Cəmiyyət Manşetüstü

Həsən Bəy Zərdabinin Qohumu, Təqaüdçü Alim Də “Unibank”In “Dollar Kredit” Əməllərinin Qurbanlarından Biri Oldu – FOTO

Sharing is caring!

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrasına başlandığı gündən əhalinin bəzi banklardan narazılığı artmaqda davam edir.

Biz bu istiqamətdə apardığımız araşdırmalar zamanı müəyyən etmişik ki, vətəndaşlara dövlət tərəfindən müəyyən edilən kompensasiyaların ödənişində daha çox problemlərin yaşandığı banklardan biri “Unibank”dır. Bizə olunan şikayətlər daha çox bu məzmundadır. Vətəndaşlar qeyd edirlər ki, saytda adlarına müəyyən məbləğ kompensasiya müəyyən edilsə də, onların adına olan borc qrafasında 0 rəqəmi yazılsa da, “Unibank” onlardan faiz tutumunu davam etdirir. Araşdırmamız zamanı çox maraqlı məlumatlara rast gəlmişik. Məsələn, bank bir müddət əvvəl bəzi müştərilərini çağırıb dollar kreditini manata keçirməyi təklif edərkən, bununla razılaşan müştərilərin adına, sən demə, yeni kredit müqaviləsi rəsmiləşdirib. Yəni artıq dövlətin etdiyi güzəşt yeni müqaviləyə şamil olunmadığı üçün, müştəri məcburdur ki, dövlətdən aldığı kompensasiyanı başqa müqavilənin faizinə ödəsin.

Belə mənzərə ilə qarşılaşanlardan biri də İncəsənət Universitetinin dosenti işləmiş, Həsən bəy Zərdabinin soyundan olan Rəbiyyə Zərdabidir. Hazırda xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi alan Rəbiyə xanım heç yerdə işləmir, yalnız əlillik müavinəti ilə dolanır. Şikayətçi “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin müavinəti də “Unibank”ın faizlərinə ödəməyə məcbur olub: “Mən uzun illər ali məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Sonra xəstəliyimlə əlaqədar işdən ayrılmağa məcbur oldum. Onkoloji xəstə olduğum üçün “Unibank”a məktubla müraciət etdim ki, mənə bir qədər güzəşt etsinlər. Mən onlardan 1500 dollar kredit götürmüşdüm. Bunlar məni verdilər məhkəməyə. Heç iştirakım olmadığı məhkəmədə bank mənim əlillik pulumun kartdan onlara köçürülməsi ilə bağlı qərar çıxardırdı. Vəziyyətim həddən artıq ağırlaşdı. Çünki yeganə qazanc mənbəyim həmin kartı idi. 8 ay müddətində hər ay 100 manat mənim əlillik müavinətimdən çıxdılar. Mən ondan əvvəl də banka ödənişlər etmişdim. Demək olar ki, borcum qalmırdı. Sonra bank kreditlərinin bağışlanılması ilə bağlı Prezidentin humanist qərarı çıxdı.  Baxdım ki, bank məndən yenə ödəniş tələb edir. Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etdim. Bunun da xeyri olmadı. Sonra “Unibank” məni yənə çağırdı. Mənə bildirdilər ki, yeni kredit açılır 5 il müddətinə. Açıq dedim ki, bundan narazıyam. Bizə güzəşt əvəzinə, yeni kredit açıblar. Bunlar mənim xəstəliyimin üstünə xəstəlik gətiriblər. Onların zəngləri, hədələri mənim vəziyyətimi daha da ağırlaşdırdı. İndi də əl çəkmirlər. Yenə məni 5 il müddətinə özlərinin girovuna çevirmək istəyirlər. Hesab edirəm ki, mənimlə bağlı Prezident fərmanı düzgün yerinə yetirilmir. Onlar mənim ödədiyim və ölkə başçısının bağışladığı pulları məndən yenə istəyirlər”.

Rəbiyyə  Zərdabi deyir ki, 1500 dollara görə onun həyatı qara gəlib: “Sizdən xahiş edirəm ki,  mənim şikayətimi ictimailəşdirəsiniz. İndi də bu ilin avqustundan gələn ilin avqustuna kimi ayda 3 manat ödəməyimi tələb edirlər. Guya bizim dirçəlməyimizə yardımçı olurlar. Sonrakı illərdə isə hər ay 78 manatı 5 il müddətinə ödəməyi tələb edirlər. Mən çox xahiş edirəm ki, məsələm dəqiq araşdırılsın”.

Biz edilən şikayətlə bağlı sözügedən bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sülhiyyə Şirinova ilə əlaqə saxladıq. Bank rəsmisi bizə bildirdi ki, belə hallarla bağlı dərhal nəsə cavab vermək olmur: “İstənilən şikayət xüsusi araşdırma tələb edir. Bu səbəbdən də xahiş edirəm ki, həmin şikayəti sizə təqdim etdiyim elektron poçt ünvanına göndərəsiniz. Bankın əlaqədar şöbəsi bununla bağlı araşdırma aparacaq, ondan sonra sizə məlumat veriləcək”.

Biz də, öz növbəmizdə, Rəbiyə xanımın şikayətini təqdim olunan elektron poçt ünvanına göndərdik. Bankın təqdim edəcəyi cavabı məmnuniyyətlə dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir