Kriminal manset

“Söyüş söymə, burda qadınlar var…” – Toyda kütləvi dava

Sharing is caring!

Masallı rayonunda cinayət törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Cavid Səmədov və Eltun Nurullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəbərAl.az xəbər verir ki, dəfələrlə məhkumluq həyatı yaşayan Cavid Səmədov 29 avqust 2018-ci ildə saat 23 radələrində tanışı Eltun Nurullayevlə Masallının Şərəfə kəndində yerləşən “Kəndimiz” şadlıq evinin qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı pozub.

Onlar Səfər Qədiyevi döyərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetiriblər.

“Həbsxana həyatından danışırdım”

Hadisə zamanı Eltun Nurullayev daşla Anar Kərimova məxsus “Ford” markalı avtomaşının şüşəsinə vurub. Anar Kərimova 550 manat məbləğində ziyan dəyib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cavid Səmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, avqustun 29-da “Kəndimiz” şadlıq evinin yay zalında Təkdam kənd sakini Ziyafəddinin oğlunun toyu olub: “Toyda iştirak etmişəm. Saat 22-23 radələrində şadlıq evinin həyətində olan zaman Səfərlə söhbətləşirdim. Həmin vaxt orada Eltun və qardaşı Elvin adlı şəxs də var idi. Əvvəllər törətdiyim cinayətə görə cəza çəkdiyim həbsxana həyatından Səfərə danışırdım”.

“Səfərlə toyda tanış oldum”

Təqsirləndirilən şəxs qeyd edib ki, şadlıq evinin həyətində tanımadığı şəxslərin mübahisə etməyə başladığını görüb, lakin həmin şəxsləri tanımayıb: “Hətta həmin vaxt mübahisə edən şəxsləri də aralaşdırmışam. Səfər də kiminləsə mübahisə edirdi, amma həmin şəxsin kim olduğunu və onu kimisə vurduğunu görməmişəm. Səfərlə Ziyafəddinin oğlunun toyunda tanış olmuşdum, onunla əvvəllər ədavət və düşmənçiliyim olmayıb”.

“Cəvahir toyda döyüldüyünü səhv deyir”

Cavid Səmədov qeyd edib ki, Eltunun Səfərlə mübahisə və dava-dalaş etdiyini görməyib: “Anar Kərimovun Cəvahir Fərəcovanın qolundan tutaraq sıxdığını və yerə yıxdığını da görməmişəm. Cəvahir toyda mübahisə zamanı Səfər və Cəfərqulu Qədiyevlərin onu döydüyünü göstərsə də, səhv edib. Onu Səfər, Cəfərqulu və ya başqa hər hansı şəxs döyməyib. Eltun Nurullayevin Anar Kərimova məxsus avtomobilin qabaq sol yan qapısının şüşəsini sındırmasının da şahidi olmamışam”.

“Əlini boynuma salaraq qohum olduğumuzu bildirdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səfər Qədiyev bildirib ki, həmin gün şadliq evində toy mərasimində iştirak edib. Toyda ailə üzvləri, atası Cəfərqulu, bacısı Lalə, yeznəsi Anar və digər yaxın qohumları iştirak edib:

“Təxminən 21 radələrində toya gəlmişəm. Sonra əmim arvadı Xalidəni Bakı şəhərinə yola salmaq üçün onunla toydan çıxmışam. Saat 23:30-da geri qayıdan zaman şadlıq evinin qapısının yanında həmkəndlim Nazimin oğlu Eltunun uca səslə kiminsə ünvanına nalayiq söyüşlər söydüyünü gördüm, ona iradımı bildirdim. Toyda qadınlar olduğunu, söyüş söyməməsini söylədim.

Həmin vaxt yanında olan həmkəndlim İbadətin oğlu Şirin Eltunun sərxoş olduğunu dedi, mübahisə yaratmamağımı istədi. Eltun isə əlini boynuma salaraq qohum olduğumuzu bildirdi, narazılıq etmək lazım olmadığını söylədi. Onunla birlikdə şadlıq evindən bayıra çıxdıq”.

“Gözləmədiyim halda məni vurdu”

Səfər Qədiyevin sözlərinə görə, bu vaxt həmin yerdə toyda iştirak edən təxminən 10-15 nəfər şəxs dayanıbmış: “Onların kimliyini xatırlamıram. Eltunla söhbət edərkən o, qəflətən heç bir səbəb olmadan üzümə şillə vurdu. Eltunun məni vuracağını gözləmədiyim üçün özümü itirdim. Ondan məni vurmasının səbəbini soruşdum. Məni vurmaqla yaxşı elədiyini bildirərək hamının yanında nalayiq söyüşlər söyməyə başladı. Eltunla dartışmağa başladım, məni vurmağa çalışarkən əlindən çıxmağa çalışdım.

Həmin vaxt əvvəllər tanıdığım Köçəkli kənd sakini İnqilabın oğlu Cavid yaxınlaşaraq gözləmədiyim halda yumruqla burnuma vurdu. Zərbənin təsirindən burnumdan qan axmağa başladı. Sonra Eltun təpiklə qoluma və bədənimin müxtəlif nahiyələrinə vurdu. Eltunun təpiklərindən qorunmaq üçün əllərim ilə özümü müdafiə etdim, Eltun əllərimə də xəsarət yetirdi”.

20-25 dəqiqənin davası

Zərərçəkmiş kütləvi davanın 20-25 dəqiqə çəkdiyini, hadisə yerinə polis əməkdaşlarının gəldiyini bildirib. O, hər iki təqisrləndirilən şəxslə barışdığını, onlardan şikayətçi olmadığını söyləyib.

Masallı rayon Məhkəməsinin hökmü ilə Cavid Səmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Eltun Nurullayev isə islah işləri cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Cavid Səmədov apelyasiya şikayəti verib. O, etmədiyi cinayətə görə məhkum olunduğunu iddia edib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Cavid Səmədovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Fuad Soltanovun sədrlik etdiyi kollegiyada araşdırılıb və təmin edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir