Mədəniyyət

Əsgərin sevgilisini içirdərək zorlayan məmur oğlu

Sharing is caring!

Kulis.az İsi Məlikzadənin “Evin kişisi” povesti əsasında çəkilən eyniadlı filmi təqdim edir.

Süjet: Hadisələr bir rayonda baş verir. Əsərin qəhrəmanı Qaçay gəncdir, milis orqanlarında işləyir. Onun bacısı Ağca, hamının fikrincə yaşı keçmiş, qarımış qızdır. Atası Mikayıl görmə qabiliyyətini itirsə də, gözəl səbətlər toxuyur. Anası Cəvahirin ən böyük arzusu qızını ərə verməkdir. Qaçay hələ əsgər getməmişdən öncə qonşu qızı Əntiqəni sevirdi. Və hərbi xidmətə yola düşəndə o, Əntiqənin ağzını aramış, qızın onu sevdiyinə əmin olmuşdu. Əntiqə də onu gözləyəcəyini demişdi. Ancaq Qaçay əsgərlikdə olanda qonşu Pənah onu zorla qaçırır və üç gün sonra geri qaytarır. Pənah rayonda bütün ticarət işlərinə rəhbərlik edən Baxışın oğludur. O, atasının hesabına lüks həyat yaşayan təkəbbürlü biridir. Baş verənlərə baxmayaraq Qaçay Əntiqəni hələ də sevir. Anası isə onu evində gəlin kimi görmək istəməsə də, sonucda Qaçayın fikri ilə razılaşır.

Bir gün anası Ağcaya elçi gəldiyini Qaçaya deyir. Anası təkid edir ki, nə olursa-olsun, qızının cehizləri arasında “importnı” mebel də olmalıdır. “İmportnı” mebel tapmaq isə çətindir. Ona görə çarəsiz qalan Qaçay Baxışın yanına gedir. Baxış Qaçaya söz verir ki, mebel gələn kimi ona birini saxlayacaq. Ancaq Qaçayın mebel almağa pulu yoxdur. O, çox götür-qoy edəndən sonra rəisi Sahibovdan pul borc alır. Evə gələndə isə anası Ağcanın sevgilisiylə qaçdığını deyir…

İsi Məlikzadə “Evin kişisi” əsərində bu günümüz üçün aktual olan və eyni zamanda mübahisə doğuran məsələlərdən söz açılır. Əvvəla, əsərin “Evin kişisi” adını daşımasında yumor qarışıq ironiya sezilir. Problem ondadır ki, paternalist cəmiyyətimizdə qızlar kimi, oğlan uşaqları da valideynlərin psixoloji basqısına məruz qalır. Əgər qız uşaqlarına sözün dar və mental mənasında, abırlı-həyalı olmaq kompleksi aşılanırsa, oğlan uşaqlarına “sən kişisən, bacının namusunu qorumalısan, evin yükünü çəkməlisən, düşmən çəpəri olmalısan” kimi patriarxal məsuliyyət yükləyirlər. Əsərdə də Qaçaya anası psixoloji basqı edir. Qızının toy tədarükünü onun önəmli vəzifəsi kimi öhdəsinə qoyur. Mental mədəniyyətimizin ayrılmaz atributu olan cehizin verilib-verilməməsi anadan ötrü “olum, ya ölüm” dilemmasıdır.

İsi Məlikzadə əsərdə həm nəqlçidir, amma oxucu əhvalatı həm də Qaçayın gözüylə oxuyur. Müəllif milli adətlərdəki mühafizəkarlığı xüsusi qabartmır, o, qəhrəmanın daxili dünyasında yumşaqca gəzişərək problemi onun düşüncələrinin, konkret vəziyyətlərinin kontekstində açır. Qaçay ziddiyyətli fikirlər arasında qalır. O, bir tərəfdən anasının cehiz tutqusu ilə barışa bilmir, düşüncə etibarilə liberaldır, ənənəni sorğulayan qəhrəmandır. Digər tərəfdən isə anasının iradəsinin əleyhinə gedə bilmir.

Filmi 1978-ci ildə Tofiq Tağızadə ekranlaşdırıb. Ssenarini İsi Məlikzadə yazıb. Əsər ekrana dəyişikliklərlə gətirilsə də, ideyasını, qoyulan problemləri rejissor əks etdirməyə çalışıb. Əlbəttə ki, əsas məsələ rejissorun bədii tapşırığı necə yerinə yetirməsidir. “Evin kişisi” Tofiq Tağızadənin “Yeddi oğul istərəm”, “Uzaq sahillərdə”, “Dədə Qorqud” filmləri kimi məşhurlaşmadı. Bunda filmin bədii keyfiyyəti, rejissor işindəki qüsurlar rol oynayıb. Ssenari olduğu kimi lentə köçürülüb. Ayrı-ayrı vəziyyətlərin təsvirinin həlli üçün uyğun ifadə vasitələri seçilməyib. Təhkiyənin emosiya qatı işlənməyib. Keyfiyyətsiz operator işi də filmin atmosferinə mənfi təsir göstərib. Təsvirlər dərin yox, səthidir, emosional effekti yoxdur, sıradan, teleestetik rakurslar çoxdur. Ümumiyyətlə, vizual təhkiyə demək olar ki, yox dərəcəsindədir.

Film Rövşənin (Qaçay adı dəyişdirilib. Rolu Fərhad İsrafilov ifa edir) əsgərlikdən qayıtmasıyla başlayır və bu səhnə emosiyasız, tələsik işlənib. Rövşən əsgərlikdən gələn gün, ana (Barat Şəkinskaya) onunla qucaqlaşıb hal-əhval tutmadan, dincəlməyinə macal vermədən evin kişisi kimi oğlunun ailə üçün məsuliyyət daşıdığını, bacısı üçün cehiz almağın vacibliyini deyir. Rejissor ananın belə bir münasibəti üçün dramaturji zərurət yaratmır.

Bədii mətndə Pənah Əntiqəni zorla qaçıraraq üç gün sonra qaytarır. Filmdə isə Əntiqə (Elza Beaşimova) məktəbi bitirib, imtahan vermək üçün Bakıya yola düşür. Burda o, həmkəndlisi Pənahla (Ömür Nağıyev) rastlaşır. Pənah imtahandan kəsilən Əntiqəni qaldığı otelə aparır, o, qızı inandırır ki, tanış professoru vasitəsilə onun instituta qəbul olunmasına kömək edəcək. Otel otağında Əntiqəyə şərab içirərək onu zorlayır. Sonra Pənah onunla evlənmək istədiyini deyir. Əntiqə onun təklifini rədd eləyir, kəndə geri dönür. Povestdən fərqli olaraq, ekran əsərində Rövşən məsələni bilmir və Əntiqəylə görüşmək istəsə də, qız ondan qaçır. Bacısı Səyyad (əsərdə Ağca. Rolu Sevil Rəsulova oynayır) isə yaşı ötmüş qız obrazında verilməyib. Pənahın atasının obrazı filmdə yoxdur. Mikayıl, rəis Sahibov obrazlarına isə rejissor diqqət ayırmır.

Janrına görə “Evin kişisi” daha çox lirik sosial dramdır. Əsas problemlərdən ikisi – ailə institutuna köhnə, əhəmiyyətini itirmiş baxış, yaşlı nəslin dəyişikliyə hazır olmaması və barışmaq istəməməsi, qadına qarşı zorakılıq motivi əhatəli, detallı təsvir olunmayıb. Rejissorun təhkiyəsi, kompozisiyası dağınıq və pintidir, yəni süjetin əsas xəttinin nə olması anlaşılmır. Misalçün, süjetdə yalnız bayaq qeyd etdiyim iki əsas motivə fokuslanmaq olardı: mühafizəkar adət-ənənəyə və qadına qarşı zorakılığa. Filmdə göstərilir: həm Əntiqənin, həm Rövşənin anası düşünür ki, qız zorlanıbsa, bu vəziyyətdə yeganə günahkar qızın özüdür. Əntiqənin anası (Zemfira Sadıqova) qızının dərdini bölüşmür, ona dayaq olmur, əksinə onu qınayır, sərt davranır və dörd divar arasında çürüyəcəyini deyir. Təsadüfi deyil ki, filmdə Əntiqəni zorlayan Pənah cəzasız qalır, hətta törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmur. Rövşən sonda Əntiqəyə qayıdır, lakin onun qayıdışının kökündə qadını anlaması yox, hissləri dayanır. Yəni Rövşən Əntiqəni anlamaq, hadisənin necə baş verdiyini bilmək istəmir, onunla danışmır, onu dinləmir, kor-koranə qızı günahlandırır. Rejissor cinsi zorakılığa məruz qalan qadına cəmiyyətin qeyri-adekvat reaksiyasını, zorlanmaya məruz qalan qızın da utandığına görə milisə şikayət etmədiyini göstərir. Amma müəllif eyni zamanda belə bir mühüm problemin üzərində çox dayanmır, onun dərinliyinə getmir. Əntiqənin əhvalatı Rövşənin heç bir dramaturji əhəmiyyəti olmayan iş fəaliyyətinin təsviri ilə sıxışdırılır, arxa plana keçir.

Cəvahiri isə qızı Ağcanın hissləri, nə istədiyi maraqlandırmır. O düşünür ki, möhkəm, xoşbəxt ailənin təməli daha çox yaxşı cehizin üzərində qurulur. Ancaq bu da filmdə ötəri epizod kimi keçir.

Bütün hallarda sonda gənclər adət-ənənəyə, mentallığa yox deyir. Səyyad və nişanlısı (Əliabbas Qədirov) adət-ənənələrə qarşı gedərək sadə nikahla kifayətlənirlər.

“Evin kişisi” operator Kənan Məmmədovun kinoda ilk işidir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir