İqtisadiyyat

Ekspert: “Emal müəssisələrinin “SOCAR Downstream Management”ə verilməsi mənasız xərcləri azaldacaq”

Sharing is caring!

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal müəssisələrin “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi, təkcə səmərəliliyin artırılması, əlavə dəyərin götürülməsi formasında deyil, eyni zamanda mənasız xərcləri də azaltmış olacaq”.

Bunu “Report”a açıqlanmasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, respublikamızda dövlət şirkətlərinin səmərəliliyin artırılmasına çox böyük ehtiyac var:

“Çünki, artıq biz şirkətlərin maliyyə hesabatlarında görürük ki, zərərlə işləyənlərin sayı demək olar ki, dayanmadan artmaqdadır. Mənfi rəqəmlər də böyüməkdədir”.

SOCAR-a gəlincə ekspert düşünür ki, bu şirkətin təkcə neft-qaz hasilatçısı kimi deyil, eyni zamanda qeyri-neft ixracının böyük hissəsi SOCAR-ın payına düşür:

“2021-ci ildə qeyri-neft ixracının 27%-i məhz SOCAR-ın istehsal etdiyi məhsullar üzərində formalaşıb. Bu, bilavasitə SOCAR üçün yaxşı tendensiyanın başlanğıcı deməkdir. Amma bir şərtlə ki, idarəçilik prinsiplərində korporativ idarəetmə üsullarının tətbiqi yuxarı səviyyədə həyata keçirilsin. Eyni zamanda da alt strukturlarda da, yəni yerli müəssisələrdə də ən müasir texniki, texnoloji yanaşmaları, logistik fəaliyyətin səmərəliliyi, emal proseslərinin fasiləsizliyi, xam mal təchizatının fasiləsizliyi, İT texnologiyanın ən yeni formasının tətbiqi həyata keçirilsin. Bunlar olduğu təqdirdə, biz səmərəliliyi artıra bilərik. Məhz bu baxımdan da “SOCAR Downstream Management” şirkəti də məhz bu fəlsəfə və bu niyyətlə yaradılıb”.


E. Əmirov bildirib ki, 2019-cu ildə SOCAR-ın törəmə şirkətləri olan “Petkim” və STAR neft emalı zavodları bu şirkətin idarəçiliyinə verilib və nəticədə 2019-2021-ci ildə 100 milyon ABŞ dolları dəyərində əlavə maliyyə vəsaiti əldə edilib:

“Daha sonra iki il öncə Heydər Əliyev adına Neft Emalı Zavodu bu şirkətin idarəçiliyinə verilib. Hazırda isə digər zavodlar – “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu bu şirkətin idarəçiliyinə verilərək burada yeni yanaşmaların tətbiqi səmərəliliyi artıracaq. Nəticədə vahid mərkəzdən idarəolunma bilavasitə burada səmərəliliyin artırılmasına ciddi şəkildə öz töhfəsini vermiş olacaq. Bu da təbii olaraq səmərəliliyin artırılması ilə xərclərin daha səmərəli istifadə olunmasıdır. Fəaliyyətin daha səmərəli təşkilidir ki, bu da əlavə maliyyə dəyərinin yaradılması deməkdir”.

E. Əmirov düşünür ki, bu yanaşma SOCAR-ın qeyri-neft ixracı üzrə potensialını ciddi şəkildə artıracaq:

“Bilirik ki, SOCAR-ın fəaliyyəti daha çox neft-qaz hasilatı üzərində formalaşıb. Nəticədə ölkədə hasil edilmiş karbohidrogen ehtiyatları xammal şəklində xaricə ixrac olunur və ölkəyə valyuta daxil olur. Amma eyni zamanda biz SOCAR-ın hasil etdiyi karbohidrogen ehtiyatlarını daha çox emal proseslərinə cəlb etməklə, daha keyfiyyətli və daha faydalı məhsullar istehsal edə bilərik. Həm də məhsulların həcmini və çeşidini artıra bilərik. Məsələn, gübrə istehsalının həcmini artırmaqla ölkədə kefiyyətli gübrə tələbatını ödəyə bilərik. Eyni zamanda ixracın səviyyəsini də artıra bilərik.

Düşünürəm ki, emal müəssisələrin “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi, təkcə səmərəliliyin artırılması, əlavə dəyərin götürülməsi formasında deyil, eyni zamanda mənasız xərcləri azaltmış olacaq:

“Mövcud maliyyə vəsaitlərinin səmərəsiz, adekvat olmayan istiqamətlərə xarclənməsinin qarşısını alacaq. Burada da əsas məqsəd, səmərəliliyin artırılması, idarəçilikdə qeyri-adekvat davranışların, pul vasaitlərinin kortəbii şəkildə və idarəedici şəxslərin istəyinə uyğun dağıdılmasının qarşısının alınmasıdır. Hər halda, STAR neft emalı zavodu və “Petkim” üzərində tətbiq edilmiş və uğurlu hesab edilən idarəçilik modellərinin, müəssisələrin bir-biri ilə geniş anlamda rabitəsinin, ixrac, logistika, kommunikasiya, emal məhsulları ilə xammal təchizatı və sair kimi məsələlərdə iki şirkət arasında olan kommunikasiya və idarəçiliyin olduğu kimi Azərbaycanda sözügedən müəssisələrdə də tətbiq edilərsə, effektini iki il sonra görə biləcəyik”.

Xatırladaq ki, hazırda beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, SOCAR emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin, həmçinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədilə SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib. Bu emal müəssisələri arasında “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu da var.

Qeyd edək ki, SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-cu ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir