Mədəniyyət

Filmə görə evinə hücum elədilər, yazdıqlarını oğurladılar: Onu KQB öldürdü? – FOTO

Sharing is caring!


Bu gün yazıçı Fərman Kərimzadənin anım günüdür. Kulis.az bu münasibətlə yazıçı haqqında 10 maraqlı faktı təqdim edir.

Yazıçı 1937-ci ildə Qərbi Azərbaycanda dünyaya göz açıb və 12 yaşında olanda ailəsi deportasiya olunub.

Qaçqınlıq dövründə çox ağır günlər yaşayıb. Hətta bir dəfə özü deyib ki, Bakıya ayağında qaloş piyada gedib.

Həyat yoldaşı Xalidə xanımı universitetdə oxuduğu dönəmlərdə görüb və onu sevib. Lakin Xalidənin ailəsi Fərman Kərimzadənin kasıb olduğu üçün qızlarını ona vermək istəməyib. İmkanlı ailə olan Xalidənin ailəsi bəhanə gətirib ki, qızları hələ uşaqdır, yemək də bişirə bilmir. Şair Məmməd Aslan, Fərman Kərimzadənin yaxın dostu kimi bu məsələni həll edəcəyini, ailənin “hə”sini alacağını söyləyib. Ancaq elçiləri qovublar. Çarəsiz qalan Fərman Kərimzadə qızı qaçırmağa məcbur olub.

Fərman Kərimzadənin öz ailəsindən başqa bir ailəsi də olub. O qadından yazıçının bir qızı dünyaya gəlib. Yazıçı, Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə o anları belə xatırlayıb:

“Atam bir müddət, haradasa il yarım anamdan ayrılıb, başqa qadınla yaşayıb, sonra geri qayıdıb. Bu, mənim uşaqlıq yaddaşımda travma kimi qalıb”.

Yazıçı geri qayıdandan sonra Xalidə xanım onu bağışlayıb.

“Axırıncı aşırım” filmi onun “Qarlı aşırım” romanının əsasında çəkilib. Bu film ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib. Onu öldürmək istəyiblər. Qızı, yazıçı Yeganə Kərimzadə müsahibələrinin birində bu barədə danışıb:

“Bir dəfə bibimgilə getmişdim. Bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər ki, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo, həqiqətən, elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yaba ilə öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış”.

Onun başqa əsərləri də buna bənzər tale yaşayıb. Nəsrəddin Tusi, Andranik haqqında əsərlərini yazıb bitirəndən sonra əlyazmalar yaşadığı evdən yoxa çıxıb. Oğurluq tarixçəsi haqqında qızı mətbuata danışıb. Onun dediyinə görə, gecə hamı yatandan sonra onların evinə naməlum bir qadın gəlib. Onun gəlişini qızından başqa heç kim görməyib. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər evdən oğurlanıb. Bundan başqa, Yuqoslaviya müharibəsi ilə bağlı daha bir romanı 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən götürüldüyünü öyrənib.

Deyilənə görə, hər il ad günündə yazıçının qəbri üzərinə kimliyi məlum olmayan adam tərəfindən təzə-tər çiçəklər qoyulub. Bir müddət sonra isə məlum olub ki, bu, yazıçının oxucularından biridir.

Bir dəfə uşaqları ilə doğulduğu Vediyə gedib. 1986-cı ildə. Uşaqlara dağları göstərib və deyib:

“Ölüb qalmaq istəyirəm burada”. Və ondan sonra “Apardı sellər Saranı” mahnısını oxuyub.

1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə ürəyi dözə bilməyib və özündən gedib. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib.

Onun ölümü də müəmmalı olub. Qızının dediyinə görə, atasını KQB öldürüb: “Sağlam adam olub. Məncə, onu KQB öldürüb. Son hadisələrdə çox fəal idi. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki, bunlar ediblər. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul eləməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, oradan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orada iflic olmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu içimdə ciddi şübhələr var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir