Kriminal

Son 15 gündə İranla sərhəddə altı insident qeydə alınıb – FOTO

Sharing is caring!

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən 1200 kiloqram yabanı halda bitmiş çətənə kolu yandırılaraq məhv edilmiş, 52 kiloqram 880 qram narkotik vasitənin, 3240 ədəd psixotrop tərkibli həblərin və 42 kiloqram 165 qram dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX məlumat yayıb.

İyun ayının 12-də saat 03:50-də Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 3 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin qayalıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar. Sərhəd pozucularının təqibi zamanı 1 nəfər naməlum şəxsin havanın qaranlıq olmasından istifadə edərək yaxınlıqdakı yaşayış məntəqəsinə doğru qaçması müşahidə olunub. Hazırda həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üzrə axtarış tədbirləri davam etdirilir.

Həmin ərazi dərhal qapadılaraq keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində qayalıq və sıx kolluqların arasında gizlədilmiş 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəyə (1 kq tiryək, 7 kq 800 qr marixuana) bənzər maddələr, 700 ədəd psixotrop tərkibli “metadon-40” həbi və 42 kiloqram 165 qram müxtəlif növ dərman preparatları aşkar olunaraq götürüb.

İyun ayının 19-da saat 18:30-da Biləsuvar rayonunun 8 saylı qaçqın qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə yulğun ağacının altında gizlədilmiş 2 ədəd bağlama içərisində təxmini çəkisi 24 kiloqram 200 qram narkotik vasitəyə (23 kq 700qr marixuana, 400 qr heroin, 100 qr metamfetamin) bənzər maddələr və 1200 ədəd “preqabalin” həbi aşkar olunaraq götürülüb.

İyul ayının 4-də saat 11:00-da “Xaşxaş-2022” şərti ad altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zəngilan rayonunun Bürünlü kəndinin sərhəd xəttinə yaxın olan ərazisində yabanı halda bitmiş narkotik xassəli 1713 ədəd ümumi çəkisi 1200 kiloqram yabanı halda bitmiş çətənə kolları yerli şəhər polis şöbəsi əməkdaşlarının, ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə toplanılaraq, komisyon şəkildə yandırılma yolu ilə məhv edilib.

İyul ayının 7-də saat 00:15-də Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd pozucusunun təqibinə başlanılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçı əlindəki bağlamanı yerə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq və qamışlıq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıb.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd qara rəngli bağlamanın içərisində ümumi çəkisi 4 kiloqram 355 qram narkotik vasitəyə (1 kq 335 qr tiryək və 3 kq 20 qr marixuana) bənzər maddələr aşkar olunaraq götürülüb.

İyul ayının 8-də saat 14:00-da Astara rayonunun Hamuşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılıb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 17:30 radələrində Astara rayonunun Diquli kəndi yaxınlığında 3 nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Onların Ağstafa rayon sakini 1992-ci il təvəllüdlü Musayev Famil Nəcəf oğlu, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Ağalarov Mirəli Ramiq oğlu və Füzuli rayon sakini 1998-ci il təvəllüdlü Əliyev Asər Habil oğlu olmaları müəyyənləşdirilib, üzərlərindəki 2 ədəd bel çantasına baxış zamanı təxmini çəkisi 6 kiloqram 625 qram narkotik vasitə marixuanaya və 1340 ədəd psixotrop tərkibli “metadon-40” həbinə bənzər maddələr aşkar olunaraq götürülüb.

Araşdırma zamanı qeyd olunan şəxsləri qarşılamaq və onlara qaçaqmalın daşınmasında köməklik etmək məqsədilə sərhədboyu əraziyə gələn ağ rəngli “Niva” markalı 99-KE-484 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Tovuz rayon sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Məhəmməd oğlu və onu müşayiət edən Qobustan rayon sakini 1994-cü il təvəllüdlü Mansurlı Nicat Dədəxan oğlu müəyyənləşdirilərək Diquli kəndi yaxınlığında saxlanılıb.

İyul ayının 11-də saat 13:15-də Zəngilan rayonunun Vejnəli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sahibsiz halda kolluqların arasında gizlədilmiş 1 ədəd ağ bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 900 qram narkotik vasitə marixuanaya bənzər maddələr aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir