Cəmiyyət manset

Dövlət himnimiz işarət dilində təqdim edildi – VİDEO

Sharing is caring!

İcrasına may ayının 1-dən başlanılan “Azərbaycan Respublikasının Dövlət himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsinin təqdimatı baş tutub.

Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunmuş tədbirdə layihə iştirakçıları və Qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. “Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” İctimai Birliyinin Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gətirdiyi layihə rəğbətlə qarşılanıb.

Dövlət himninin işarət dilində hazırlanması layihəsində 15 eşitmə məhdudiyyətli gənc iştirak edib.   İşarət dilində hazırlanan himnimizin klipi eşitmə məhdudiyyəti olan Azərbaycan gənclərinin dünyaya bir mesajı,  həm də  azərbaycançılığın təşviqinə xidmət edəcək.

Təqdimat mərasimində çıxış edən layihə rəhbəri Cəmilə Çingizqızı bildirdi ki, Dövlət himninin yaranmasından 100 il sonra ilk dəfədir ki, himnimiz  dövlət dəstəyi ilə jest dilində tərcümə edilərək təqdim olunur.

“Bu layihənin əhəmiyyəti ən çox da ondan ibarətdir ki, cəmiyyətimizdə eşitmə məhdudiyyətli insanlar var və onlar bu gün informasiya azlığından əziyyət çəkirlər.  Lakin onlar da ölkəmizi xarici ölkələrdə təmsil edirlər, himnimizi, bayrağımızı ucalara qaldırırlar.  Himnimiz çalınan zaman onlar bu himnin mahiyyətini anlasalar da,  sözlərini anlamırlar. Məhz buna görə də himnimizin işarət dilində tərcümə olunmasının mühüm əhəmiyyəti var” – deyə layihə rəhbəri əlavə edib.

Qobustan və Dağüstü park ərazilərində lentə alınan klip ingilis dilində subtitrlərlə  hazırlanıb. Tədbirin sonunda layihə iştirakçıları Dövlət Himninin Jest dilində hazırlanmasında iştiraklarına görə, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İçtimai Birliyi tərəfindən Təşəkkürnamələrlə təltif edildilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir