Kriminal

İlkin Süleymanov məhkəmədə təzyiqlərdən danışdı: “Dedim ki, nə desəniz, boynuma alacam”

Sharing is caring!

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanov məhkəmədə sərbəst ifadə verib.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov həbs olunandan sonra qətli boynuna götürmək üçün təzyiqlərə məruz qalmasından danışıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ona məcburi qaydada etiraf ərizəsi yazdırıblar:

“Həbs olunduğum ilk günlər idi. Təzyiq altında mənə kağıza “Ata məni bağışla, bir səhvdir etmişəm”, sözlərini yazdırdılar. O qədər təzyiq etdilər, sonda dedim ki, nə desəniz, boynuma alacam. Bunun çoxu rəis müavini Şahlar Cəfərovun otağında olub”.

Təqsirləndirilən şəxs daha sonra Nərmin itkin düşdüyü vaxtlardan danışıb. İlkin Süleymanov Nərmini, ümumiyyətlə, tanımadığını deyib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə şübhəli bilinərək barəsində cinayət işi açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir