Kriminal Manşetüstü

Bakıda bank işçisini öldürən yeniyetməyə hökm oxundu

Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəbərAl.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Qurbanəli Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il dekabrın 21-də Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Qurbanov olması müəyyən edilib və o saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Qurbanəli Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur.

Dünyasını dəyişən Ləman Süleymanlı “Azər-Türk Bank”da mühasib – şöbə müdiri vəzifəsində çalışıb.