Kriminal manset

Hüseyn Abdullayev və anasına hökm oxunacaq – Hakimlər müşavirədə

Sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, onlarla birlikdə mühakimə olunan Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Nazim Əliyev, Zaur Quliyevin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirilib.

XəbərAl.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Hüseyn Abdullayev son sözlə çıxış edib. O, bəraət istəyib.

Digər təqsirləndirilən şəxslər də son söz deyəndən sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Hökmün elan ediləcəyi vaxt açıqlanmayıb.

Qeyd edək ki, prokuror Hüseyn Abdullayevin 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşlarının hər birinə 4 il sınaq müddəti olmaqla şərti cəza istəyib.

Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın 5 min manat cərimələnməsini istənilib.

Dövlət ittihamçısı həmçinin iş üzrə Vergilər Nazirliyinin qaldırdığı mülki iddianın təmin olunmasını da istəyib.

Qeyd edək ki, Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə məlumatına görə, “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Hüseyn Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

3 oktyabr 2016-cı il tarixdə Hüseyn Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Təqsirləndirilən şəxs Hüseyn Abdullayev Türkiyə ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə Hüseyn Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Namiq Babayev və digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

Eləcə də Hüseyn Abdullayevin dəfələrlə Namiq Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, cinayət işində adı keçən bəzi təqsirləndirilən şəxslərin Dövlət Sərhəd Xidmətinin əməkdaşları olub və bu səbəbdən işə Bakı Hərbi Məhkəməsində baxılması mümkün olub.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində 30 nəfər tanınıb.

Hüseyn Abdullayev ümumilikdə 14 maddə ilə ittiham olunur, təqsirləndirilən hədbiçilər isə 8 maddə, Hüseyn Abdullayevin anası isə 3 maddə ilə mühakimə olunur.