Mədəniyyət

Yaponiyalı “Selincer”, Nobel mükafatı laureatı Kenzaburo Oe vəfat edib – FOTO

Sharing is caring!

Yaponiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kenzaburo Oe 88 yaşında vəfat edib.

O, 1994-cü ildə “poetik gücü ilə reallıq və mifin birləşdiyi xəyali bir dünya yaradaraq bugünkü insan səfalətlərinin narahatedici mənzərəsini təqdim etməsinə” görə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülmüşdü. Nobel Komitəsi onun əsas əsərləri kimi “1860-cı ilin futbolu”nu (“The Silent Cry”), “M/T və Meşə möcüzələri haqqında hekayə”ni  (“M/T and the Narrative About the Marvels of the Forest”) və “Şirin keçmişə məktublar”ı (“Letters for Nostalgic Years”) hesab edib.

Kenzaburo Oe 1958-ci ildə “Heyvandarlıq” (“Shiiku”) hekayəsinə görə Yaponiyanın debütantlar üçün ən yüksək ədəbi mükafatı olan “Akutagava” mükafatına layiq görülüb.

Yazıçı həyatını yapon gənclərinin özünüidentifikasiyası probleminin öyrənilməsinə həsr edib. Məhz bu səbəbdən ədəbi dairələrdə o, “Yaponiyalı Selincer” adını alıb (Cerom Selincer – amerikalı yazıçı, “Çovdarlıqda uçurumdan qoruyan”/ “The Catcher in the Rye”, müəllifi – red.).

Kenzaburo Oe öz ədəbi üslubunu “qrotesk realizmi” kimi xarakterizə edib.

Yazıçı həmçinin ölkə konstitusiyasının doqquzuncu maddəsinə yenidən baxılması cəhdlərinə qarşı çıxan “Maddə 9 Assosiasiyası”nın üzvü olub. Bu maddə Yaponiyanın öz silahlı qüvvələrini saxlamaqdan imtina etməsini nəzərdə tutur və pasifizmi dövlət siyasətinin əsası elan edir.

Mənbə: AFR

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir