Mədəniyyət

Azad edilmiş ərazilərdə açıq səma altında muzeylər yaradıla bilər

Sharing is caring!

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə açıq səma altında muzeylərin yaradılması, böyük tarixi əhəmiyyət daşıyacaq.

XəbərAl.az xəbər verir ki, bunu mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, bu məsələnin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gündəmə gətirilməsi, Azərbaycan ərazilərində erməni cinayətlərinin izlərini saxlamaqla bunu əyani şəkildə gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Çünki belə muzeylərin təşkili hələ uzun illər erməni vandalizminin baş verməsinin səbəblərini əyani şəkildə nümayiş etdirməklə, bu xalqın faciəsini gələcək nəsillərə çatdıracaq:

“Muzey əslində tarixə şahidlik edən nümunələrin, xalqın maddi və mənəvi dəyərlərinin saxlandığı, qorunduğu, öyrənildiyi yerdir. Muzey yalnız əşyaları nümayiş etdirməməlidir, eyni zamanda maarifləndirməlidir. Odur ki, açıq səma altında yaradılan muzeylərin təşkili, böyük diqqət və yüksək peşəkarlıq tələb edəcəkdir”.

F.İsmayılov qeyd edib ki, açıq səma altında yeni yaradılan muzeylər ən yeni tariximizin son 28 ilində baş verən irqçilik, etnik təmizləmə və törədilən vandalizm aktlarının müəyyən məqamını özündə yaşatmalı, ölkə tarixinin bu hissəsində baş verən hadisələr barədə muzeyə daxil olan insanlara müfəssəl məlumat verməlidir.

Tədqiqatçı hesab edir ki, muzeylər üçün yer seçilərkən ərazinin əhəmiyyət dərəcəsi mütləq nəzərə alınmalı və insanların yaddaşında yaşaması üçün hafizələrdə necə qalacağı öyrənilməlidir. Bunun üçün parakəndə halda biri-birindən uzaqda dağıdılan qurğuların muzey kimi saxlanması effektli olmaz:

“Nəzərə almaq lazımdır ki biri-birinə daha sıx yerləşən bina, qurğu və mülklərin qalıqları daha çox diqqət çəkər. Buna, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl şəhərinin və Kəlbəcər rayonunun İsti su müalicə kompleksinin müvafiq hissələrini, əhalinin seyrək yaşadıqları yerlərdə isə məscid, inam və inanc yerlərini və s. misal göstərmək olar”.

Ekspert qeyd edib ki, bu muzeylərdə baş verən olaylardan xəbər verən eksponatları yerləşdirilməsi də mühüm əhəmiyyət daşıyan amillərdən biri olmalıdır. Hadisələrin baş verdiyi anları əks etdirən fiqur, əşya, alət, silah və digər qurğuların müzeylərdə yerləşdirilməsi, ərazini daha baxımlı və maraqlı edər. Açıq Səma Altındakı Muzeylərdə qurulan ansambıllar, bu ansambılların əhatə etdikləri və tarixi hadisələrin baş verdiyi ərazilər, bədii kompozisiya cəhətdən bir-birini tamamlayan komplekslər və çox növdən olan tikinti qrupunun qalıqları izahata ehtiyacı olmayan ümumi məzmun və məna kəsb etməlidir. Bu Muzeylər qurularkən oradakı kompazisiya həm elmi və həmdə maarifçilik istiqamətində, gələn ziyarətçinin diqqətini çəkməli, ziyarətçidə ərazidə baş vermiş hadisələri öyrənməyə maraq yaratmalıdır.

F.İsmayılovun fikrincə, muzeylər yaradılarkən onların oxşar olmamalarına diqqət yetirmək lazımdır. Burada yeraltı və yerüstü mədəni sərvətlərimizin də yer alması müxtəlifliyə töhfə vermiş olar:

“Məsələn, Ağdam rayonunun Şahbulaq ərazisində ermənilər tərəfindən qeyri-qanuni istismar edilən Arxeoloji abidələr kompleksi və Xocavənd rayonu ərazisindəki beş hektarlıq Azıx mağarası həm də tarixi baxımdan çox əhəmiyyət daşıya bilər. Mədəniyyət beşiyimiz Şuşa şəhərinin 350 hektarlıq qoruq ərazisinin bərpası bütövlükdə şəhəri açıq səma altında muzey kimi tanıdacaq. Burada baş verən erməni vandalizminin izləri isə ayrı-ayrı mülklərin, inzibati binaların, yaşayış evlərinin bir hissəsini konservasiya edilib saxlamaq olar”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir