Manşetüstü

“Elin gözü tərəzidir” – Yubiley yazısı

Sharing is caring!

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

İnsanda sadəliyi hamı həmişə yüksək mənəvi-etik xarakter bilib. Bu, həyat, yaşam fəlsəfəsidir. Harda işləyirsən işlə, hansı vəzifədə işləyirsən işlə, xarakterin sadəlikdən barınmalıdır. Həm də sadəlik sadəlövhlük olmamaq şərti ilə barınmalıdır; kitablardan belə oxumuşuq. Müəllimlərimizdən, ata-anamızdan belə eşitmişik.

Yavər Məcidovu tanıyanlar sadə insan kimi tanıyıb. Belə tanınıb, belə sevilib Yavər…

Yavər Məcidov 1951-ci il iyulun  17-də Zəngilan rayonunun Ağbis kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibatı ərazisinə daxil idi) anadan olub. Atası Məhəmmədəli kişi ixtisasca mühasib, anası Roza xanım alitəhsilli biologiya müəllimi idi. Uşaqlığından kitablarla ünsiyyət böyüdükcə Yavərin marağına, sonra vərdişinə çevrildi. Bu gözəl vərdiş onun dünya duymunu dönməzliklə ali təhsilə yönəltdi. Bakıdakı 1 saylı fizika-riyaziyyat və kimya-biologiya təmayüllü orta məktəbi yaxşı və əla qiymətlərlə bitirdi, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin tələbəsi oldu Yavər Məhəmmmədəli oğlu. Mühasibatası Məhəmmədəli kişi əlini Yavərin çiyninə qoydu, “Sağ ol, oğlum” dedi, anası Roza xanım oğlunu bağrına basdı. Qardaşı Fazil tibb institutunun tələbəsi idi.

Ailə öz xoşbəxt günlərini yaşayırdı. Ata, ana işləyirdi, uşaqlar təhsil alırdı. Yeddi uşağın təhsili, tərbiyəsi, arzuladıqları xarakterlə formalaşması onlara bütün qayğıları unutdururdu. Bu, onların səadəti idi. Ancaq zamanın gərdişi belə davam etməyəcəkmiş: Məhəmmədəli kişi dünyadan çox vaxtsız köçdü. Ailənin bütün qayğıları Roza müəllimənin üzərinə düşsə də, Məhəmmədəli kişinin qardaşı Famil qardaşı övladlarının sağlam böyüməsi, təhsillərini davam etdirməsi, layiqli vətəndaş olması üçün imkanlarını əsirgəmədi.

Ali təhsil aldıqdan sonra Zəngilan rayonunun Alıbəyli kənd orta məktəbində müəllim oldu Yamər Məhəmmədəli oğlu. 1975-1977-ci illərdə Bakı şəhərində Elektron Hesablama Maşınları zavodunda usta, sahə rəisi, 1977-ci ildən 1992-ci ilədək Zəngilan rayonunda mühəndis, Kommunal müəssisələri kombinatının rəisi, Zəngilan şəhər Xalq Deputatları Sovetinin sədri, rayon İcra Hakimiyyəti başçısının hərbi işlər üzrə müşaviri vəzifələrində böyük vətəndaşlıq məsuliyyəti ilə işlədi. Bu, xidmət idi. Dövlət, dövlətçilik, xalq qarşısında gözəl xidmət…

Ölkəmiz müstəqilliyini qazandıqdan sonra onun əsas atributlarından biri olan ordusunun yaradılması ehtiyatda olan baş leytenant Yavər Məcidovun da ürəyincə oldu. Ona görə də sevincinin həddi-hüdudu yox idi. Artıq müstəqil ölkənin müstəqil quruculuq işlərində daha fəal iştirak edir, bütün tapşırıqları yerinə yetirməkdən xüsusi zövq alırdı. Xüsusilə Zəngilan rayon İcra Hakimiyyəti başçısının hərbi işlər üzrə müşaviri vəzifəsində qısa fəaliyyəti rayonda ordu quruculuğunun sürətləndirilməsinə, bu sahədə ortaya çıxan maneələrin aradan qaldırılmasına, ordu ilə arxa cəbhə arasında möhkəm əlaqələrin qurulmasında, hərbçilərin maddi-texniki və məişət şəraitinin yaxşılaşdırılması üçün lazım olan bütün təşkilati və hazırlıq işlərin görülməsinə dəstək oldu. Günlərlə, həftələrlə əsgər-zabit heyəti ilə birlikdə səngər həyatı yaşadı, çətin anlarda onların sırasında oldu. Döyüşçülərin “İcra hakimiyyəti rəsmisinin nəfəsi səngərimizi isidirsə, biz mütləq qalib gələcəyik”, – deyirdilər.

Səngər həyatı, səngərlərdə döyüşçülərlə Vətəndən, döyüşlərdən danışa-danışa dan yerinəcən uzanan söhbətlər onun düşüncələrində incə bir titrəyiş yaradıbmış. Bu titrəyişin nə titrəyiş olduğunu heç kimə demirdi. Qətiyyətin təntənəsini hiss edincə qərarına ilk olaraq özü xeyir-dua verdi. Ehtiyatda olan baş leytenant Yavər Məcidov rayonda yaradılan hərbi hissədə hərbi xidmətə başladı, hərbi hissənin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsində.

Yeni yaradılan, yaradıla-yaradıla döyüşən ordunun formalaşması həm də zabitlərin hərbi xidmətə xüsusi sevgisiylə bağlı idi. Nizamnamələr, təlimatlar öz yerində, şəxsi nümunə, milli mentalitetə əsaslanan söhbətlər, nümunələr, analogiyalar da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində əhəmiyyətli olardı. Yavər bunları bilirdi və müxtəlif formatlı tədbirlərdə, söhbətlərdə hər birini əsgərlərin düşüncələrinə məharətlə hopdururdu. 

Zabitlər də, əsgərlər də Yavər müəllimin Müəllim xarakterinin işığını görürdü, bu işıq Zəngilanın sərhədlərinin hüdudalarının qütbünə dönürdü…

İcra strukturları ilə yaxın əlaqələrindən istifadə edərək hərbçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün gərəkli işlər də gördü, qısa müddətdə hərbi hissənin məişət problemlərinin həllinə nail oldu, əsgər və zabitlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin edildi. Onun hərbi hissənin komplektləşdirilməsi üçün çağırış yaşlı gənclərin elə rayonda hərbi xidmətə başlaması üçün yuxarı komandanlıq qarşısında qaldırdığı təklif müsbət qarşılandı. Zəngilanlı gənclər rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə səfərbər edilərək birbaşa hərbi hissəyə göndərildi. Məhz Yavər Məcidovun təşəbbüsü ilə gənc əsgərlərin ilkin hazırlıq keçməsi üçün xüsusi baza yaradıldı, gənc əsgərlərlə döyüş təcrübəsi olan zabitlərin məşğul olması da hərbi hissənin döyüş hazırlığının səviyyəsinin yüksəldilməsini təmin etdi.

Hər bir əsgəri tanısa da, onların hər biri ilə ayrılıqda görüşür, mənəvi-psixoloji durumunu öyrənir, təkliflərini öyrənir, təhlil apardıqdan sonra komandirə müraciət edir, onların həllinə nail olurdu. Atalar sözüdü: “Elin gözü tərəzidir”. Yavərin xidmətini hərbi hissədə də dəyərləndirirdilər, İcra Hakimiyyətində də. Yəni Yavəri rəhbərlik də, şəxsi heyət də sevirdi.

Polkovnik Firudin Şabanov alay komandiri təyin edildi. Bu təyinatın Zəngilanın müdafiəsində gərəkli təyinat olduğuna hamı inanırdı. Peşəkar hərbçi idi. Kəşfiyyatçı idi, keçmiş SSRİ-nin müxtəlif hərbi hissələrində, eləcə də Əfqanıstanda xidmətləri haqqında hərbçilərin kifayət qədər geniş məlumatı vardı və bu məlumatlar camaatın da inamını kükrədirdi.

Zəngilan alayı son ana kimi döyüşdü, əhalinin təhlükəsizliyini təmin edə-edə döyüşdü, camaatı qırğından xilas etmək üçün döyüşdü…

Zəngilan alayı Goranboy poliqonunda təlim-məşq keçdikdən sonra yenidən döyüşə hazır vəziyyətə gətirildikdə qəflətən sapı özümüzdən olan baltaların dəstəyi və köməyi ilə alayın buraxılması təşkil edildi. Bu, iki ildən artıq zəngin döyüş təcrübəsi olan alayın tam hazır qüvvələrinin parçalanması ilə başa çatdı. Alayın şəxsi heyəti bir neçə saat ərzində Bakıdan göndərilən xüsusi komissiyanın ciddi nəzarəti altında ayrı-ayrı hərbi hissələrə bölüşdürüldü və dərhal hərbi hissələrə paylanıldı.

Mən Zəngilan alayı komandirinin arxa cəbhə üzrə müavini – arxa cəbhə rəisi vəzifəsindən sərəncama göndərildim və bir neçə aydan sonra hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini təyin edildim. Xidmətimi 1996-cı ilin mart ayından Silahlı Qüvvələrin Arxa Cəbhəsinin kadrlar bölməsində davam etdirərkən mayor Yavər Məcidovun Müdafiə Nazirliyi Siyasi və Sosial İşlər İdarəsində Sosial Hüquq Müdafiəsi şöbəsinin baş təlimatçısı-şöbə rəisinin müavini təyin edilməsi qəlbimə incə bir təsəlli oldu. Sən demə, həqiqətən də “Gec edərmiş, güc edərmiş”.

Sonralar mən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının həyata keçirilməsi bölməsinin rəisi, Yavər Müdafiə Nazirliyinin Siyasi və Sosial işlər idarəsində hərbi qulluqçuların Sosial-Hüquq Müdafiəsi və Hərbi İntizamın Təhlili şöbəsinin rəisi vəzifəsində hərbi xidmətimizi davam etdirirdik. Vaxtaşırı görüşürdük. Zəngilanlı günlərimizi xatırlayırdıq, arada komandirin – polkovnik Firidun Şabanovun kəlamları da yada düşürdü.

Ehtiyata buraxıldıqdan sonra hər ikimiz də uzun müddət Müdafiə Nazirliyi sistemində çalışdıq. Mən Silahlı Qüvvələrin Hərbi Akademiyasında xarici dillər kafedrası rəsinin müavini – baş müəllim, Yavər müəllim isə Müdafiə Nazirliyinin Təhsil, Tədris və Elmi Tədqiqatlar idarəsində müxtəlif vəzifələrdə işlədik. İş yerlərimiz eyni məkanda olduğuna görə yenə tez-tez görüşürdük.

Bir çox hallarda Yavər müəllim müxtəlif komissiyaların tərkibində Hərbi Akademiyada yoxlamalarda iştirak edirdi. Bu müddət ərzində mədəni davranışı, sadəliyi, məsuliyyəti və peşəkarlığı ilə hamının diqqətini çəkirdi. Hərbçilərin də, mülki işçilərin də rəğbət bəslədiyi insanlardan idi Yavər Məcidov. O, hansı idarənisə, şöbənisə yoxlamağa göndəriləndə yoxladığı sahə üzrə aşkarlanan çatışmazlıqların aradan qaldırılması istiqamətində dəyərli məsləhətlər verərdi. Və aradan qaldırılması mümkün olan çatışmazlıqların hamısı yerində aradan qaldırılardı, necə deyərlər, bunlar akta salınmazdı. Belə yoxlama kadrın işə məsuliyyətini daha da artırırdı. Heç bir halda Yavər müəllimin ikinci dəfə yoxlamaya göndəriləndə əvvəlki çatışmazlıqlar müşahidə edilməzdi; dəyərli məsləhətlər dəyərli tövsiyələrlə tamamlanardı…

 Bunları gördükcə, duyduqca fərəhim köksümə sığmırdı. Döyüş dostum,  həmyerlim Yavər müəllimlə fəxr edir, qürur duyurdum: Yavər müəllim ailə ənənələrinin davamçısı idi!

Zəngilan işğaldan azad edilən gün zəng etmişdim. Mən bircə kəlmə “Yavər müəllim…” dedim, Yavər müəllim bircə kəlmə “Bayram müəllim…” dedi. Bir müddət danışa bilmədik. Sükut danışırdı ikimizin yerinə. Xeyli vaxtdan sonra dilim tutar-tutmaz, “Gözümüz aydın!” dedim. İkimiz də kövrəlmişdik. O gecə minlərin kövrəldiyinə zərrəcə şübhəm yoxdu…

Görüşəndə sevincini də aydınlığıyla gördüm, qəhərini də. Zəngilanın işğaldan azad edildiyini görməyənlər görəydi bu qəhəri. Zəngilanın son döyüşünü də xatırladıq, alayımızdan şəhid olanları da. Polkovnik Firidun Şabanov Zəngilanın düşməndən təmizləndiyini görə bilmədi. Bu, hər ikimizi xeyli kövrəltdi. Yəni Yavər müəllim sədaqətli insan, sədaqətli dost, sədaqətli hərbçidi…

Yavər Məhəmmədəli oğlu insanda sadəliyi həmişə yüksək mənəvi-etik xarakter bilib. Bunu həyat, yaşam fəlsəfəsi kimi yaşadıb. Xarakteri kitablardan oxuduqları ilə, ata-ana söhbətləriylə, müəllimlərinin dedikləriylə formalaşmışdı. Sonra iş, sonra hərbi xidmət. Bütün məqamlarda yaxşı vətəndaş olub Yavər Məcidov.

Mən Yavər Məhəmmədəli oğlunu belə tanımışam.

Yavər Məhəmmədəli oğlunu hamı belə tanıyıb…

Bu ömür duru ömürdü…

Yavər müəllim həmişə yaxın təmasda olduğum hərbçi dostumdu, eloğlumdu, azərbaycanlımdı, dünyəvi düşüncəli müəllimdi…

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir