Kriminal

Azərbaycanda həbs edilmiş polis zabiti hakimləri söydü: Cəzası artırıldı

Sharing is caring!

Bir neçə gün əvvəl Şəki Rayon Məhkəməsində Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru işləmiş, rüşvət və sənədlərin saxtalaşdırılmasına görə barəsində cinayət işi açılaraq məhkum edilmiş 1985-ci il təvəllüdlü Şahin Əhmədovun həbs müddəti artırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə hökm elan edildikdən sonra hakimləri söyərək təhqir edən Ş.Əhmədov barəsində Cinayət Məcəlləsinin 289.2-ci (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə açılmış işə baxılıb. Şəki Rayon Məhkəməsinin hökmü ilə keçmiş polis zabitinin cəzası 4 ay artırılıb.

Qeyd edək ki, Zərdab rayon sakini olan Şahin Əhmədov baş inspektor işləyərkən bir qrup polis əməkdaşı və İran vətəndaşı ilə əlbir olaraq xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində təqsirli bilinib. Məlum olub ki, həmin vaxt o, külli miqdarda rüşvət müqabilində Dövlət Miqrasiya Xidmətindən müvafiq arayışları olmayan, üzünü belə görmədiyi bir neçə İran vətəndaşını Ucarın müxtəlif kəndlərinə qeydiyyata almaqla onlara Azərbaycan Respublikasının saxta şəxsiyyət vəsiqəsini verib.

2019-cu ildə bu əməllər üzə çıxdıqdan sonra Ş.Əhmədovla əlbir olan dəstə üzvləri həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin Şəki Apelyasiya Məhkəməsi cəzanı daha da ağırlaşdıraraq həbs müddətini 9 il 6 aya çatdırıb. Bundan sonra məhkum hakim G.Abbasovun sədrlik etdiyi kollegiyanın ünvanına ağır ifadələr işlədib və bu görüntülər məhkəmə kamerası tərəfindən qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir