Mədəniyyət

Nəcibə Məlikovaya yox dedi, ərini erkən itirdi: “Ögey ana”nın “Cəmilə”si haqqında bilmədiklərimiz… – FOTO

Sharing is caring!

Kulis.az “Ögey ana” filmi ilə məşhurluq qazanan aktrisa Sevinc Axundova haqqında maraqlı faktları təqdim edir.

Sevinc Mirzəağa qızı Axundova 1947-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini əvvəl 18 nömrəli, daha sonra isə 15 nömrəli rusdilli orta məktəbdə alıb. Atası müəllim, dosent Mirzəağa Axundov Neft Akademiyasında çalışıb, anası Səfurə Əliyeva həkim olub.

Azərbaycanlı tamaşaçı Sevinc Axundovanı “Ögey ana” filmindəki “Cəmilə” obrazı ilə tanıyıb və sevib. Filmə çəkilməsi ilə bağlı verdiyi müsahibədə deyir:

“Çəkilişə başlamaq üçün müsabiqə keçirirdilər. Mənim dayım oğlu da film operatoru idi. Həmin yerə məni o apardı. Onda 4-cü sinifdə oxuyurdum. “Cəmilə” obrazı üçün üç qızı sınaqdan keçirdilər. Nəhayət, mənim üzərimdə dayandılar. Dedilər ki, “şeir de, ağla, gül”. Nə dedilərsə, mən də etdim, xoşlarına gəldi. Çəkiliş zamanı bildirdilər ki, bu qızın saçını beş barmaq kəsək. Atam da icazə verdi, ümumiyyətlə, saçımı qısaltdılar. Yadımdadır, hətta orada bir günlük dağa da çıxdıq. Üzüm, əlim, qolum dağda yıxıldığıma görə cızılmışdı deyə rejissor məni çox danladı. Dedi, “sən niyə icazəsiz getmisən?”

Bundan başqa, aktrisa müsahibəsində çəkilişlərdən yadında qalan maraqlı hadisələri də oxucularla bölüşür:

“Suya yıxılma səhnəmi məndən tez-tez soruşurlar. O çəkilişi oktyabrın əvəllərində etdik. Deməli, çəkiliş zamanı altı dəfə suya düşdük. İsmayıllıda böyük bir çay idi, orada suya yıxılırdıq. Amma sudan çıxmaq səhnəsi Dilicanda çəkilib. İsmayıllıda suya düşdük, Dilicanda çıxdıq. Birinci dəfə suya düşəndə qorxdum, İsmayılı itələdim, qaçdım. Sonra məni aldatdılar. Anam da həkim idi, dedilər ki, get spirt gətir, uşaqları spirtləmək lazımdır. Anam gedib-gəlincə beş dəfə suya girdik. Beş dəfə də geyimimizi dəyişdilər. Beş dubl çəkiləndən sonra ən yaxşısını seçdilər. Yadımdadır ki, bir dəfə suya düşdük, çox qəşəng alındı, sevindik ki, ikinciyə ehtiyac qalmayacaq. Bir də baxdıq ki, bizi sudan çıxaranda bir kişinin başı kadra düşüb. Axır ki, alındı. Təbii, əməlli-başlı xəstələndik. Balaca cücəni isə mənə bağışladılar, gətirdim, şəhər evində saxladım, böyütdüm.

Yadımdadır, birinci dəfə Ceyhun (“İsmayıl” obrazını canlandıran Ceyhun Mirzəyev – red.) mənə dedi ki, çayda şüşələr var, sənə batacaq. Uşaq şıltaqlığı var idi. Küsürdük, barışırdıq. “Fəryad” filmini çəkməmişdən öncə deyirdi ki, istəyirəm, həmin filmin ardını çəkim, sənin yoldaşını, mənim yoldaşımı çəkim. Sonra “Fəryad” filmi araya girdi”.

Aktrisa sonralar “Aygün” filminə çəkilir. “Ögey ana” filmində olduğu kimi, bu filmdə də Xalq artisti Nəcibə Məlikova ilə tərəf-müqabil olur. Nəcibə xanım isə Sevinc xanımı oğluna almaq istəyir. Bu barədə Sevinc xanıma deyəndə, o razılaşmır, onun oğlunu qardaşı kimi çox istədiyini səbəb göstərir.

Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinə daxil olur. Daha sonra Dövlət Konservatoriyasında fortepiano üzrə təhsil alır. 18 yaşından etibarən musiqi məktəblərində dərs deyir.

Sevinc xanım gələcək həyat yoldaşı ilə eyni sinifdə oxuyur. Sinif yoldaşı münasibəti dostluğa, daha sonra isə sevgiyə çevrilir. Onlar ailə həyatı qururlar. Bu evlilikdən onun Cəmilə və Çinarə adında iki övladı dünyaya gəlir.

Ancaq qızları doğulandan bir müddət sonra aktrisanın həyat yoldaşı qəfildən dünyasını dəyişir. O bu barədə deyir:

“Mənim iki qızım var. Cəmilə və Çinarə. Cəmilə adı mənim çox xoşuma gəlir. Uşaq olanda “Cəmilə” adlı ərəb kinosuna baxmışdım. Tale elə gətirdi ki, filmdə də adım Cəmilə oldu. Həyat yoldaşım qəfildən rəhmətə getdi, uşaqlarımı çətinliklə də olsa, tək böyütdüm. Çox sevinirəm ki, qızlarım yaxşı mühitdə böyüyüblər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir