Cəmiyyət manset

Fəzail Ağamalı: Böhran İdarəetməsində Azərbaycan Nümunəsi

Sharing is caring!

Bəşəriyyətin yaxın tarixi çoxsaylı epidemiya və pandemiyalarla zəngindir. Bu qəbildən olan ağır dönəmlərdə bir qayda olaraq baş verən hadisələrə verilən reaksiyaların adekvatlıq dərəcəsi onun ziyanvericilik qabiliyyətinin məhdudlaşdırılmasında həlledici rol oynayır. Son aylarda özünün miqyasına görə bütün dünyanı təhdid edən koronavirus pandemiyasının surətlə geniş vüsət alması bu fikrimizi bir daha təsdiq edir. Bir sıra aparıcı dövlətlərdə vəziyyətin düzgün və çevik qiymətləndirilməməsi situasiyanı kifayət qədər mürəkkəbləşdirərək, prossesin olduqca təhlükəli istiqamətdə inkişafına rəvac verdi.

Hazırda dünyanı ağuşuna almış ümumbəşəri bəla bütövlükdə ölkələr üçün böhran idaretməsi baxımından sınaq xarekteri daşıyır və görünən mənzərədə çoxsaylı ölkələr tibbi, iqtisadi, siyasi çöküşün və informasiya xaosunun fonunda bu sınaqdan uğursuz çıxdılar. Aparıcı dövlətlərdə müşahidə edilən tənəzzülə rəğmən, ölkəmiz gələcəyə hədəflənən strateji addımlar hesabına bu keşməkeşli mərhələdən ən az itki ilə çıxmağa nail oldu. İlk andan etibarən ölkə Prezidenti cənab İlham Əliyevin vəziyyətə çevik, kompleks və sistemli yanaşması risklərin idarəolunan səviyyədə qalmasını təmin edərək, cəmiyyətimizdə sabitlik mühitinin bərqərar olmasını şərtləndirdi. Xronoloji ardıcıllıqla sadalasaq, ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, mart ayının 3-dən etibarən Respublika üzrə bütün təhsil müəssisələrində tədris prossesinin aprelin 20-dək dayandırılması, ölkə sərhədləri daxilində keçiriləcək kütləvi tədbirlərin təxirə salınması, o cümlədən, mart ayının ortasından başlayaraq mərhələli təcrid, ardınca xüsusi karantin rejimin tətbiqi və onun sərtləşdirilməsi, aprel ayının 5-dən isə ölkə üzrə hərəkətə məhdudiyyətlərin tətbiq olunması sözügedən pandemik xəstəliyin cilovlanmasında müstəsna əhəmiyyət kəsb etmişdir.
Dünyada və ölkəmizdə baş verən təlatümlü hadisələr mahiyyət etibarilə məhdudlaşdırıcı tədbirlər tələb etdiyindən mal və xidmət dövriyyəsi minimallaşmış, habelə müəssisələrin insan resurslarına olan tələbatı ciddi ölçüdə azalmışdır. Bu prossesin milli iqtisadiyyatımızın sabitliyinə, dinamik inkişafına və yaranabiləcək məşğulluq problemləri fonunda vətəndaşlarımızın sosial vəziyyətinə mümkün təsirlərini neytrallaşdırmaq üçün ölkə Prezidentinin təşəbbüsü ilə dövlətin iqtisadi blokunun böhranla mübarizə mexanizmləri işə düşərək, problemə qarşı hərtərəfli yanaşmanın formalaşdırılması üçün məqsədyönlü addımlar atılmışdır. Pandemiyanın mümkün faəsadlarının əhatə dairəsinə uyğun olaraq sahələr üzrə 4 işçi qrupunun yaradılması, böhranla fundamental mübarizə baxımından xüsusi əhəmiyyətə malikdir. Belə ki, işçi qruplarının xidməti fəaliyyətinin əsas istiqamətini təşkil edən təkliflər paketlərinin hazırlanması aşağıdakı faktorları ehtiva edir: – Pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyinin göstərilməsi; – Zərər görmə ehtimalı olan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial mənafelərinin tam müdafiəsi; – İşsiz kimi qeydiyyata alınan, əmək qabiliyyəti olan aztəminatlı vətəndaşların sosial müdafiəsi; – Pandemiyanın Azərbaycanın makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsi, o cümlədən, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması rəqəmlərlə ifadə etsək, iqtisadi stabilliyin təminatı, məşğulluqla bağlı problemlərin həlli, bütövlükdə makroiqtisadi sabitliyin saxlanılması üçün 2,5 milyard manat (ÜDM-in 3%-i) vəsait ayrılmışdır. Bu vəsaitin təsnifatına, 304 min muzdlu işçinin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı, 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı, yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat), mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat), vergi güzəştləri, imtiyazları və tətilləri proqramı, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı, əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı kimi kompleks proqramlar aiddir. Bundan əlavə, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli vətəndaşlarımızın sosial mənafelərinin qorunması üçün müəyyən qaydalar çərçivəsində onlara yaşayış minimumlarını təmin etmək məqsədi ilə 190 manat məbləğində ödənişin olunması olduqca təqdirəlayiqdir. Fərdi (mikro) sahibkarlara 250-5000 manat arası maliyyə dəstəyi isə iqtisadi davamlılıq baxımından kifayət qədər əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, pandemiyanın müddətinin qeyri-müəyyənliyi, o cümlədən, müəyyən statistik məlumatların hasil edilməsi üçün bir qisim prosedurların tətbiqi bütövlükdə meyarların minimal həddə təyin olunması üçün rasional fundament yaradır. Ümumən sözügedən çoxspektrli proqramların icrasına zəmin hazırlayan məqam isə birbaşa ölkə Prezidentinin müəllifliyi ilə zamanında formalaşdırılan qeyri-neft sektorunun intensiv inkişafı ilə bağlı uğurlu konsepsiyalar olmuşdur. Nəticə etibarilə, qeyd edilən konsepsiyalar respublikamızın maliyyə ehtiyatlarının iri həcmdə artmasına rəvac verərək, böhran vəziyyətlərində manevr imkanlarımızın maksimallaşmasına imkan vermişdir.

Xalqımız hər zaman olduğu kimi, bu fövqəladə günlərdə də maddi aspektdən ona hər cürə dəstək olan dövlətinə özünün çoxəsrlik ülvi dəyərlərinə söykənib, əlindən gələn mənəvi dəstəyi əsirgəməmişdir. Bunun ən bariz nümunəsini koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə yaradılmış fonda olan dəstəyin fonunda müşahidə etdik. Prezidentimizdən və Birinci vitse-prezidentimidən millət vəkilinə qədər, sahibkarından sıravi vətəndaşınadək hər bir azərbaycanlı özünün vətənpərvərlik hisslərindən çıxış edərək, dövlətin üzərinə düşən maddi yükün azaldılmasına öz töhfəsini verərək həmrəylik nümayiş etdirdi. Eyni zamanda ümumbəşəri humanizm dəyərlərinə daima xüsusi diqqət yetirən Azərbaycan, olduqca xeyirxah addım ataraq, pandemiyanın geniş miqyas aldığı ilk vaxtlardan onun qaynar nöqtələri olan Çin Xalq Respublikasına, İran İslam Respublikasına, Ümumdünya Səhiyyə Təşkilatına və s. humanitar yardımlar göstərdi. Bundan əlavə, dövlətimiz ölkə sərhədlərindən kənardakı Azərbaycan vətəndaşlarının sağlamlığını nəzərə almış və çoxsaylı çarter reyslər təşkil edərək 15 mindən çox həmvətənimizi respublikaya qaytarmışdır. Bundan sonrakı mərhələdə xaricdən gələn vətəndaşlar karantin müddətində bəzi əcnəbi dövlətlərdəki kimi tələbə yataqxanalarında yaxud hərbi hissələrdə deyil, ən müasir klinikalarda, 5 və 4 ulduzlu otellərdə, Atletlər kəndində və yüksək səviyyəli istirahət məkanlarında yerləşdirilərək onların rahatlığı və müalicəsi tam təmin olunmuşdur. Eyni zamanda, koronavirus pandemiyasına görə Azərbaycana qayıda bilməyən xarici ölkələrdəki vətəndaşlara da dövlət qayğısı göstərilmişdir. Məsələn, Türkiyə Respublikasından müxtəlif səbəblərə görə vətənə qayıda bilməyən 10 mindən çox Azərbaycan vətəndaşının sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyaclarının öz həllini tapmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq, SOCAR-ın maliyyə dəstəyi, Azərbaycan Təhsil Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə dəstək fondu yaradılmışdır.

Belə bir mürəkkəb zaman kəsiyində, hətta Avropada ittifaqdaxili koordinasiya və əməkdaşlıq öhdəlikləri yerinə yetirilmədiyi halda, ölkə Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi və burada mövcud durumun, ondan az itki ilə çıxmağın yolları və bu baxımdan qarşılıqlı əməkdaşlıq, post-koronavirus dönəmində münasibətlərin yeni perspektivlərinin müzakirəsi beynəlxalq əlaqələrin böhran şəraitində inkişafı baxımından dünya üçün parlaq bir nümunədir.

Şübhəsiz ki, Dövlət Başçısının çevik və düşünülmüş siyasəti nəticəsində ölkəmizin hüdudları daxilində qısa zaman kəsiyində mövcud pandemik xəstəliyin özünü və onun yaratdığı təsirləri mütləq surətdə aradan qaldırmağa nail olacağıq. Bütün bunlarla bərabər, həm də məni düşündürən və cəmiyyətimiz üçün bu virus qədər təhlükləli olan bir məqam isə vəziyyəti ən müxtəlif üsul və vasitələrlə mürəkkəbləşdirməyə və insanlarımızda çaşqınlıq yaratmağa çalışan radikal və anarxist
“müxalifətçilərin” davranışlarıdır. Ölkəmizin yerləşdiyi region, onun imkanları və bütövlükdə pandemiyanın təbiətinə xas olan qeyri-müəyyənlik nəzərə alınmadan, uğursuz və diletant müqayisələr edilir və nəticədə qeyri-obyektiv mövqe sərgilənərək “sapı özümüzdən olanlar” vasitəsi ilə Azərbaycan əleyhinə məkrli kampaniya aparılır. Dünyanın supergüc ölkəsi Birləşmiş Ştatlarda olunan ödənişlə məmləkətimizi müqayisə edərək, yaşayış minimumunun təminatı üçün dövlətimiz tərəfindən ödənilən məbləği tənqid etmək isə qərəzin ən qabarıq formasıdır. Əvvəla, ölkə xaricində yerləşən və maliyyə mənbələri olduqca qaranlıq olan telekanalların efirlərindən az qala hər gün dezinformasiya yayanlar bilməlidirlər ki, məbləğin miqdarı yox, onun yaşayış minimumunu təmin edib-etməməsi önəmli göstəricidir. Başqa sözlə desək, Birləşmiş Ştatlarda yaxud digər inkişaf etmiş ölkələrdə ödənilən məbləğ miqdar etibarilə çox görünsə də, əslində sözügedən ölkələrin yaşayış minimumuna indekslənmişdir. Bu şəxslər tərəfindən Azərbaycana nümunə göstərilən ABŞ örnəyini spesifik olaraq təhlil etsək, aydın şəkildə siyasi motivlərin ön plana çıxdığını müşahidə edərik. Belə ki, ABŞ-da seçkilərin yaxınlaşması ilə əlaqədar siyasi rəhbərlik uzun müddətdir özünün bütün resurslarını seçkiyə hazırlıq prossesinə xərcləyirdi. Bu baxımdan aydındır ki, federal hökümət vətəndaşlara ödənilən vəsaitlə koronavirusla mübarizədən daha çox siyasi dividend əldə etmək məqsədi güdür. Bəlli olduğu siyasət ən kiçik məsələlərdə belə ciddi təhlil tələb edir. Ola bilsin, ya bu şəxslərin savadı arzuolunan səviyyədə deyil, ya da onlar peşəkar yalançıdırlar. Hər iki xüsusiyyəti özlərinin xarakterində ehtiva edən bu şəxslər, insanları yanlış məcraya yönəltdiklərinə görə məsuliyyət daşıyırlar.

Bağışlanması mümkün olmayan digər məqam isə karantin rejiminin hansısa siyasi məqsədlər çərçivəsində təqdim edilməsidir. Beynəlxalq təcrübə onu göstərir ki, koronavirusla mübarizənin ən səmərəli metodu sosial təcriddir və Azərbaycanda da bu uğurla tətbiq olunur. Xüsusi karantin rejimini pozan məsuliyyətsiz şəxslərin qanun çərçivəsində cəzalandırılmasına görə iqtidarı ittiham etmək ən azı şarlatanlıqdır. İndiki halda anlamaq lazımdır ki, pandemiya həm də psixoloji mübarizədir və ən azından mövcud məqamda bu və ya digər formada insanların hissləri ilə manipulyasiya edərək onlara neqativ emosiya yükləmək qəti surətdə yol verilməzdir. Təəssüf ki, xaraktercə opportunizm sindromundan əziyyət çəkən bu makiavellist zümrə hər vəchlə məsələlərdən öz lehinə istifadə etməyə cəhd göstərir. Onların spekulyasiyalarla dolu “bəlağətli” çıxışlarında hər fürsətdə misal çəkdikləri Nyu-York da, Berlin də, Paris də mövcud vəziyyətdə böhran idarəetməsi baxımından Bakıdan dəfələrlə geridə qaldı. Çünki Bakı, ölkə Prezidentinin təkmil idarəetmə fəlsəfəsini rəhbər tutaraq böhrana asanlıqla nəzarət edə bildi. Müdrik xalqımız isə istənilən məqamı düzgün təhlil edə bilir. Ölkənin hər tərəfindən Dövlət Başçısına göndərilən məktublarda xalqımız öz Prezidentinə pandemiya ilə mübarizədə göstərdiyi üstün peşəkarlığa görə dərin minnətdarlığını açıq şəkildə ifadə etməkdədir. Hazırkı məqamda ortaya çıxan mənzərədə, bir tərəfdə xalqa xidmət fəlsəfəsi ilə yola çıxmış peşəkar, uzaqgörən və istedadlı lider cənab İlham Əliyev, digər tərəfdə isə özündən başqasını düşünməyən və xalqın gözündə tükənərək, sözün həqiqi mənasında iflasa uğramış, səriştəsiz beşinci kolonun təmsilçiləri olan anarxist dairələr. Hər iki virusla mübarizədə millətimə və dövlətimə uğurlar arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir