Cəmiyyət Manşetüstü

258 kq-lıq qadını əməliyyat etməyə hazırlaşan cərrah DƏHŞƏTLİ FAKTLARI açdı: “Yaxın 10 il ərzində…”

Sharing is caring!

Endoskopist cərrah, tibb üzrə fəlsəfə doktoru Fərid Rəfiyev Publika.az-a mədəkiçiltmə əməliyyatı haqqında bir çox faktları açıqlayıb.

O bildirib ki, mədəkiçiltmə əməliyyatı köklükdən əziyyət çəkən xəstələrin arıqlamasına kömək edən və sağlam həyata qaytaran ən effektiv üsuldur. Amma itirilmiş çəki bəzi hallarda geri qayıda bilər.

– Fərid həkim, Azərbaycanda bu gün ən geniş yayılmış mədəkiçiltmə əməliyyatı hansıdır?

– Bu gün dünyada bir neçə cür bariatrik cərrahiyyə əməliyyatları var. 40 ildən çoxdur ki, mədə şuntlama əməliyyatları istifadə olunur, onların da bir neçə növü var. Amma Azərbaycanda ən çox yayılmış və tanınmış mədə kiçiltmə əməliyyatı mədənin boylama rezeksiyasıdır.

Həzm sistemində hər hansı bir dəyişiklik baş vermir

– Bu əməliyyat nə dərəcədə effektiv və təhlükəsizdir?

– Əgər pasient düzgün seçilərsə, ən təhlükəsizi demək olar. Çünki əməliyyatla mədənin yalnız ölçüsü kiçildilir, həzm sistemində hər hansı bir dəyişiklik baş vermir. Qida əvvəlki qaydada ilk olaraq mədəyə, sonra isə onikibarmaq bağırsağa keçir. Sadəcə mədənin həcmi kiçildilir, daha dəqiq desək, beşdə biri qədəri saxlanılır. Hər hansı bir yeni yollar açılmadığı və calaqlar olmadığı üçün ən təhlükəsizi, fiziolojisi və ən effektivi məhz budur.

– Mədəkiçiltmə əməliyyatına hər xəstə girə bilərmi? Çəki və yaş faktorunun rolu nə qədərdir?

– Təbii ki, seçim düzgün təyin olunmalıdır. Hər xəstəyə edilə bilməz. Ümumiyyətlə, istənilən əməliyyatın istənilən xəstəyə “olarmı” və “olmazmı” sualı həmişə gündəmdədir.

Bariatrik cərrahiyyə estetik əməliyyat deyil. Məsələn, əgər kiminsə burnundan və ya qulağından xoşu gəlmirsə, onu estetik müdaxilə ilə aradan qaldıra bilər. Amma bariatrik cərrahiyyədə fərqlidir, bu, tamamilə sağlamlığa yönəlib. Odur ki, mədə kiçiltmə əməliyyatında müəyyən kriteriyalar var. Bədənin kütlə indeksini təyin etmək üçün boy ölçüsünün çəkiyə nisbəti hesablanır və nəticələrə əsasən aşırı piylənmə dərəcələrinin cavabları əldə edilir. Piylənmənin dərəcələri dörddür. Üçüncü dərəcə artıq aşırı piylənmiş pasient sayılır, 35 bədən kütlə indeksi göstəricisindən etibarən əməliyyata göstəriş sayıla bilir. Yaş kateqoriyası normal olaraq 18-65 yaş arasındadır.

– Bu əməliyyat hormon pozğunluğu nəticəsində kökələn insanlara tətbiq edilir?

– Böyrəküstü vəzinin normasından artıq ifraz edəcəyi kartizol hormonu nəticəsində pasientlərdə qeyri-adi piylənmə əmələ gəlməyə başlayır. Onların piylənməsi qida qəbulu ilə deyil, hormonal pozğunluqla bağlı olan piylənmədir. Belə pasientlərə qətiyyən əməliyyat etdirmək olmaz. Odur ki, pasient mütləq surətdə müayinədən keçərkən, acqarına olan stress testini yoxlayırıq. Əgər kortizolda ciddi dəyişiklik varsa, o, endokrinoloqun nəzarəti altına keçir və əməliyyata yaramaz.

Mədə böyüməyə və genişlənməyə meylli olan əzələvi orqandır

– Bəzən elə təəssürat yaranır ki, mədəkiçiltmə əməliyyatı olan insanlar nə qədər yesə də kökəlmir.

– Yadda saxlamaq lazımdır ki, mədə böyüməyə və genişlənməyə meylli olan əzələvi orqandır. Çox yeyən insanın mədəsi tədricən böyük tutuma malik olmağa başlayacaq. Əməliyyatdan sonra 20 faiz saxladığımız mədənin ilin sonunda 40, 45 faizə qədər böyümək şansı var. Odur ki, pasientlərin 20 faizə qədərinin təkrar çəki yığma ehtimalı istisna deyil.

Pasientlərə bir-biri izah olunur ki, etdiyimiz bu əməliyyat həyatınızı dəyişmək və sağlamlığınıza qayıtmaq üçün sizə bir şans verir. Lakin bu, o demək deyil ki, mədəkiçiltmə ideal əməliyyatdır və təkrar çəki yığmaq riski yoxdur.

– Deməli, əməliyyatın sonrası əməliyyatın özündən daha vacibdir. Mədəsini kiçildən insan ömrü boyu qidalanmasında əsas nəyə diqqət etməlidir? Hansı yeməklərin dadından özünü məhrum etməlidir?

– Tamamilə doğrudur, ilk növbədə yüksək kalorili qidalardan, daha sonra alkoqol və siqaretdən uzaq durmalıdır. Bu üç amil səhhətin birnömrəli düşmənidir. Onlardan nə qədər uzaq dursalar, bir o qədər az çəki yığma şansı qazanacaqlar.

– Xəstənin iradəli olması vacbdirmi? Azərbaycanlı xanımlar nə qədər iradəlidir? İradəsiz olduğunu gördüyünüz üçün əməliyyat etməkdən imtina etdiyiniz xəstələr olub?

– İradəli xəstələr bizə gəlməz, çünki iradəsi varsa, deməli, arıqlamaq şansı var. Hər halda özlərində artıq bu qüvvəni tapıb əməliyyata qərar verirlərsə, bu, artıq iradənin göstəricisidir və onlara kömək etmək lazımdır. Belə bir radikal qərara gəlmələri səhhətlərində yaşadıqları ciddi problemlərdən irəli gəlir. Pasientlər bizə təngənəfəslik, boğulma, yuxu apnesi kimi problemləri ilə müraciət edir. Həmçinin xəstələrin cəmiyyətdə çox böyük psixoloji basqılara məruz qaldığını, ciddi psixoloji sarsıntılar yaşadığını və depression faktorları ilə qarşı-qarşıya qaldığını qeyd etmək lazımdır. Onlar cəmiyyətdən tədric olunmuş vəziyyətdə gəlirlər.

– Yəni piylənmə həm fiziki, həm sosial, həm də psixoloji xəstəlikdir. Siz sadəcə fiziki tərəfləri ilə məşğul olsanız da, eyni zamanda psixoloji tərəfləri də həll edilmiş olur?

– Azərbaycan Amerika cəmiyyətindən fərqlənir. Bu tipli əməliyyatlara psixoloji durum hazır deyil. Bu düşüncənin dəyişməsi üçün xeyli vaxt lazımdır. Hiss olunacaq dərəcədə müəyyən dəyişikliklər sezilsə də, Avropa səviyyəsinə çatmağımıza hələ çox var. Pasientlərin əksəriyyəti hələ də qınaq obyektinə çevrilir. Boşanmış və ya boşanmaq üzrə olan xəstələr müraciət edir. Həyat yoldaşları onlardan üz çevirir, ailədə təzyiqlə üzləşirlər.

Düşünülür ki, insan öz iradəsi ilə arıqlaya bilər. Amma belə deyil, obezite (köklük) artıq neçə illədir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlik kimi qəbul olunub. Əgər sırf iradə ilə bağlı məsələ olsaydı, xəstəlik kimi qəbul olunmazdı və əməliyyat edilməzdi.

Köklükdən əziyyət çəkən xəstələrin əksəriyyətində həm qan-damar, həm şəkərli diabet, həm də oynaqların sıradan çıxması kimi və s. problemlər toplusu metabolik sindrom adlanır. Pasientlərin metabolik sindrom xəstəliklər toplusundan xilas olması üçün yeganə çıxış yolu bariatrik cərrahiyyədir.

Dolayısı ilə pasientlər bizə həm psixoloji sarsıntı, həm də ciddi xəstəlik vəziyyətində müraciət edir. İnsanlar mədəkiçiltmə əməliyyatını sadəcə arıqlamaq üçün etmir, bununla onlar ikinci şans əldə edir. Onlarla ciddi şəkildə əlaqədə olduğum üçün problemləri birgə yaşayırıq. Aybaay simalarından, gülüşlərindən tutmuş, həyatdakı mövqe və statuslarına qədər hansı dəyişiklər baş verdiyini izləyirəm. Əməliyyatdan sonra pasientlərin sosial vəziyyəti yaxşılaşır, həyatda layiq olduğu yerə yüksəlir, ailə-məişət problemləri həll olunur. Əldə etdiyimiz nəticələr həm sosial, həm də psixoloji, həm də sağlıq duruma müsbət təsir göstərir.

– Əməliyyatdan təxminən nə qədər müddət xəstə arzuladığı çəkiyə düşür? Dəri sallanması baş verirmi?

– Əgər söhbət bədən kütlə indeksi 60-ın üzərində, artıq həyatın bir addımlığında olan 200 kq-dan yuxarı super obez pasientlərindən gedirsə, onları əməliyyat etməyə tələsmirik. Onların həm anestezioloq, həm gepatoloq, həm psixoloq, həm dietoloq, həm də mənim tərəfimdən ciddi həkim nəzarətinə ehtiyacı var. Belə xəstələr bir neçə ay ərzində dietoloqun nəzarəti altında aparılan tədbirlər nəticəsində arıqlamalıdır.

Orqanizm bu səviyyəyə çatıbsa, onun qidaya olan tələbkarlığını birdən-birə azaltmaq olmaz, bədən buna dözməz də. Normal insanın gündəlik tələbatı 1000 kaloridirsə, kök insanların kalori ehtiyacı 10000 və daha yuxarı ola bilir. Odur ki, belə xəstələr dietoloqun xüsusi nəzarəti altında saxlanılır. Yalnız çəkinin müəyyən səviyyəyə çatdırılması hesabına mədəkiçiltmə əməliyyatına qərar verilir. Belə əməliyyatlar iki mərhələli ola bilər. Çünki 200 kq-dan dərhal 70 kq-a düşmək real deyil. Saxladığımız mədənin il ərzində iki dəfəyə qədər böyümək şansı var. Nəticə etibarı ilə belə xəstələr birinci ilində 70-80 kq itirir. Məmnun qalarsa, əməliyyat bununla tamamlanar. Qalmazlarsa, ikinci əməliyyatı etdirmək mümkündür və belə bir təcrübəmiz olub.

– Belə olan halda dəri sallanması qaçılmazdır.

– Təbii ki, baş verir. Dəri sallanması ilkin çəkidən, cinsdən və yaşdan asılıdır. Əgər 90 çəkidə olan 20 yaşlı xanım müraciət edibsə, təbii ki, arıqlamağı və dərinin yığılmaq şansı 90 faizdir. Dərinin yığılma şansı yüksək olan xəstələrdə praktiki olaraq hər hansı ikinci müdaxiləyə ehtiyac qalmır.

Əgər pasientin yaşı 35-dən yuxarıdırsa və onun ilkin çəkisi 150 kq-dırsa, təbii ki, dərisinin yığılma şansı xeyli azalır və bir ilin tamamında dəri sallanması ola bilər.

– Bəs əməliyyatdan sonra istənilən xəstə həmişəlik stabil çəkidə qalır? Qoyulan şərtlərə əməl edir?

– Tövsiyələri hər kəsə dəfələrlə çatdırırıq. Təəssüflər olsun ki, arzuladığı çəkiyə düşdükdən sonra həkim sözünə qulaq asmayan, şirniyyata əl atıb təkrar çəki yığmaq istəyənlər də var. Hər kəsin öz seçimi və həyat tərzi var. Bizim işimiz insanlara düzgün yol göstərib məsləhət verməkdir, biz hakim deyilik. Odur ki, kimisə mühakimə edə bilmərik.

1 milyardı acından ölür, 2 milyardı isə artıq çəkidən əziyyət çəkir

– Azərbaycanda piylənmənin başlıca səbəbləri kimi nələri qeyd edə bilərsiniz?

– Piylənmə səbəbi dünyada hər yerdə eynidir. Dünyada 7 milyard yarım əhali yaşayırsa, onun 1 milyardı acından ölür, 2 milyardı isə artıq çəkidən əziyyət çəkir. Çox acınacaqlı rəqəmlərdir. Sosial həyatın dəyişməsi, komputer texnologiyaların yüksək şəkildə inkişaf etməsi, hərəkətsiz həyat tərzi, yüksək enerjili qidaların ucuz olması, fastfudlarla normal qidalar arasında yerlə-göy qədər fərq olması, qida rasionlarının pozulması, iş saatlarının ciddi şəkildə çərçivələrə alınması, kompüter arxasında hazır qidaların yeyilməsi və s. misalları çəkmək olar. İnsanlar bilməlidir ki, qidada olan endorfin hormonları heç yerdə yoxdur. Həzz deyilən endorfinlər yalnız qidadır. Eyni zamanda köklüyün psixoloji tərəfləri var. Depressiv əhval-ruhiyyə, həmçinin sosial şəbəkələrdə gördüyümüzlə yaşadığımız həyat tərzinin eyni olmaması bu depressiyanı daha da dərinləşdirir. Odur ki, daha çox yeməyə başlayır və endorfin hormonlarının ifrazını artırırıq. Nəticə etibarı ilə ayılanda çox gec olur.

Əgər 50 il əvvəl köklük imkanlı şəxslərin problemi sayılırdısa, bu gün bu, tam fərqli vəziyyətə gəlib. Artıq imkanlı insanlar öz səhhətlərinə daha böyük diqqət yetirir, sosial durumu orta və aşağı təbəqəli olan insanlar isə daha qeyri-sağlam və passiv həyat tərzi sürür. Nəticə etibarı ilə bu tarazlıq çox dəyişib.

Aroneksiya fiziki yox, mərkəzi sinir sistemi ilə bağlı olan psixi xəstəlikdir

– Mədə kiçiltmə əməliyyatı hansı hallarda aroneksiya ilə nəticələnə bilər?

– Aroneksiya ilə nəticələnən mədəkiçiltmə əməliyyatına heç vaxt rast gəlməmişəm. Bizim tərcrübəmizdə rast gəlinməyib. Aroneksik pasientə rast gəlmək üçün mədəkiçiltmə əməliyyatı deyil, mədə şuntlama olması lazımdır. Çünki yuxarıda dediyim kimi, mədəkiçiltmə əməliyyatından sonra mədə-bağırsaq sistemində hər hansı vitaminlərin sovrulması dəyişmir və pozulmur. Aroneksiyanın mədə şuntlama əməliyyatından sonra özünə baxımsız, vaxtlı vaxtında həkimə getməyən pasientlərdə olma şansı daha yüksəkdir, nəinki mədəkiçiltmə əməliyyatlarından sonra.

Ümumiyyətlə, aroneksiya fiziki yox, mərkəzi sinir sistemi ilə bağlı olan psixi xəstəlikdir. Aroneksiyanın qarşısını almaq üçün psixoloqlar uzun müddətli araşdırmalar aparırır. Beyinlə bağlı sistemdir, belə pasientlər psixoterapiyaya ehtiyacı duyur.

Mədəkiçiltmə əməliyyatı bu problemlərdən qurtulma şansıdır

– Mədə kiçiltmə əməliyyatının səhhətə ümumi faydaları və zərərləri haqqında nə deyə bilərsiniz?

– Obezite problemi ilə müraciət edən pasientlər metabolik simdromu olan xəstəliklər toplusu ilə gəlir. Mədəkiçiltmə əməliyyatı bu problemlərdən qurtulma şansıdır. Bu, onlara sağlam həyat verən bir şansdır. Onlar sağlam həyata qayıdaraq, həm şəkərli diabetdən, həm yüksək təzyiqdən, həm oynaq problemlərindən, həm sirrozdan, həm də bel-onurğa problemlərindən xilas olur. Düzgün seçilmiş insanlarda faydası çox yüksəkdir.

Zərərli tərəfi odur ki, sağlam insan üzərində həyata keçirmək olmaz.

– Mədə kiçiltmə əməliyyatının bu gün çox dəbdə olması müsbət haldır, ya təhlükəlidir?

– Əlbəttə ki, müsbət haldır. Bu sual 20 il əvvəl plastik əməliyyatlar dəbə minəndə də aktiv idi. Burun əməliyyatı keçirən insanların anesteziyadan qalxmayacağı ilə bağlı şüarlar səslənməkdə idi. Bu gün eyni iddiaları bariatrik cərrahiyyədə eşidirik.Sözsüz ki, əməliyyat doğru tibb mərkəzlərində və peşəkar həkimlər tərəfindən həyata keçirilməlidir. Hər bir əməliyyatın risk faktoru var. Bu riski minimuma endirmək üçün əməliyyatı mərkəzləşdirilmiş qaydada həyata keçirmək lazımdır.

– İmtina etdiyimiz qidaların dadını beyinin 2 il sonra tamamilə unutduğu deyilir. Bu fakt doğrudurmu?

– Doğruluq var. Bunu öz xəstələrimdən də eşidirəm. Şirniyyata qadağa olduğu üçün bəzi pasientlər bildirir ki, bir müddət sonra artıq bu qidalara qarşı ikrah hissi baş qaldırır. Hələ ki, elmi təsdiqlənmiş sübutu olmasa da, praktikada rast gəldiyimiz haldır.

– Əməliyyatın immunitetin vəziyyətinə təsiri haqqında nə deyə bilərsiniz?

– İmmunitetin insanda iki növü var: anadangəlmə və sonradan qazanılma. Anadangəlmə immunitet uşağa valideynlərdən keçir. Digər hallarda isə immunitet insanın keçirdiyi yoluxucu xəstəliklərdən sonra yaranır. Bu, qazanılmış immunitetdir. Odur ki, hər hansı bir əməliyyatın immunitetin düşməsinə, qalxmasına heç bir təsiri yoxdur. Niyə? Çünki immunitetin düşməsi ilə bağlı olaraq xərçəngin yaranma şansı, hər hansı bir xəstəliyin baş qaldırması haqqında deyilənlər həqiqətə uyğun deyil.

– 258 kq çəkili xanımı əməliyyat etməyə hazırlaşırsınız. Genişmiqyaslı və çətin işdir. Bu barədə məlumat verərdiniz.

– Pasientimiz artıq keto pəhrizə keçib. Dietoloqun nəzarəti altında ciddi tədbirlər aparılır. Əməliyyatın planlanması hələ ki, gündəmdədir, onu əməliyyat etməyə tələsmirik. Bir neçə ay sonra əməliyyat etməyi düşünürük. Bu, pasientin qoyduğumuz tələbləri yerinə yetirməsindən asılıdır. Əgər göstərilən rəqəmlərə düşərsə, biz onu hətta bu ay ərzində əməliyyat edə bilərik.

На изображении может находиться: Фарид Рафиев, стоит

Yaxın 10 ildə onların acınacaqlı nəticələri bizi gözləyir

– Oxucuları sağlam həyata necə dəvət etmək olar?

– Müəyyən bəlli səbəblərdən dolayı hamımız nədənsə imtina etməyə məcburuq. Bu imtinalar arasında ilk növbədə şirniyyatdan başlamaq lazımdır. Rafinə edilmiş şəkərin istifadəsindən əldə olunan nəticələr heç də ürəkaçan deyil. Hər il konqreslərdə endokrinoloji çıxışlarda dəfələrlə bu barədə danışılır və yaxın 10 ildə onların acınacaqlı nəticələri bizi gözləyir.

Əgər artıq obezsinizsə, sosial basqı altındasınızsa, heç nədən imtina edə bilməmək səviyyəsindəsinizsə, peşəkar həkimə müraicət edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir