Kriminal

Azərbaycanda dörd qurumun araşdırdığı 10 il əvvəlki qətlin ÜSTÜ AÇILDI

Sharing is caring!

Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdən bağlı qalmış daha bir xüsusilə ağır cinayətin açılması təmin olunub. 

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Belə ki, 10 oktyabr 2012-ci il tarixdə Axundov Cəfər Məmmədmehti oğlunun Yasamal rayonu ərazisində özünə məxsus avtomobildə meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq  maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra icraat təzələnib, birgə həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilib ki, Şirinov Zöhrab Şirin oğlu 10 oktyabr 2012-ci il tarixdə saat 14 radələrində tanışı və əvvəllər qonşuluğunda yaşamış Cəfər Axundovla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evdə narkotik vasitə qəbul edib.

Cəfər Axundovun narkotik sərxoşluğu vəziyyətinə düşməklə hərəkət etmək, müqavimət göstərmək imkanından məhrum olunduğunu görən Zöhrab Şirinov aralarında əvvəllər şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni – cüzi səbəbi bəhanə edib uzanıqlı vəziyyətdə qalmış C.Axundovun həyatı üçün vacib orqanlarının yerləşdiyi qarın və sinə nahiyələrinə təpiklə zərbələr vurmaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Daha sonra  törətdiyi cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə öldüyü görüntüsünü yaratmaq məqsədilə həmin gün axşam saatlarında Cəfər Axundovun meyitini sonuncunun mülkiyyətində olan “Mercedes-Benz C200” markalı, 90-LV-150 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoyub. Onu Yasamal rayonu, “Qurd qapısı” adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlığa aparıb avtomobildə cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman qabını yerləşdirərək oradan uzaqlaşıb.

27 may 2022-ci il tarixdə Zöhrab Şirinova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir