manset Sosial

Aynur Camalqızı: “Bu virus bizimlədir, biz onunla yaşamağı öyrənməliyik”

Sharing is caring!

“Koronavirusa yoluxanların sayı dünyada 6 milyonu ötüb, dörd yüz minə yaxın insan bu xəstəlikdən dünyasını dəyişib və Operativ Qərargahın hər gün yaydığı statistikaya nəzər salanda görürük ki, Azərbaycanda da vəziyyət qənaətbəxş deyil”.
Xəbəral.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Teleqraf Media Holdinqin rəhbəri, politoloq Aynur Camal ölkədə pandemiya ilə əlaqədar yaranmış vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, sağalanların sayı çox olsa da yoluxanların sayında da hər gün artım müşahidə olunur ki, bu, çox təhlükəlidir:
“Artıq iri ticarət mərkəzləri və “mall”lar açıldı. Dövlət qurumlarında çalışan işçilərin işə çıxması ilə bağlı qadağa da götürüldü. Bu o deməkdir ki, indi daha çox insan hər gün evindən çıxacaq, təmaslar çoxalacaq və nəticədə yoluxma artacaq. Çox güman ki, artıq ölkədə yoluxmanın ikinci dalğası başlayıb. Çıxış yolu təbii ki, əlimizdə deyil. İnsanlar evdə oturmaqdan, heç bir işlə məşğul olmamaqdan bezir. Bəzi insanların işləməyə maddi baxımdan ehtiyacları var. O baxımdan uzun müddət insanları özünütəcridə məcbur edə bilməyəcəyik. Çünki bu, yeganə çıxış yolu olsa belə, tamamilə əməl etmək mümkün deyil. İnsanların yaxınları, doğmaları dünyasını dəyişir. Ən zəruri ərzaq və digər şeyləri almaq üçün hər gün, günaşırı marketə getmək lazım gəlir. Bütün bunlar isə ünsiyyət deməkdir. Demək ki, artıq Prezident İlham Əliyevin də dediyi kimi, biz bu virusla yaşamağı öyrənməliyik. Məncə, ən vacib məqam budur. İnsanlara bunu anlatmaq lazımdır. Pandemiya ilə mübarizə tədbirləri yalnız dövlətin işi deyil. Bizim hər birimiz öz sağlamlığımızın qeydinə qalmağı öyrənməliyik, vərdiş etməli, hətta həyat tərzimizə çevirməliyik”.
Aynur Camal bildirib ki, bu pandemik virusu müalicə etmək üçün dərmanlar və peyvənd hələ tapılmayıb, belə görünür ki, tapılana qədər bu virus bizimlədir və havaların istiləşməsi, iqlim dəyişməsi virusa yoluxmanın qarşısını almır:
“O səbəbdən sosial izolyasiya qaydalarına mümkün qədər əməl etmək lazımdır. Küçəyə çıxan şəxslər tibbi maska və əlcək geyinməlidir. İctimai nəqliyyatda məsafə gözlənilməlidir. İnsanlar bu qaydalara əməl etməsələr, Operativ Qərargahın bəyan etdiyi kimi, cərimə məsələsi gündəmə gələ bilər. İctimai yerlərdə ən yaxşı halda 10 nəfərdən 2-nin tibbi maska taxdığını müşahidə edirik. İnsanlar anlamaq istəmir ki, bu virusa yoluxma yalnız onun özü üçün yox, ünsiyyətdə olduğu hər kəs – ailə üzvləri, doğmaları, iş yoldaşları üçün də riskdir. Bu risklərin önlənməsi bizim hər birimizdən asılıdır. Normal həyatımıza davam etmək üçün tanıdığımız-tanımadığımız hər kəsi sosial izolyasiya və gigiyena qaydalarına əməl etməyə, tibbi maska və əlcəklərdən istifadə etməyə dəvət etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir