Mədəniyyət

Ermənilər Şuşadan oğurladıqları xalçalarla sərgi keçirir: UNESCO hara baxır? (FOTO)

Sharing is caring!

Azərbaycan üçün 30 illik Qarabağ həsrəti sona çatdı. Azərbaycan Vətən Müharibəsində mənfur düşmən üzərində qələbə qazanaraq, öz doğma dədə-baba torpaqlarına qovuşdu.

İşğal dövründə düşmən torpaqlarımızda talançılıqla məşğul olub. Mədəniyyət abidələrimiz məhv edilib, bu isə Ermənistanın vandallıq siyasətindən xəbər verir. Onlar bizim mədəni irsimizi tamamilə silmək istəyiblər.

Müsəlmanların dini inanc yerləri olan məscidlər, türbələr və ziyarətgahlara qarşı qeyri-insani münasibət göstərilib, bir çox məscid və türbə tamamilə məhv edilib və ya öz dini-tarixi təyinatına zidd olaraq tövlə kimi istifadə olunub.

Yayılan məlumatlara görə, Şuşa Xalça muzeyindən ermənilərin oğurladıqları eksponatlar İrəvanda sərgilənməsi nəzərdə tutulur. Sərginin fevralın 20-də keçirilməsi planlaşdırılır. Xalçalar ötən ilin noyabrın 1-də Şuşadan oğurlanıb. Ən qədim xalça 350 yaşındadır.

İşğalçı qüvvələr Kəlbəcər rayonunu da tərk edərkən Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşıdığı barədə məlumatlar yaymışdılar.

Ermənilərin vandalizmi, talançılıq xislətləri daşınan maddi mədəniyyət nümunələrindən də yan keçməyib. Onlar daşınması mümkün olan hər şeyi oğurlayıblar. 

Azərbaycanın qədim mədəniyyətinin tərkib hissəsi olan xalçalar da bu qəbildəndir. Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfüqi simmetriya prinsipi üzrə mövzunu dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq üslubunda qurulub.

Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsas xətt təşkil edirdisə, sonralar xalçaçılığın ovçuluq süjetinə marağın azaldığı aydın görünür. Onlarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilib. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerini ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir. “Şəddə” tipli xalçaların xovlu xalçalara təsiri məhz bununla izah edilir.

Qarabağ xalçaçılığının tarixi Şuşa şəhərinin tarixi ilə müqayisədə çox qədimdir. Lakin Şuşa artıq XVIII əsrin sonlarında Qarabağın əsas xalçaçılıq mərkəzinə çevrilə bilmişdi. Burada Laçında, Ağdamda, Kəlbəcərdə, Ağdərədə, Ağcabədidə, Beyləqanda və digər yerlərdə yaranan gəbələrlə yanaşı, Şuşanın özündə və ətraf kəndlərdə yaranan “Əjdahalı”, “Açma-yumma”, “Bağçada güllər”, “Nəlbəki gül”, “Saxsıda güllər”, “Qoca”, “Balıq”, “Butalı”, “Ləmpə”, “Dəryanur”, “Bulud” və s. kimi xalça çeşidləri də toxunurdu.

Şuşada xalçaçılığın tarixi kökləri birbaşa türkçülüklə bağlıdır. Burada toxunan bütün xalçalar, xalça məmulatları üzərində Bayat, Kəngərli, Kolanı, Bəydili, Dəmirçi, Qazançı, Yaycı, Muğanlı, Əfşar, Quşçu, Otuzikilər, İyirmidördlər, Qaraqoyunlular kimi onlarla türk tayfalarının rəmzi olan elementlərə, damğalara rast gəlinir. Qarabağda Rusiya, Avropa, Orta Asiya, Anadolu, İran bazarlarının sifarişləri əsasında xalçaların toxunması da Şuşa ilə bağlıdır. Şuşanın xalça emalatxanalarının məhsuldarlığı sayəsində burada xalça bazarı da yaranıb.

1992-ci ilin mayında Şuşa şəhəri işğal edilən zaman Şuşanın tarix-diyarşünaslıq muzeyində saxlanılan xalqımıza məxsus digər maddi-mədəniyyət nümunələrimizlə yanaşı, xalçalarımız da Ermənistana, oradan da xarici ölkələrə, hərraclara daşındı. Ermənilər Şuşa əhalisinin evlərindən çıxara bilmədikləri XIX əsrin ikinci yarısına – XX əsrin ortalarına aid çoxlu sayda xalça və xalça məmulatlarını baha qiymətlə satışa çıxarırdılar.

Görünən odur ki, torpaqların Azərbaycan ordusu tərəfindən azad olunmasını görən düşmən özünün talançılıq missiyasından əl çəkməyib və Şuşadakı xalçaları oradan çıxarıb.

Son məlumata görə, işğaldan azad olunan ərazilərdə 303 tarix və mədəniyyət abidəsinin monitorinqi aparılıb. Təəssüf ki, onların əksəriyyəti tamamilə dağıdılıb. 461 sayda muzey, teatr, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Bunlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə məhv edilib. Bunlar bütün qeydə alınmış abidələr deyil. Hazırda proses davam edir.

İşğal altında qalan ərazilərdəki mədəni irsin monitorinqi üçün missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan UNESCO-ya dəfələrlə müraciətlər ünvanlayıb, lakin təəssüf ki, bu müraciətlər cavabsız qalıb. 

Bu missiyaya imkan verilməməsinə görə UNESCO tərəfindən Ermənistana bir çağırış və ya bu haqda bir bəyanat verilməyib.

UNESCO-nun ölkəmizə qarşı münasibətinin birmənalı olmadığı Prezident İlham Əliyevin də diqqətindən qaçmayıb. Dövlət başçısı işğaldan azad edildikdən sonra Zəngilana səfərində yerlə-yeksan edilmiş tarixi məscidin qalıqları önündən təşkilata çağırış edib:

“Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir “.

Fevralın 20-də İrəvandan Şuşa Xalça muzeyindən ermənilərin oğurladıqları eksponatlar bağlı sərgi keçiriləcək. Bəs bununla bağlı UNESCO nə düşünür? 

Son dövrlərdə UNESCO-nun erməni işğalından azad edilmiş ərazilərə missiya göndərilməsi ilə bağlı təşkilatın anlaşılmaz açıqlamalarının Azərbaycan tərəfində məyusluq yaradıb. Amma Azərbaycan tərəfi ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilən ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesini və iqlim vəziyyətinin əlverişli olmadığını bildirmişdi.
Təəssüf ki, təşkilatın bu cür mövqe sərgiləməsi qurumun imicini zədələyir. 

UNESCO-nun Azərbaycana münasibətdə birmənalı olmayan mövqeyi mədəniyyət sahəsində dünyanın ən nüfuzlu təşkilatının etibarlılığını şübhə altına alır. Talana, vandalizmə, barbarizmə məruz qalanın Azərbaycan mədəniyyəti olduğu gün kimi aydındır. Talançının kimliyi bəllidir. İndi bəzi suallar aktualdır: UNESCO niyə susur? Onu susmağa nə vadar edir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir