia olunur ki, bu ştamm daha yoluxucu və daha öldürücüdür:

“Antitellərin effektivliyini həm xəstəliyi keçirmişlərdə, həm də peyvənd olunmuşlarda kəskin şəkildə azaldır. Hazırda mövcud olan peyvəndlərə qarşı daha dözümlüdür. Corc Mayson Universiteti (ABŞ) əməkdaşlarının fikrincə, yeni virus ağciyərlərdə daha sürətlə və daha ciddi patoloji dəyişikliklər törədir. Hətta iddia olunur ki, Böyük Britaniyada bu ştamm ilə xəstələnən vaksinasiya olunmuş insanlar belə ölür. Belə bir statistika verilir: 7 nəfər ilk peyvənd dozasını alandan sonrakı 21 gündə, 12 nəfər isə ikinci dozadan sonrakı 14 gün ərzində dünyasını dəyişib. Rusiyada bir az da irəli gedib deyirlər ki, bu ştammlarla xəstələnmiş şəxsin, hətta küçədə səki ilə gedərkən, yanından keçəndə belə insan yoluxur. Bu halda əsas klinik simptomlar “Covid-19”-da müşahidə olunan klassik əlamətlərlə (boğaz ağrısı, əzələlərdə ağrı və s.) yanaşı, mədə-bağırsaq funksiyasının ağır dərəcədə pozulması, diareya, eşitmə pozğunluğu, xususən aşağı ətraflarda qanqrenaya səbəb ola bilən mikrotromboz halıdır. Şotlandiyada Edenburq Universiteti əməkdaşlarının fikrincə, bu ştammla yoluxma halında qospitalizasiya riski 1,85 dəfə artır və onun “Alfa” ştammla müqayisədə patoloji fəallığı 60 faiz yüksəkdir. Bildirmək istəyirəm ki, bütün bunlar, digər məqsədlərə xidmət edən, tamamilə yanlış yanaşma, yanlış düşüncə və yanlış təhlildir”. 

M.Qəniyev əlavə edib ki, çünki “Delta” və “Delta-plyus” ştammları ilə yoluxanlar arasında göstərilən klinik əlamətlər üzrə əsaslı statistik təsdiq olunan fərqlilik yoxdur:

“Bu ştammların ilkin tapıldığı və vətəni hesab olunan Maxaraştra ştatı Hindistanın mərkəzi hissəsidir. Bu ərazi üzrə əhalinin sıxlığı çox yüksək (hər km-ə 1000 nəfərə yaxın), iqlim tropik musson, yayı isə çox isti olduğundan, istənilən infeksiya zamanı müşahidə olunan ilkin klinik əlamətlərdən biri, kompensator reaksiya kimi diareyadır. Digər tərəfdən, “Delta” və “Delta-plyus” ştammları fərqli yox, eyni mutantlardır. Onların yeganə fərqi K417N-də baş verən nöqtə mutasiyasıdır. Deməli, bu ştammın patoloji fəallığının yüksək olması reallıq yox, yalnız “xəyali istək və arzu” ola bilər. Çünki bu halda mövcud peyvəndlər modifikasiya olunmalı, onların yeni versiyaları hazırlanmalı və satışa çıxarılmalıdır. Yəni səbəb aydındır. Başa düşmək üçün sadəcə bir az düşünmək lazımdır”. 

Professor qeyd edib ki, kiminsə tövsiyəsilə, məlum maraqlara xidmət edən, iqtisadiyyatımızı çökdürəcək heç bir məhdudiyyət və qapanmalara gedilməməlidir:

“Əksinə, ölkə iqtisadiyyatının inkişafına təkan verən və əhalinin yaşamasına xidmət edən, bütün istehsal və qeyri-istehsal, habelə xidmət sahələrinin fəaliyyəti qeyri-şərtsiz olaraq bərpa olunmalı və məhdudiyyətlər aradan götürülməlidir.  Bununla yanaşı, şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalı, zərurət yarandıqda, fərdi qoruyucu vasitələrdən istifadə olunmalı, xüsusən “abnormal” ünsiyyət vasitəsi olan flematologiyaya (öpüşməyə) birdəfəlik son qoyulmalıdır. Əks halda, “Covid-19” olmasa da, digər viral infeksiyaların qurbanı olacağıq. Diqqət edin, məhz bu səbəbdəndir ki, Birləşmiş Krallıqda “Covid-19”-a (“Delta” ştammı) yoluxma 12-20 yaş qrupları arasında artıq ən yüksək pik həddə çatıb. Digər tədqiqata görə, “Delta” ilə yoluxma riski xüsusən, flematologiyanın daha çox müşahidə edildiyi gənc, imkanlı uşaqlar arasında yüksəkdir. Rusiyada analoji hal, yəni virusun əsasən gənclər arasında yayıldığı rəsmən elan olunub. Bu, “Covid-19”-un gəncləşməsi deyildir, yalnız söylədiyim ünsiyyət forması ilə əlaqədardır. Son olaraq bildirirəm ki, “Covid-19”-un mövcud mutant ştamlarına, o cümlədən “Delta” və “Delta-plyus” ştamlarına görə, hər hansı bir narahatlığa, gərginliyə, stressə və depresiyaya düşməyə, bədbinləşməyə və özünə qapanmağa heç bir əsas yoxdur. “Covid-19”-un özündən güclü “qatil” mutant ştammı yoxdur və ola bilməz. Ən uzun RNT genomuna malik (30 min) virus olduğundan hər ay onun sələfindən genom fərqliliyi göstərən 2 mutant ştammı əmələ gəlməlidir və əmələ gəlir. Yuxarıda qeyd etdiyim kimi, hazırda mutant ştamların yunan hərflərilə adlandırılması qəbul olunduğuna görə, növbəti genom fərqliliyi göstərən mutantların adlandırılmasında da bu hərf ardıcıllığı saxlanılacaq. Hazırda üzərində müşahidə aparılan daha 5 mutant ştamm vardır ki, onları da müvafiq olaraq- Epislon, Zeta, Eta, Teta deyə adlandıracaqlar. Bunları ona görə deyirəm ki, gələcəkdə bu mutantların adını eşidəndə qorxmayasız. İkincisi və ən əsası isə kimlərin nə yazması və nə deməsindən asılı olmayaraq, yunan əlifbasında cəmi 24 hərf olduğundan və hər ayda genom fərqliliyi göstərən 2 mutant əmələ gəldiyinə görə, “Covid-19”-un artıq fəsli infeksiya statusu aldığına bir daha şübhəniz olmasın.  Bilin ki, mutant ştamlar törətdiyi klinik əlamətlərdən bir və ya bir neçəsinə görə, “Covid-19”-dan fərqlənə bilər. Lakin letallıq və arzuolunmaz proqnozuna görə heç bir halda “Covid-19”-dan güclü və qorxulu ola bilməz. Belə bir mutantın yaranma ehtimalı yalnız 8-10 ildən sonra ola bilər. Elmin hazırkı coşqun inkişafını nəzərə alsaq, bu hal da praktik olaraq mümkün deyil. Yəni bu dərdli dünyada dərdlərinizin üstündən heç olmasa, “Covid-19″ dərdinin az bir hissəsi də olsa, götürülsün”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir