Kriminal

Azərbaycanda icra başçısının adından rüşvət alıblar — Şok faktlar

Sharing is caring!

Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş İsmayıl Mansurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəbərAl.az-ın əldə etdiyi məlumata görə, İsmayıl Mansurov şəxs qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik edib.

Belə ki, İsmayıl Mansurov vətəndaşa məxsus mənzilinin 2000-ci ildən hər hansı rəsmi sənədləşmə aparmadan həyata keçirdiyi ikinci mərtəbəsinin tikintisinin layihə sənədlərinin tərtib edilib, tikintiyə qanuni sənədlərin verilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin sentyabr ayında özünə müraciəti ilə əlaqədar Nizami rayon İcra Hakimiyyəti Aparatında yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək qeyd edilən tikintiyə dair qanuni sənədləşdirmənin həmin icra hakimiyyətində aparılmasında köməklik göstərmək imkanına malik olduğunu yalandan vəd edib.

İsmayıl Mansurov həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu qeyd edilən yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 9000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək vətəndaşın razılığını almaqla onunla sövdələşib.

İsmayıl Mansurov həmin adla 2019-cu ilin sentyabr ayının sonlarında vətəndaşın həmin vaxt yaşadığı Nizami rayonu Azər Manafov küçəsində yerləşən evində 5000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8500 manat məbləğində pul vəsaitini alıb.

Daha sonra İsmayıl Mansurov verilən məbləğin guya işin həlli üçün azlıq təşkil etdiyini deyib, əlavə 2000 manatın qeyd edilən niyyətlə özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını bildirib. O, vətəndaş ilə razılaşmaqla sövdələşib, həmin gün sonuncunun yaşadığı eyni ünvanda ondan 1100 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1870 manat məbləğində pul vəsaitini alıb.

İstintaq orqanı tərəfindən İsmayıl Mansurovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl Mansurov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, valideynləri 2003-cü ildə rəsmi olaraq ayrılıblar və o, həmin vaxtdan anası ilə birlikdə yaşayır: “Təqaüdçü olan atam Gündüz isə Gürcüstan Respublikasının vətəndaşı olmaqla orada yaşayır. 2017-2018-ci illərd Bakı şəhəri İcra Hakimiyyəti aparatının Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Departamentinin 154 saylı Mənzil-Kommunal İstismar Sahəsində mühəndis, 2018-ci ildn 2020-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyəti aparatının Nizami rayon Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı xüsusi təyinatlı 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmişəm. 2020-ci il tarixdə öz ərizəm ilə işdən azad olundum və hazırda işsizəm. Vətəndaş Qalib ilə 117 saylı Mənzil-Kommunal İstismar Sahəsində mühasib işləmiş Gülnazın vasitəsi ilə 2019-cu ilin avqust ayında tanış olmuşam. Gülnaz mənə həmin şəxsin Mənzil-Kommunal İstismar Sahəsinin yerləşdiyi ərazinin sakini kimi təqdim edərək onun yaşadığı mənzilin sonradan artırılmış ikinci mərtəbəsinə dair çıxarış almaq istədiyini bildirdi və bu işdə ona köməklik etməyimi xahiş etdi. Etiraz etməyərək Qalibi qəbul etdim, dinlədim. Qalib mənə yaşadığı mənzilin sonradan tikdirdiyi ikinci mərtəbəsi üçün çıxarış almaq istədiyini söylədi. Mən də həmin mənzilin sənədləri ilə tanış oldum, onların surətlərini özümdə saxlayaraq bu məsələ ilə maraqlanacağına və səlahiyyətinə aid olmasa da çalışıb köməklik edəcəyimə söz verdim. Lakin bu məsələ ilə bağlı heç kəslə məsləhətləşmədən, mənzilin ikinci mərtəbəsinə çıxarış almağın mümkün olub-olmadığını dəqiqləşdirmədən 2019-cu ilin sentyabr ayında sənədləşmə üçün Qalibdən 9000 manat pul istədim. Amma maddi vəziyyətimin zəif olduğunu nəzərə alaraq Qalibdən ilkin olaraq onun yaşadığı ünvanda 5000 ABŞ dolları, yəni 8500 manat pul alaraq atama verdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2019-cu il tarixdə Qalibə verilən pulun kifayət etmədiyini deyərək əlavə 2000 manat da lazım olduğunu söyləyib: “Lakin sonuncu maddi imkanınını olmadığını, yalnız 1100 ABŞ dolları verə biləcəyini bildirdi. Qarşılıqlı razılaşma əsasında həmin gün yenə də Qalibin yaşadığı ünvanda ondan 1100 ABŞ dolları məbləğində pul aldım və həmin vaxt onu əmin etdim ki, sənədlər hazır olacaq, əks halda pulları geri qaytarılacaq. Bundan sonra Qalibin ilə 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin inzibati binasında xidməti otağında Qalibin yaşadığı evin ikinci mərtəbəsinə çıxarış almaqda köməklik göstərməsi adı ilə ümumilikdə 6100 ABŞ dolları məbləğində pul alması və iş alınmayacağı təqdirdə aldığı pulu qaytarmağım barədə qəbz yazdım, həmin sənəd Qalib və özüm tərəfimdən imzalanaraq təsdiq edildi. Qalibdən pulu alarkən heç kimlə məsləhətləşməmişəm, hətta atama da bu barədə bildirməmişım, özbaşına hərəkət etmişəm”.

İsmayıl Mansurovun ifadəsinə görə, pulu alarkən 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəis vəzifəsində işləyib və həmin vaxt oranın inzibati binanın təmiri bərbad vəziyyətdə olduğundan Qalibdən aldığı pulu sırf binanın təmirinə xərcləyib: “Qalibin işini qanuni yolla heç bir pul xərcləmədən həll edəcəyimi və aldığım pulun özümə qalacağını fikirləşdim. Lakin sonradan Qalibin sənədlərində çatışmazlıq olması səbəbindən mənzilin ikinci mərtəbəsinə çıxarış almağın qeyri-mümkün olduğu məlum oldu. Ümumiyyətlə, həmin vaxta kimi çıxarış almaqdan ötrü heç kimə köməklik göstərməmişəm, mülkiyyət hüquqlarının tanınması üçün çıxarış alınmasının prosedur qaydalarından xəbərsiz olmuşam. Pulu xərclədiyimə görə artıq məndə pul qalmayıb. Qalib mənə təzyiq göstərdiyinə görə, yəni hər gün iş yerimə gəlib pulunu qaytarmağımı tələb etdiyinə görə məcbur olaraq bu barədə atama danışdım, Qalibin pulunu qaytarmam üçün mənə pul verməsini xahiş etdim. Lakin atam maddi durumu zəif olduğu üçün mənə köməklik edə bilməyəcəyini dedi. Pulu almamışdan əvvəl Qalibə pulları və sənədləri Nizami rayon İcra Hakimiyyətində işləyən hansısa vəzifəli şəxsə verəcəyimi deməmi xatırlamıram. Lakin heç vaxt konkret kiminsə adını çəkib, pulu məhz həmin adama verəcəyimi deməmişəm. Qalibdən aldığım ümumilikdə 6100 ABŞ dollar məbləğində pul vəsaitini sonradan tam olaraq qaytarmışam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Hökmə əsasən, İsmayıl Mansurovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 4 il 6 ay müddətinə şərti cəza təyin olunub.

İsmayıl Mansurovun 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir