Cəmiyyət manset

Şəmsəddin Əliyev: Hörmətli Şeyx Həzrətləri sizin əməyiniz, bacarıq və qabiliyyətiniz, peşəkarlığınız, bir vətəndaş kimi vətənə, dövlətə və dövlətçiliyə sədaqətdən irəli gəlir

Sharing is caring!

XəbərAl.az xəbər verir ki,bu gün Hörmətli Şeyx Həzrətləri Hacı Allahşükür Paşazadənin doğum günüdür.Bu münasibətlə Azərbaycan Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev Hörmətli Şeyx Həzrətlərini təbrik edib.

XəbərAl.az məktubun məzmununu sizlərə təqdim edir:

Əziz və möhtərəm Şeyximiz!

Doğum gününüz və həyatınızın 70 illiyi münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Siz, hər zaman islamsevərlərin və müxtəlif dinə etiqad edən müxlis bəndələrin qəlbində cəsarətli və qorxmaz, haqq, ədalət və ümumi maraq naminə cihada hazır olan mübariz din xadimi kimi xatırlanır və xatırlanacaqsınız.

Qeyd etdiyiniz kimi həyat yolunuz keşməkeşli olmuş, taleyin nabələd dolanbacında yuxarıda Allah, aşağıda doğmalarınız sizə dayaq olmuşlar. Sizə iftiralar yaxan, həcv deyənlər də olub. Amma zamanında böyük Heydər Əliyevin sərt baxışları, sonra isə möhtərəm Prezidentimiz İlham Əliyevin belələrinə barmaq silkələyib “dur” deməsilə “sular durulub”.

Hörmətli Şeyx Həzrətləri! Bəzən “səhhətinizdə ciddi nasazlığın olması, Şeyx Həzrətlərinin vəzifəsi ilə vidalaşması” barədə söz-söhbətlər də sosial şəbəkələrdə özünə yer alıb. Bu “Qayalığa əsən yelin nə təsiri olar, nə də zərəri” zərb məsəlinə bənzəyir.

Ölkəmizdə multikultural dəyərlərə indi böyük sayqı və ehtiram var. Bu dövlətimizin konstitusiyasında xalqın iradəsini ehtiva edən “Vicdan azadlığı”nın canlı təzahürüdür. Sizin bu istiqamətdəki rolunuz və tolerant mövqeyiniz də danılmazdır. Ölkəmizdə fəaliyyət göstərən digər dinlərin və məzhəblərin nümayəndələri Şeyx Həzrətlərinin belə mövqeyindən məmnunluqlarını ifadə edir və sizinlə əməkdaşlıqda sədaqət nümüyiş etdirirlər.

Siz, səlahiyyətləriniz daxilində və hüdudunda heç bir dinin işinə qarışmır, daxili sabitliyin qorunması, balanslaşdırılmış dini siyasətin həyata keçirilməsi, tolerantlıq nümayiş etdirilməsi və dini radikalizmin qarşısını almaq məqsədilə bütün dinlərin nümayəndələri ilə ümidverici əməkdaşlıq edə bilirsiniz. Bu Sizin böyüklüyünüz və uzaqgörənliyinizdir. Belə əməkdaşlıq, həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda beynəlxalq simpoziumlar, konfranslar və digər görüşlər formatında həyata keçirilir. Bütün bunlar Sizi mütəfəkkir din xadimi, Azərbaycan dövlətinin, xalqının və islam dininin səlahiyyətli nümayəndəsi, habelə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində çalışan filosof – -tarixçi, filosof-diplomat kimi dəyərləndirməyə imkan verir.

Əziz Şeyx!

Zaman sübut etdi ki, əməyiniz, bacarıq və qabiliyyətiniz, peşəkarlığınız, bir vətəndaş kimi vətənə, dövlətə və dövlətçiliyə sədaqətdən irəli gəlir.

Bircə faktı oxucuların nəzərinə çatdırmaq yetər ki, Sizi olduğunuz kimi tanısınlar …

Tariximizin qan yaddaşına hopan 20 yanvar faciəsində Sizin, Sovet İmperiyasının zirehli şinelini geymiş yüksək çinli məmurlara, lənətlənmiş Mixail Qarbaçova cəsarətli müraciətiniz aydın səmada ildırım kimi çaxdı və beynəlxalq aləmdə böyük rezonans doğurdu. Barıt qoxulu Bəyanatınızdan silkələnənlər də oldu. Cavab verməli olanlar lal, xalqımıza qarşı beynəlxalq cinayəti görməli olanlar kor, zirehlərin səsini eşitməli olanlar isə kar imişlər. Kafirlər belə olur. Onlardan mərhəmət gözləməyə dəyməz. Siz, onları Allaha tapşırdınız… Allah Sizi qorusun, əziz Şeyx!

Sizin heyrət doğuran belə müraciətləriniz və təhlükəsizliyimiz naminə siyasi gedişləriniz çox olub. Bəzən Sizi müxtəlif dini cərəyanlarla mübarizənin zəifliyində günahlandıranlar da olub. Bu da nihilizm-biliyin fəlsəfədən kənar hərəkətidir. Əhəmiyyət verməyin. Görünən dağa bələdçi lazım olmaz!

Hörmətli Şeyx Həzrətləri!

Peyğəmbərlik və imamlıq müəyyən yaşdan sonra qazanılsa da, müvəqqəti yox, ömürlük olur.

Şeyxülislamlıq da daimidir. Şeyxülislamlığın tarixinə boylansaq bunu görə bilərik.

Sizin nüfuzunuz, hörmət və izzətiniz xarici ölkələrin siyasi dairələrində də yüksəkdir. Sizə xüsusi hörmət və ehtiramın olması millətimizə və dinimizə baş ucalığı gətirir.

Bəzən Sizə adi ilahiyyatçı kimi baxanlar da olur. Çox yanlış bir baxışdır. Məhz apardığınız dini siyasət nəticəsində ziyalı gənc ilahiyyatçı alimlərimizin sayı artmaqda davam edir. Bu Sizin uzun illər ərzində həyata keçirilən narahat və gərgin əməyinizin nəticəsidir.

Siz, dövlətin dinlə bağlı siyasətin formalaşdırılmasında yaxından iştirak edir və onun icrasını da bacarıqla təmin edə bilirsiz.

Siz, təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının, türkdilli xalqların mənəvi, lakin canlı “abidə”lərdənsiniz. Sizi – Mənəvi abidələrimizi qorumaq hamımızın borcudur.

Səhhətinizdə nasazlıq olarsa, Allahdan Sizə şəfa istəyirəm.

Hörmətli Şeyx! Bir daha Sizə Allahdan sağlam ömür arzusu ilə…

Doğum gününüz mübarək!

Səmimi qəlbdən,

Hacı Şəmsəddin Əliyev

Azərbaycan Mətbuat Şurasının icraçı katibi və

Polisə dəstək İctimai Birliyinin sədri.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir