MARAQLI

Ulu Öndərə sadiq insan! ….Telefonçu qız

QULİYEVA SİZİ EŞİDİR!

Birinci dəfə işə gələndə indi xatırlamadığım hansısa rayon qovşağına zəng etmək istəyirdim. Deyəsən, bu, Yardımlı rayonu idi. Hansısa kənddə telefonların işləməməsi ilə bağlı şikayət var idi. O vaxt bir çox ucqar rayonlarda rabitə sahəsində problemlər çox idi. Düzü, araşdırılması üçün şikayət məktubu mənə veriləndə rayona zəng etmək üçün ilk dəfə o rayonun kodunu axtarmağa başladım. Mənim təlaş içində nə isə axtardığımı görən baş redaktor həmin rayonla danışmaq üçün daxili nömrə ilə 2-83-ü yığıb sifariş verməyin kifayət olduğunu bildirdi. Elə deyilən kimi etdim.

Dəstəyi götürən telefonçu ilə təqribən aşağıdakı dialoqumuz oldu.

– Hökumət xidməti Quliyeva sizi eşidir, lütfən buyurun!

– Salam, Quliyeva! “Rabitə dünyası” qəzetindən Rəvan Soltanovdur. Mənə Yardımlı TKQ-nin rəisi lazımdır.

– Oldu, hansı nömrədəsiniz, indi zəng edərəm.

Heç dəstəyi yerə qoymamış, şəhər telefonumuza zəng gəldi: “Rəvan Soltanovu olar? Onun sifarişi var”. Dedim, Soltanov eşidir.

– Buyurun, Yardımlı TKQ ilə danışın.

Sonradan bu hökumət xidmətinin telefonçularının xidmətindən, demək olar ki, hər gün istifadə etdim. Daha sonralar bildim ki, bu xanımlar nəinki Azərbaycan daxilində, hətta dünyanın istənilən nöqtəsi ilə bizi birləşdirə bilir. Ən zəhmətkeş peşələrdən sayılan telefonçu xanımların işinə marağım daha da artdığından bu peşənin həyat hekayəsi maraqlı gəldi. Beləliklə, yazının qəhrəmanı ilk iş günümdə danışdığım telefonçu Zahirə Quliyevadır.

Düzü, uzun illər Zahirə xanımla telefonda danışsam da, onun bu peşədə yəqin beş-altı, uzaqbaşı on ildir ki, çalışdığını fikirləşirdim.

Xanımın məlahətli səsini də fikirlərimə əlavə edib bu illəri beynimdə yəqinləşdirdim. Bu fikirləri öz aləmimdə sıralandıra-sıralandıra onun çalışdığı “Aztelekom”İB-nin inzibati binasına daxil olub birnəfəsə hökumət xidməti telefonçularının iş otağına qalxdım.

Tanımadığımdan onu başqaları ilə səhv salmaq ehtimalım da böyük idi. Elə bir xanıma yaxınlaşıb Quliyevanın kim olduğunu soruşanda daxili nömrə ilə zəng edəndə “Buyurun, Quliyeva sizi eşidir” sözlərini təkrar eşitdim. Beynimin dərinliklərinə möhkəm həkk olan bu sözlər bir daha təkrarlandı və qarşımdakı xanımın həqiqətən də Quliyeva olduğunu yəqinləşdirəndə gülümsədi.

Ayaqüstü qısa söhbətə xanım Quliyeva artıq 44 ildir bu peşənin sahibi olduğunu deməklə başladı. Bu illəri qısa telefon danışığı qədər yuvarlaqlaşdırsam, ancaq dörd-beş qəzet səhifəsinə yaza biləcəyimi düşündüm. Hələ sonradan müsahibimin o vaxt Sovetlər Birliyi vaxtında hər peşə sahibinə qismət olmayan “Qızıl əllər” mükafatçısı olduğunu eşidəndə sadə bir telefonçu peşəsinin nə qədər maraqlı oduğuna əmin oldum.

Zahirə Quliyeva danışır ki, işlədiyi müddətdə o qədər mükafatlar – SSRİ və Azərbaycan Rabitə nazirliklərinin fəxri fərmanları, Moskvadan göndərilən bayraqlar, orden və medallarla təltif olunub ki, indi onları yığıb saxlamaq üçün evində böyük bir guşə yaradıb. O, hazırda hökumət xidmətində baş telefonçudur.

“Telefonçu qız” filmi həyatının yaşıl işığı olub

 

“Telefonçu qız” filmi gələcək həyatının yaşıl işığı olub. Filmdə telefonçu qızların böyük həvəslə öz peşəsinə bağlanması və maraqlı iş fəaliyyəti onu bu peşəyə bağlayıb.

Telefonçu qız olmaq günlərlə onun beynindən çıxmırmış. Hətta evdəkilər olmayanda filmdəki kadrları canlandıraraq “3-cü sizi eşidir, buyurun danışın” kimi sözlər deməklə özünü ruhən bu peşənin sahibi kimi aparırmış.

Günlərin bir günü bacısı ona zəng edib telefon stansiyasında telefonçu qıza ehtiyac olduğunu deyəndə sevincindən göz yaşlarını saxlaya bilməyib. Artıq onun illərdi xəyalında canlandırdığı obraz gerçəkliyə çevrildi. 1971-ci ildə martın 22-də 21 yaşlı cavan qız şəhərlərarası danışıq məntəqəsində işləmək üçün Mərdəkandan Bakıya gəlir.

Azərbaycan SSR Rabitə Nazirliyinin kadrlar şöbəsinin rəis müavini Həsən Məmmədov bir az sorğu-sualdan sonra suyuşirin, ortaboy, qaraşın uzunsaç qızı işə götürür.

Zahirə Quliyeva danışır: “Həmin an sevincimin həddi-hüdudu yox idi. Hətta dəhlizdə necə qaçıb pilləkənlərlə aşağı düşdümsə, hamı mənə baxırdı. Necə də sevinməyim, mən arzuma çatmışdım. Ancaq bu sevincim o qədər də çəkmədi. Aşağı mərtəbədə telefonçu qızların iş otağına daxil olanda gördüyüm mənzərədən yerimdə donub qaldım. Telefonçu qızlar iş başında idi.

Onlar danışır və əllərinin hərəkətini görmək olmurdu. Onların əllərinin trayektoriyası boyunca xəyali bir ip çəksəydik, böyük hörümçək toru əmələ gələrdi. Qapıdan qayıdıb evə dönmək istəyirdim. Fikirləşdim ki, abonentlə danışmağı, sifariş qəbul etməyi, ən əsası isə şunurları cəld hərəkətlərlə taxmağı necə edəcəm. Qorxdum ki, öyrənə bilməyəcəm. Bir anlıq ayaq üstə bu mənzərələri seyr etdim və ürəyimdə “görəsən, bu işi bacaracağam?”- deyə fikirləşdiyim bir vaxtda qeyri-ixtiyari olaraq qulağıma gələn “sən bacaracaqsan” sözləri fikrimdən ayırdı məni”.

Onun yaşadığı bu mənzərə lap “Telefonçu qız” filmindəki obrazın prototipi olur. Və rəfiqələri indi də “Telefonçu qız” filmi göstəriləndə zəng edib onun haqqında çəkilən filmin nümayiş etdirildiyini bildirirlər. Bu film sanki onun həyatının bütün mərhələlərini özündə əks etdirir.

Kompüter dövrünün başlanğıcı

Çalışdığı ilk 6 ayın yekununda artıq yüksək dərəcəli mütəxəssis olur. Bir ildən sonra isə “Qızıl əllər” müsabiqəsinə qatılaraq bir saat ərzində 18 sifariş əvəzinə 40-50 sifariş qəbul edərək qalib olur və 1-ci dərəcəli telefonçu kimi işini davam etdirir.1986-cı ildən hökumət xidmətində adi telefonçu, 2001-ci ildən isə baş telefonçu kimi çalışır. 2001-ci ildən isə çoxşunurlu kommutatorları kompüterlər əvəzləyir. Ancaq Zahirə xanım çoxşunurlu kommutatorlar üçün çox darıxıb.

“Çoxşunurlu kommutatorlar yaxşı idi. Kompüterlər tətbiq olunanda ilk dəfə işə gəldiyim günlər yadıma düşdü; dedim, öyrənə bilməyəcəm. Hətta işdən çıxmaq istədim. Ancaq qoymadılar ki, sənin böyük təcrübən var. Bir neçə gündən sonra kompüterlə adi işimizi həyata keçirməyə başladıq. Daha sadə, daha keyfiyyətlə”. Zahirə Quliyevanın işi təqdirəlayiq kimi dəyərləndirilərək dəfələrlə Azərbaycanın rayonları və xarici ölkələrin -Yunanıstanın, Rusiyanın, Bolqarıstanın, Türkiyənin öndə gedən istirahət mərkəzlərinə göndərilib.

Sənətinin olduqca maraqlı olduğunu deyən telefonçu xanım həmişə hamıdan təşəkkür aldığını deyir. Bəzən kobud abunəçilərlə də rastlaşdığını bildirir. Baş telefonçu hələ indiyə kimi işində heç bir nöqsana yol vermədiyini deyir.

“Bir nəzarətçimiz vardı. Həmişə səhvimizi tuturdu. Bir dəfə məni çağırdı ki, Quliyeva, bu nə deməkdir, bütün abonentlər səni istəyir. Abonentlər deyirdi ki, sən bizi qarşı tərəflə elə bil tez birləşdirirsən”.

“Mənə Quliyeva lazımdır”

“Telefonçu qız” filmində Mehribanın başına gələnlər onun da başına gəlib. Onun səsinin sehrinə düşüb günlərlə telefonda qalanlar olub. Hətta zəng edib, başqasına düşüb filmdəki kimi “mənə Quliyeva lazımdır” deyib israr edənlər də olub. Zahirə Quliyeva danışır ki, bir gün yol polisi iş yerinə gələrək ona gül dəstəsi hədiyyə edib. Belə maraqlı hadisələr çox olub.

Heydər Əliyevin telefonçusu

Zahirə xanımın ən çox yaddaşına həkk olunan dəqiqələr sovetlər dönəmində də Azərbaycana rəhbərlik etmiş ümummilli liderimiz Heydər Əliyevə xidmət göstərməsidir. “O dövrlər mənim ömrümə qızıl hərflərlə yazılıb.70-ci illərdə Mərkəzi Komitənin 1-ci katibi Heydər Əliyev rayonlarda keçirilən iclaslara getməzdən iki gün öncə mən həmin rayona gedib telefon stansiyasında hazırlıq işləri görürdüm. Çünki Heydər Əliyev Moskva ilə danışmaq istəyəndə mən birləşdirirdim.

Danışığa başlayandan bir saniyə sonra isə dəstəyi asırdım. Heydər Əliyev Moskvada işləyəndə də onu Naxçıvanla bağlayırdım. Heç vaxt yadımdan çıxmaz, 90-cı illərin əvvəllərində xalq artisti Nəsibə xanım Zeynalova ilə Məşhəddən qayıdanda eşitdik ki, Heydər Əliyev də Naxçıvandadır. Gedib onunla görüşdük. Bizi çaya qonaq etdi. Söhbətdən aydın oldu ki, o da Məşhəddən gəlib. Bizə dedi ki, bilsəydim siz də gedirsiniz, təyyarə ilə sizi də aparardım. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev cənabları yenidən Azərbaycana rəhbərliyə gələrək ölkəni böyük bədbəxtlikdən xilas etdi. Yenidən mən ulu öndərin telefon xidmətçisi oldum…”

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir