Manşetüstü Mədəniyyət

O, Nəsiminin Şəmsi olmalıydı… – “Sən, niyə susursan?” filmindəki CƏMİLƏ

Sharing is caring!

…Gözləri…gözləri  yenə qaynayır, par-par parıldayır.  Yaşı 60-ı çoxdan ötsə də, enerjisi hələ  tükənməyib.  Kinodan, çəkildiyi filmlərdən danışdıqca  gözləri bir az da işım-işım işıldayır. Elə bil yenə Laçının dağlarında ayaqyalın qaçan 15 yaşlı Gülbənizdi,  ya da susanda belə baxışlarıyla danışmağı, qışqırmağı, üsyan eləməyi bacaran həmin Cəmilədi. Rəna Səlimova! Çoxdandı onun adı kino aləmindən uzaq düşüb. Bir vaxtlarsa…


– Rəna xanım, söhbətə hardan başlayaq,  ötən günlərinizdən, yoxsa bu gününüzdən?

– Fərqi yoxdu.

– Onda gəlin, ilk filminizdən başlayaq-“Cazibə qüvvəsi”ndən.

– Həə, o filmə çəkilməyim çox qəribə olub.  Uşaqlıqdan xoreqrafiya məktəbinə gedirdim. Leyla Şıxlinskaya ilə bir yerdə oxuyurdum.  Bir gün “Arşın mal alan” filminə  qızlar axtarırdılar, bizim məktəbə gəlib çıxmışdılar. Məni, bir də, Leyla Şıxlinskayanı seçdilər. Biz anamızla bir yerdə kinostudiyaya getdik.  Oturub gözləyirdik ki, indi bizi rejissor yanına çağıracaq. Otaqların birindən Rasim Ocaqov çıxdı. O vaxt mən onu tanımırdım. Məni görən kimi qışqırdı ki, Həsən, bura gəl, əsl Gülbənizi tapdım! Kinonun əsas rejissoru Həsən Seyidbəyliydi.  Sən demə, “Cazibə qüvvəsi” filminə də qız lazımmış. Məni sınaq çəkilişləri olmadan baş  rola çəkdilər.

– Niyə sizi seçdilər, sizin cazibə qüvvəniz nəydi?

– Onlar bu rola çəkilmək üçün  idmançı qız axtarırdılar. Bu film idmana həsr olunan ilk Azərbaycan filmiydi. Gülbəniz roluna çəkilmək üçün 500 qızı sınaqdan keçirmişdilər.  Birini evdən qoymurdular, biri fotogenik  deyildi. Mən idmançı olmasam da, dağ keçisi kimi qaçırdım. Ailəm sənət aləminə yaxınıydı. Qardaşım maestro Niyazinin orkestrində çalırdı, bizim evə tanınmış sənət adamları gəlib-gedirdi. Özüm  rəqs məktəbində oxuyurdum, Qəmər Almaszadə kimi sənətkardan dərs almışdım. Həm də  çılğın xarakterim vardı, qaynayırdım, gözlərim parıldayırdı.  Onda mənim 15 yaşım vardı.

– Elə indi də eləsiniz.

Bərkdən gülür.

– Mən eləyəm də…

– “Cazibə qüvvəsi” filminin bəzi çəkilişləri Laçında olub. O yerləri necə xatırlayırsız?  

– Həə, gözəl yerləriydi.  Biz orda məktəb binasında qalırdıq. Yadımdadı, axşamlar elə soyuq olurdu ki. Ssenariyə görə, Laçının dağlarında qaçmalıydım. Heç kəs inanmırdı ki, mən – şəhər qızı bələd olmadığım bu dağlarda belə qaça bilərəm. Amma elə qaçırdım, elə bil  burda doğulmuşam.  O filimdə Məlik Dadaşov, Tələt Əyyubov, Ceyhun Mirzəyev, Xəyal Bünyadzadə çəkilirdi.

– Xəyal Bünyadzadəylə tanışlığınız o filmdən başlamışdı?

– Həə, onu  Rasim Ocaqov filmə gətirib. Yas mərasimində çay paylayırmış, Rasim müəllim onu görüb, xoşuna gəlib. Xəyal yaraşıqlı oğlanıydı. Onunla “Sən niyə susursan?” filmində də çəkildim. Xəyal Rasim obrazını oynayırdı. .

– Sevginiz necə başladı?

– Elə kinoya  çəkilə-çəkilə. Kino  adamı təsirə salır. Xəyal mənim ilk sevgim olub. Bütün günü onunla bir yerdəydim.   Onunla Gürcüstanda, Şəkidə, Gəncədə çəkilişlərdə olmuşam. Yavaş-yavaş başladıq qol-qola gəzməyə, sonra da evləndik.

(Bərkdən gülür.)

– Sonralar mən başqa filmlərə dəvət aldım, amma Xəyalı çəkmirdilər. Çəkilişə başlayırdıq,  Xəyaldan ayrı dayana bilmirdim, ürəyim partlayırdı. İşi yarımçıq qoyub qaçırdım. Axırda rejissorlar dedi ki, Rənanı filmə çəkmək olmaz, bu qız filmin yarısında qaçıb gedir.

“Sən niyə susursan?”  filminin çox hissəsi yollarda çəkilib.  Ağsu döngələrində, Şəkinin, Gürcüstanın  yollarında çəkilmişik. Filmdə bir yer var: maşın batıb qalır yolda, sonra adamlar onu çıxarır, mən də maşının içərisindəyəm. Bax onu Gəncədə çəkmişik. Gəncənin alüminium  zavodunda. O vaxt SSRİ-yə Azərbaycanda alüminium zavodunun olduğunu göstərməkdən ötrü  çəkiliş orda aparılmışdı. Orda camaat  çox gözəl oynayırdı.

O filmdə də məşhur aktyorlarla çəkilmişik: Mirzə Babayevlə, Həsən Turabovla, Fazil Salayevlə…

– Xəyal Axunzadəylə nə vaxt ailə qurduz?

– “Sən niyə susursan?” filmindən sonra.

– Bəs niyə ayrıldız?

– Nə bilim, onda hər ikimiz cavanıydıq. Məni kinolara çəkirdilər, onu yox, o da qısqanmağa başladı.  Mən onun haqqında həmişə yaxşı danışmışam. İndi o,  Almaniyada yaşayır.

– Sonralar ancaq epizodik rollara  çəkildiz: “Nəsimi”də rəqqasə, “Şir evdən getdi” filmində Zebra roluna… Baş rollara çəkilməməyinizə Xəyal Axundzadənin qısqanclığı  səbəb olmayıb ki?

– Səbəb təkçə onun qısqanclığı deyildi.  Mən çəkiliş meydançasına Xəyalsız girmək istəmirdim. İstəyirdim, bizi həmişə bir yerdə çəksinlər. Başqa bir səbəb də vardı.


– Nəydi o?

– Mənə qəsdən mane olurdular. Məni “Babək”, “Alma almaya bənzər” filmlərinə çəkmək istəyirdilər, qoymurdular.

– Kim?

– Kinostudiyanın o vaxtkı direktoru. Məsələ belə olub. Sən demə, bizim binaya köçüblərmiş, mənim də xəbərim yox.  Bir gün arvadıyla aramızda mübahisə oldu. Mən də bilmirəm, o qadın direktorun arvadıdı. Nəysə, sonradan öyrəndim, ərinə deyib ki, Rənanı filmə çəksən, dünyanı dağıdaram.

– Siz “Mən ki gözəl deyildim” filmində Səidə obrazına da çəkilməliydiniz. Amma alınmayıb…

– Bir dəqiqə gözlə!

Üzünü bayaqdan bizim fotoşəkillərimizi çəkən fotoqrafa tutur:

– Gətir görüm, necə düşmüşəm.

Fotolara baxır:

– Yox, özümdən xoşum gəlmədi,  “çolkalarım” uzanıb.

Yenidən mənə tərəf dönür:

– Həə, harda qalmışdıq?


– “Mən ki gözəl deyildim” filmində…

– Həə, ilk çəkiliş günündə çox böyük qəza baş verdi. Lənkərana getmişdik. Liman qəsəbəsində döyüş səhnəsi çəkilirdi. Texniki səhv ucbatından böyük partlayış oldu.  4 nəfər öldü: rejissor Ramiz Əsgərov, iki assistent, fotoqraf. Beş nəfər də yaralandı. Filmin operatoru Rasim Ocaqov da onların arasındaydı. O hadisədən sonra filmin çəkilişləri təxirə salındı. Sonra filmi Ağarza Quliyevlə Tofiq Tağıyev çəkdi. Səidə obrazına da  Xuraman Qasımovanı dəvət elədilər.

“Nəsimi”dəsə əvvəlcə məni Şəms roluna çəkmək istəyirdilər. Hətta rolum təsdiqlənmişdi. Onda ikinci dəfə ailə qurmuşdim.  Yoldaşım icazə vermədi. Nəsə, iki aydan sonra getdim, dedilər, rolu başqasına vermişik. Həsən Seyidbəyli dedi, kino səninçün oyuncaqdı?  Axırda məni rəqqasə kimi çəkdilər. 10 gün Naxçıvanda qaldım, 160 manat aldım. Məni “Sevil”də Gülüş obrazına da çəkmək istəyirdilər. Yenə getmədim.

– İndi peşmansız?

– Bəs necə? O vaxt həmin filmlərə çəkilsəydim, indi Xalq artistiydim. Yelbeyinliyim  yollarımı bağladı. Kaş indiki ağlım onda olaydı…

– Darıxırsız kino üçün?

– Bəs necə, elə darıxıram!

– Hansı obrazı oynamaq istərdiz?

– Mən fərqli rollar oynamağı xoşlayıram.  Ana obrazını oynayardım. Bir də komik  obrazları.

– İkinci həyat yoldaşınız sənət adamıydı?

– Yox. Amma mənə yaman vurulmuşdu. Evlənməyimizə anası razı deyildi, arvad dərddən xəstələndi. Aktrisa olmağım ona od qoymuşdu. Amma evləndik. Bir qızımız, bir oğlumuz oldu.

– Mən bilən, sizin tibb təhsiliniz də var.

– Həə, ginekologiya sahəsini oxumuşam. 18 il  bu sahədə işləmişəm.Kinoya çəkilə-çəkilə işləyirdim.

– Rəqs, tibb, kino. Həyatda daha çox hansı köməyinizə gəlib?

– Rəqs, kino çox yaxşıdı. Amma ötəridi. Səni bir gün çəkirlər, bir gün yox. Tibbdəsə itirmirsən.

Bir az duruxur:

-…Amma kinonu, kamera qarşısında olmağı daha çox sevirəm!

Sonra  bir göz qırpımında pianonun üstünə dırmaşır:

– Fotoqraf, məni burda çək, amma elə çək ki,  gözəl görünüm!

.
..Elə bil onun cazibə qüvvəsinin sehrinə düşmüşdüm. Bu qüvvə o qədər güclüydü ki,  müsahibəni alıb qayıdanda  çantamı Rəna xanımın evində unutmuşdum…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir