Mədəniyyət

Ömürlük hədiyyə: “Nine senses” uşaqlar üçün bayram təşkil etdi – FOTO

Sharing is caring!


Yaradıcılıq və özünü inkişaf etdirmək məqsədilə bu yaxınlarda açılmış “Nine Senses” incəsənət mərkəzi artıq sənətsevərlərin diqqətini cəlb edən məkana çevrilib.

Xəzər sahilində yerləşən mərkəz qonaqlarına öz daxilindəki rəssamı üzə çıxarmağa kömək edir. Burada yaşından, peşəsindən asılı olmayaraq, hər kəs ilham və özünü ifadə etmək imkanı tapır.

Bu məqsədlə incəsənət mərkəzində ən yaxşı müəllimlər, rəssamlar, ekspertlər və mənəvi mentorlardan ibarət komanda rəssamlıq, meditasiya, nevroqrafiya, animasiya, vokal və natiqlik, kino və musiqi üzrə dərslər keçirir. Burada həmçinin sərgilər, tamaşalar və digər əyləncəli tədbirlər baş tutur.

“Nine senses”in kollektivi bildirir ki, hər birimizdə yaradıcı qığılcım, yaradıcı potensial var və onun kəşfinə nisbətən erkən yaşlardan başlamaq daha yaxşıdır. Buna görə də, xüsusi olaraq uşaqlar üçün mərkəzdə böyük bir seçim var.

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günündə incəsənət mərkəzində uşaqların valideynləri ilə birgə qatıldığı “Yaradıcılıq Marafonu” keçirilib.

“Nine Senses”in akademik direktoru Natalya Jukova Oxu.Az-a bildirib ki, bugünkü tədbirin əhəmiyyəti olduqca böyükdür.

“Biz hamımız uşaqlıqdan bu günlərədək gəlmişik. Düzgün yönləndirmə olduqda, uşaqlıqdan insan doğru əhval-ruhiyyədə olur, yüksək keyfiyyətli musiqi dinləyir, düzgün müəllimlərdən dərs alır, bunun necə olması gərəkdiyini nümunələrlə görür. Ona görə də bizim müəllimlər “Nine senses”in çox ciddi tələblərinə uyğunluqla seçilən insanlardır və sənətdə saf keyfiyyətləri aşılayırlar. Uşaq bu keyfiyyətlərlə təmasda olduqda, onda bir transformasiya baş verir, doğru cığıra düşür. Böyüyəndə isə şüuraltı səviyyədə onun necə olması barədə nümunəyə malik olur. Hər bir insanın daxilində sənətkar yaşayır, amma insanın özündə onu tapması da çox vacibdir. “Nine senses” bu işdə hamıya kömək edir”, – N.Jukova qeyd edib.

Gün ərzində xüsusi proqram çərçivəsində sənət ocağının qonaqları müxtəlif tədbirlərdə iştirak etmək imkanı qazanıblar. Onlar gənc, lakin artıq təcrübəli keramikaçı-rəssam Ramina Boçarovanın rəhbərliyi altında modelləşdirmə emalatxanasında art-obyekt yaratmağa nail olublar. Valideynləri ilə birlikdə fincanlar hazırlayan uşaqlar xeyli seviniblər.

“Nine senses”də bu gün uşaqlar şahmat turnirində də iştirak etmək fürsəti qazanıblar. Şahmat üzrə beynəlxalq dərəcəli hakim, “Ağ at” şahmat məktəbinin direktoru Ülkər Umudova şahmatın uşaqları inkişaf etdirdiyini, belə turnirlərin keçirilməsinin onları bu idman növü ilə məşğul olmağa həvəsləndirdiyini qeyd edib.

Gənc şahmatçının anası Xəyalə Çadırcı da öz növbəsində Oxu.Az-la söhbətində belə bir tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Mərkəzdə fəaliyyət göstərən rəsm laboratoriyasının bir hissəsi olaraq uşaqlar rəssam Məzahir Rüstəmovun rəhbərliyi altında qarışıq texnikada əsərlər yaradaraq, həm də incəsənət aləminə qərq ola biliblər.

“Bu cür fəaliyyətlər uşaqların inkişafına və onların marağına səbəb olur. Uşaqlar axtarışdadırlar, ona görə də rəngləri qarışdırmağı, müxtəlif teksturalardan istifadə etməyi xoşlayırlar. Mən art-terapevt işləmişəm və bilirəm ki, bu, onlar üçün həm də faydalıdır. Uşaqlara təsir etmək olar, onları rəsm çəkməklə düzgün yola yönəltmək mümkündür”, – deyə M.Rüstəmov vurğulayıb.

Azərbaycanın xalq artisti, tanınmış balerina Kamilla Hüseynova da “Nine Senses”də uşaqlar üçün ustad dərsi keçib.

“Uşaqlarla keçirilən istənilən tədbir artıq böyük bayramdır. Uşaqların daha çox onları inkişaf etdirən peşəkar fəaliyyətlə məşğul olması çox gözəldir. Uşaqlar üçün belə bir tədbir əla hadisədir və mən çox şadam ki, bu tədbirdə iştirak edirəm”, – deyə o bildirib.

“Yaradıcılıq Marafonu” teatr və kino rejissoru Emin Mirabdullayevin keçirdiyi səhnələşdirilmiş ustad dərsi ilə başa çatıb. Uşaqlar tərəfindən həvəslə qarşılanan bu fəaliyyətlər ünsiyyət bacarıqlarını təkmilləşdirməyə və komandada işləməyi öyrənməyə kömək edir. Rejissor tərəfindən təşkil edilən məşqlər təxəyyül və empatiyanı inkişaf etdirir.

Maraqlıdır ki, “Yaradıcılıq Marafonu”nda 2 saylı Uşaq Evinin şagirdləri də iştirak ediblər. Müəllimə İlahə Vəliyeva saytımıza müsahibəsində bildirib ki, uşaqlar tamamilə fərqli tədbirlərə qatılıb və hər şeyə böyük maraq göstəriblər.

“Mən çox şadam ki, hər bayramda uşaqlar üçün müxtəlif əyləncələr təşkil olunur. Biz dövlətin qayğısını daim hiss edirik”, – o qeyd edib.

Sonda “Nine Senses”in akademik direktoru bir daha vurğulayıb ki, mərkəz xüsusi olaraq həm böyüklər, həm də uşaqlar üçün yaradılıb və bu gün bu bayramda onun bütün keyfiyyətlərini tam nümayiş etdirmək imkanı yaranıb.

“Bu gün valideynlər və onların övladları incəsənət obyektləri yaratdılar. Uşaqlar rəqs etməkdən həzz aldılar, bədii laboratoriyada öz əsərlərini hazırladılar, şahmat oynadılar. Mərkəz sinesteziya üzərində qurulub, yəni bizim vəzifəmiz insandakı bütün doqquz hissi üzə çıxarmaqdır (mərkəzin adı da buna uyğundur). Bizim insanların rəqs edərkən yoqa ilə məşğul olduğu bir praktikamız da var. Bizim mərkəzimiz elə qurulub ki, buradakı insanlar öz hallarını tamamilə dəyişsinlər, işlərinə təzələnmiş halda qayıtsınlar, ən əsası isə onlarda bütün doqquz duyğu üzə çıxsın”, – N.Jukova bildirib.

Həqiqətən də, bu gün “Nine Senses” uşaqlar üçün əsl bayram hədiyyəsinə çevrilib. Belə ki, mərkəz azyaşlılarda həyatda onlara faydalı olacaq bir çox keyfiyyətlərin toxumlarını səpib.

Firəngiz Ağalarova

Daha çox fotolar burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir