Cəmiyyət manset

Enerji içkiləri satışdan çıxarılmalıdır – Ekspertdən şok xəbərdarlıq

Enerji içkilərinə tələbat hər il artmaqdadır. Sözügedən içkilərin zərərli tərəfləri haqqında təbliğat aparılsa da, istehlakçılar buna məhəl qoymur. Maraqlıdır, nəyə görə enerji içkilərinə bu qədər tələbat var? Onların tərkibi nədən ibarətdir?

Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcilar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov Xəbəral.az-a açıqlamasında bildirib ki, enerji içkiləri, xüsusilə taurin tərkibli içkilərin seçimində diqqətli olmaq lazımdır:

“İnsan bədəni hüceyrələrdən ibarətdir. Bədən quruluşunun əmələ gəlməsində böyük rolu olan hüceyrələrin təməli isə zülallardır. Hüceyrə sitoplazmasında həll olunan zülalların böyüməyimizdə, inkişaf etməyimizdə, əzələlərin quruluşunda, immun sisteminin gücləndirilməsində, yaraların tez sağalmasında mühüm rolu var. Orqanizm üçün vacib olan zülalların təməl daşı amin turşularıdır”.

Ağa Salamov deyir ki, vücudumuza daxil olan zülallar parçalanaraq amin turşusuna çevrilir və taurin bu turşulardan biridir: “Taurinin əsas amin turşularından fərqi onun “şərti amin turşusu” olmasıdır. Əsas amin turşuları bədən tərəfindən istehsal oluna bilmədiyi üçün qida ilə alınmalıdır. Ancaq insan orqanizmi taurini istehsal edə bilər.

İnsan bədənində istehsal olunan amin turşusunu bəzi qida məhsulları vasitəsilə də almaq mümkündür. Elmi araşdırmalar taurinin fiziki və zehni fəaliyyəti yaxşılaşdırdığını göstərir. Taurin beyində, sümüklərdə, ürək əzələlərində və qan hüceyrələrində də var.

Taurin ilk dəfə 1827-ci ildə Fridrix Tiedermann və Leopold Gmelin tərəfindən bir öküzün öd kisəsindən əldə edilib. Bu səbəbdən də “Taurin” adı latınca “taurus” (öküz ) sözündən götürülüb”.

Təbii taurin maddəsinin yumurta, ağartı məhsulları, qırmızı ət, dəniz məhsulları kimi qidalarda olduğunu bildirən Ağa Salamov enerji içkilərinə qatılan süni taurinin sağlamlıq üçün zərərli olduğunu deyib:

 

“Təəssüflər olsun ki, taurindən süni olaraq enerji içkilərinin istehsalında geniş istifadə edirlər. Hər bir enerji içkisində 500 mq-dan 1000 mq-dək taurin maddəsi olur ki, bu da yüksək doza sayıldığına görə yuxu pozğunluğuna, əsəb gərginliyinə, qan-damar sistemində pozğunluğa, ürək döyüntülərinin artmasına səbəb olur.

Bu barədə xəbərdarlıq enerji içkilərinin üzərində mütləq yazılmalıdır. Təəssüflər olsun ki, olduğum marketlərdə hansı enerji içkisinə baxdımsa, Redbull-dan başqa heç birinin üzərində xəbərdarlıq yazısına rast gəlmədim. Ona görə də enerji içkilərindən istifadə zamanı həkimlərlə məsləhətləşmək vacibdir”.

Fransa, Danimarka və Norveçdə enerji içkilərinin adi marketlərdə satışının qadağan olunduğunu qeyd edən ekspert onların yalnız apteklərdə satıldığını deyib: “Adıçəkilən ölkələrdə təzyiq və ürək xəstəlikləri olan insanlara bu içkilərin qəbulu qəti sürətdə qadağan olunur. Bizdə də AQTA-nın enerji içkilərinə dair sanitariya norma və qaydalarında göstərilir ki, enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır.

Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur. Ancaq bu qadağalara nə market sahibləri, nə də sağlamlığını düşünməyən insanlar məhəl qoymur. Ümumiyyətlə, enerji içkilərinin qadağan olunması və satışdan çıxarılması daha yaxşı olardı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir