Kriminal

“WhatsApp” yazışmasına görə bacısını öldürən gəncə CƏZA VERİLDİ

Sharing is caring!

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə bu ilin iyulunda Tərtər rayonunda baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü A.Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1982-ci il təvəllüdlü bacısı Leyla Mustafayevanı bıçaqla qətlə yetirib.

A.Mustafayev qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, o, uzun müddətdir başqa şəxslərlə münasibətdə olmasından şübhələndiyi bacısının mobil telefonuna daxil olan zəng və ismarışları izləmək qərarına gəlib. 14 iyul 2022-ci il tarixində, saat 08:00 radələrində L.Mustafayevanın işdə olmasından istifadə edərək yaşadığı evdə qadına məxsus mobil telefonu ələ keçirib incələyən zaman “WhatsApp”da Rusiya Federasiyasının mobil operator şəbəkələrindən birində qeydiyyata alınmış, istintaqa məlum olmayan mobil nömrədən mütəmadi olaraq intim məzmunlu ismarışlar göndərildiyini və müxtəlif tarixlərdə adını bilmədiyi şəxslə intim mövzularda yazışdığını aşkarlayıb.

Daha sonra A.Mustafayev L.Mustafayevanın əxlaqsızlıq etməsi, bununla da ailəsinin namusuna xələl gətirməsi səbəbindən bacısını qəsdən öldürmək qərarına gəlib. O, qadının işlədiyi çörək sexinə gedərək L.Mustafayevanı guya azyaşlı övladları xəstələndiyi üçün həkim nəzarətində olduqlarına görə təcili şəkildə onunla getməli olduğunu bildirib. Qadını avtomobilin arxa oturacağına əyləşdirdikdən sonra Tərtər-Şıxarx yolu ilə Şıxarx qəsəbəsi istiqamətinə gediblər.

A.Mustafayev bacısını yolun kənarındakı su boru xəttinin yaxınlığına apararaq ona bir neçə bıçaq zərbəsi endirməklə qətlə yetirib.

O, ifadəsində deyib ki, hadisənin ardınca yaşadığı evə gedərək paltarlarını dəyişib könüllü şəkildə Tərtər Rayon Prokurorluğuna yollanıb və törətdiyi cinayət əməlini etiraf edərək təqsirini boynuna alıb. Həmçinin A.Mustafayev əlavə olaraq 2020-ci ilin xatırlamadığı günündə bacısı Leylanı Şıxarx qəsəbəsində tanımadığı şəxsə məxsus avtomobildə gördüyünü, buna çox qəzəblənsə də, qadının etdiklərini görməzdən gələrək bağışladığını bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir