Maqazin

Ərəb musiqiçinin Bakıya yolu birdəfəlik bağlandı

Sharing is caring!

Bakı Caz Festivalı və Azərbaycanın Əməkdar artisti İsfar Sarabski bir də heç vaxt tanınmış ərəb musiqiçi və bəstəkarı Dafer Yusiflə əməkdaşlıq etməyəcəklər. Buna səbəb isə ərəb musiqiçinin erməni separatçılarının xeyrinə keçirilən təxribatçı onlayn konsertdə iştirakıdır.

Caz Festivalının direktoru Leyla Əfəndiyevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, son hadisələrdən sonra Azərbaycana arxa çevirən bütün əcnəbi musiqiçilərin siyahısı onda var:

“Bu adamlar gəlib burada yeyib-içirdilər, gəzib kef edirdilər, ən yaxşı otellərdə qalırdılar, üçqat qonorar alırdılar, sonra isə bütün bu yaxşılıqları unudub, Qarabağ münaqişəsi barədə anlayışları belə olmadan əks mövqe tutdular”.
Bu cür qərəzli münasibətə misal kimi L.Əfəndiyeva caz ifaçısı Dafer Yusifin adını çəkib və deyib ki, o daha heç vaxt Bakıya gələ bilməyəcək.

“Caz Festivalında iştirak adı ilə Azərbaycana gəlmək üçün bu cür musiqiçilərin yolu birdəfəlik bağlandı. Siyasətlə mədəniyyətin bir-biri ilə bağlı olmadığı barədə bütün söhbətlər isə artıq mənasızdır. Müharibə bizə hər şeyi açıq-aşkar göstərdi, kimin kim olduğunu bildik və nəticə çıxardıq”, – Əfəndiyeva deyib.

Musiqiçilərin Azərbaycana qarşı bu cür münasibətində, onun sözlərinə görə, iki amil rol oynayır: biri maddi maraq, digəri isə erməni dostlarından birinin təsiridir. Nəticədə, münaqişənin mahiyyətindən bixəbər olan və bunu heç araşdırmayan musiqiçilər 30 il başqasının torpaqlarını işğalda saxlayanın xeyrinə çıxış edirlər.

“Əminəm ki, çox şey itirmədik. Bakıda yenidən cazın səslənəcəyi gün uzaqda deyil. Və tək paytaxtda deyil, başqa bölgələrdə də keçiriləcək festivallarda iştirak etmək üçün əvvəlkitək xeyli müraciət, xahiş olacaq”, – Əfəndiyeva əlavə edib.

Əməkdar artist İsfar Sarabski D.Yusiflə yaxından tanış imiş, onlar musiqi layihəsi üzərində birgə işləyiblər. Hətta 2016-cı ildə onunla dünya turnesinə də çıxıb. Sarabski Sputnik Azərbaycan-a müsahibəsində qeyd edib ki, Yusifin erməni separatçılarını dəstəkləyən konsertdə iştirak edəcəyini öyrənən kimi onunla əlaqə yaradıb və Dağlıq Qarabağ barədə həqiqətləri ona çatdırıb.

“Mən şəxsən onun çıxışına qədər Daferə hazırkı vəziyyət barədə, öz mövqeyimiz barədə bütün məlumatı dedim. O tədbirdə çıxış etmək onun öz seçimi idi. Bundan belə məni o artistlə heç nə bağlamır”, – Sarabski deyib.
Dafer Yusif ud çalır. O, İva Bittova, Mino Çinelu, Tom Kora, Paolo Fresu və digər artistlərlə çalışıb. 1990-cı ildən Avropada, əsasən Vyana və Parisdə yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir