Manşetüstü Mədəniyyət

Mədəniyyət abidələri diqqət mərkəzindədir – Foto

Sharing is caring!

“Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərkibində 5 regional idarə yaradılmasında məqsəd dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etməkdən ibarətdir”.

XəbərAl.az xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri oktyabrın 25-də Ucar rayonunda vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında bildirib.

Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğuladı: “Bildiyiniz kimi, hər ay yerlərdə vətəndaşların qəbulu təşkil olunur. Bölgələrdə insanlarla görüşlər keçirilir, onların problemləri dinlənilir, qaldırdıqları məsələlərin öz həllini tapması üçün dəstək göstərilir. Bu dəfə də vətəndaşlarımız tərəfindən bir sıra məsələlər qaldırıldı. Bunlar mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yüksəldilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, musiqi və incəsənət məktəblərinə musiqi alətlərinin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı oldu. Şəhər və rayonlarda əhali ilə keçirilən görüşlər qaldırılan məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır”.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərmanı və “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” sərəncamına da toxundu: “Məlum olduğu kimi, Şəmkir və Ağsu şəhərinin tarixi hissəsində arxeoloji qazıntılar aparılırdı. Bu məkanlar tariximizin, mədəni irsimizin nə qədər zəngin olduğunu bir daha nümayiş etdirir. Aparılan arxeoloji qazıntılar, aşkar olunan mədəni sərvətlər təhlil olundu və cənab Prezidentin sərəncamı ilə həmin ərazilərdə qoruqlar yaradıldı. Bu istiqamətdə işlər həyata keçiriləcək, sərəncama uyğun olaraq yeni yaradılan bu iki qoruq, eləcə də “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Nizami Gəncəvi məqbərəsi” kompleksinin də yer aldığı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu öz işini müasir tələblər səviyyəsində quracaq”.

***

Əbülfəs Qarayev daha sonra Ucar rayon Mərkəzi Kitabxanasına gələrək Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşən “Uşaq kitab karvanı” layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak etdi.

Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, “Nəsimi ili” çərçivəsində keçirilən tədbirin məqsədi, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir.

Əbülfəs Qarayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək yerlərdə səyyar kitab sərgilərinin təşkil olunmasını gənclərdə və kiçikyaşlı uşaqlarda mütaliəyə marağı daha da artdığını vurğuladı.

Tədbirdə uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Solmaz Amanova, elmi-fantastik əsərlərin müəllifi Reyhan Yusifqızı çıxış edərək uşaqlar üçün yazılan hər bir əsərin ədəbiyyatın çox vacib tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Son illərdə nəşr olunmuş kitablar haqqında məlumat verən yazarlar “Uşaq kitab karvanı” layihəsinin həyata keçirilməsinə görə nazir Əbülfəs Qarayevə təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, layihə çərçivəsində Ucar rayon MKS-nin Uşaq şöbəsinə 400 kitab hədiyyə olunub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir