manset

Azərbaycançılıq ideologiyasına xidmət edən siyasət

Sharing is caring!

Azərbaycan dövlətinin vahid ideologiyasını təşkil edən azərbaycançılıq xalqın, dövlətin ən böyük dəyərlərindən biridir. Heydər Əliyev və azərbaycançılıq ideologiyası bir-birilə vəhdət təşkil edir. Görkəmli dövlət xadiminin böyük dəyər verdiyi və azərbaycançılığın formalaşmasında, özül prinsiplərinin qurulmasında önəmli rol oynayan ana dilimizdir. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşdirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev və ana dilimiz, ana dilimiz və azərbaycançılıq bir-birilə üzvü surətdə çuğlaşır. Əslində dilimizin inkişafı, təbliği, bu dilin ali mərtəbədə özünə yer tutması elə azərbaycançılığın özəyini təşkil edir. Azərbaycançılığın tərənnümçüsü Heydər Əliyev ana dilimizin inkişafını, onun gözəlliyini hər zaman ifadə edirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Heydər Əliyevin bu fikri hər bir azərbaycanlıya örnəkdir və azərbaycançılıq ideyasının, ideologiyasının, xəttinin inkişafına yönəlib.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan ümummilli lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Azərbaycan SSR-nin1978-ci il tarixli Konstitusiyasında təsbit olunması haqqında qərar cəsarət və Vətənə sadiqliyi tələb edən mövqe idi.
Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir.Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Ümummilli liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə rəhbərinin özüdür.
Heydər Əliyev və Azərbaycan dili, azərbaycançılıq ideyası həqiqətən də hər bir azərbaycanlıda qürur yaradır. Dilimizdən torpağımıza, bayrağımızdan dövlətimizə qədər hər bir müqəddəs məfhum azərbaycançılığa xidmət edir.

Firudin Zeynalov, müəllim

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir