Mədəniyyət

Faiq Əhməddən oğurluq ittihamlarına cavab

Sharing is caring!

Bir neçə gündür sosial şəbəkələrdə rəssam Faiq Əhmədin müəllifi olduğu Azərbaycan xalçasının dizaynı müzakirə edilir. Müxtəlif sosial aktiv fərdlər və sənətçilər Faiq Əhmədin bu konsepti mərhum sənətkar Ceyhun Ocadovdan “oğurladığını” iddia edirdilər.

VarYox.az bu barədə Faiq Əhmədin bəyanatını yayımlayıb:

“Bu ittiham haqda ilk dəfədir ki, ictimai olaraq yazıram. İllər boyu dostumun xatirəsinə hörmət əlaməti olaraq susurdum. Ceka (Ceyhun Ocadov) mənim yaxın dostum idi. İndi o həyatda deyil, buna görə də mən aramızda olan münasibəti müzakirə etməyəcəyəm. Hal-hazırda sosial şəbəkələrdə müzakirə olunan mövzu açıq böhtandır. Məhz buna görə mən fikrimi bildirməyə qərar verdim.

Mən məni ittiham edən həmvətənlərimə – nə mən, nə də Ceka haqda xəbəri olmayan şəxslərə müraciət edirəm. Belə ki, siz məni “ən birinci” olmamaqda ittiham edən nə ilk, nə də sonuncu şəxslərsiniz. Təəccüblənəcəksiniz, amma mən, doğrudan da, xalça üzərində eksperiment aparan ilk insan deyiləm. Məndən öncə bunu Alighiero Boetti, Farhad Moshiri (1940 – 1994), Lətif Kərimov (1906 – 1991) edib. Azərbaycan xalçası mövzusunda məndən başqa, Çingiz Babayev, Vüqar Muradov, Tərlan Qorçu, Elşən İbrahimov, Fərid Rəsulov, Fərhad Fərzəli, Orxan Məmmədov və Ramal Kazım da işləyib. Bildiyimə görə, indiyə qədər heç kim heç kimi plagiatlıqda ittiham etməyib.

İncəsənətdə kiminsə birinci, kiminsə ikinci olması mümkün deyil. Hərənin öz yolu var və rəssamın yolunu imitasiya etmək mümkünsüzdür. Amma imitasiya ilə məşğul olanlar Beynəlxalq İncəsənət İnstitutları vasitəsilə asanlıqla ifşa olunur. Mənim üçün məşhur muzeylərin kolleksiyalarında akademik filtrdən keçmədən yer almaq mümkünsüz olardı. Toxuculuğun, xüsusilə Azərbaycan toxuculuğunun rəssamların işləri vasitəsilə daha da populyarlıq qazandığını müşahidə etmək məni sevindirir. Mən həmişə onlara konsepsiyanın yaradılmasından onun reallaşdırılmasınadək hər şeydə dəstək olmaqdan məmnunam.

Əlavə olaraq, neçə illərdir mənə və mənim işlərimə böhtan atan İbrahimə – Cekanın qardaşına müraciət etmək istəyirəm. Bizim şəxsi tanışlığımız olduğu üçün mən ona ictimai olaraq, şəxsən müraciət edirəm. Niyə mənə Cekanın ölüm xəbərindən sonra sizin evə ilk gələnlərdən biri olanda bütün bunları demədin? Sən axı insanlara bütün həqiqətləri danışmadığını bilirsən. Sən bilirsən ki, insanlar bütün doğruları bilsə, məndən üz döndərməz, hətta bunun əksi olar… Amma özünün doğruluğundan əminsənsə, eskizlərlə, sübutlarla, şahidlərlə məni məhkəməyə ver.

Sənin bəhanəni öncədən bilərək bəyan edirəm ki, sənin məhkəmə iddianı, mənə qarşı olan vəkilini və digər məhkəmə xərclərini hakimin son qərarına kimi ödəməyə hazıram. Amma əsassız ittihamlar və böhtan davam etsə, sən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan və yalan informasiya yaymaqla məhkəməyə cəlb olunacaqsan.

Mən hamıya SÜLH arzulayıram! İçinizdə alov yanırsa, onu həmvətənlərinizə yox, Qarabağa yönləndirin! Boş ittihamlardansa bir yerə toplanın, mədəniyyət haqda müzakirələr aparın, mən də məmnuniyyətlə sizə qoşulum!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir