İqtisadiyyat

SOCAR xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir

Sharing is caring!

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.

“Report”un məlumatına görə, bu səbəbdən şirkətin neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən emal müəssisələrinin “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib.

Məlumata görə, hazırda beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, SOCAR emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin, həmçinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədilə SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib. Bu emal müəssisələri arasında “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu da var.

Sinerji yaradılaraq xərclər optimallaşdırılır

Xatırladaq ki, SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-cu ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb.

Belə ki, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə iki il öncə verilərək innovativ və beynəlxalq təcrübələrin tətbiqi, idarəetmə və əməliyyatların optimallaşdırılması istiqamətində mühüm tədbirlərin, o cümlədən biznes prosesləri, SƏTƏMM, aktivlərin idarə edilməsi, istehsalatın düzgün proqnozlaşdırılması və planlaşdırılması istiqamətində “Əməliyyat Mükəmməlliyi” proqramlarının icrasına başlanılıb.

Bu proses şaquli inteqrasiya prinsipi əsasında həyata keçirilir. Belə ki, şaquli inteqrasiya çərçivəsində SOCAR-ın neft emalı və neft kimya müəssisələrinin dəyər zənciri üzrə bir-biri ilə inteqrasiyalı fəaliyyəti nəticəsində güclü sinerji yaradılaraq xərclərin optimallaşdırılması və gəlirlərin artırılması hədəflənir. Hazırda Heydər Əliyev adına NEZ, “Azərikimya” və “SOCAR Polymer” müəssisələri vahid dəyər zənciri üzrə bir-birini xammal ilə təmin edir. Bu müəssisələr arasında şaquli inteqrasiya əsasında güclü sinerji yaradılaraq istehsalat prosesində səmərəliliyin artırılması, fasiləsiz istehsalatın təmin edilməsi, nəticədə SOCAR-ın xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması hədəflənir.

Emal və neft-kimya müəssisələrinin vahid mərkəzdən idarə olunması idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, layihələrin daha sürətli icrasına, əməyin təhlükəsizliyinin gücləndirilməsinə, rəqəmsal və innovativ texnologiyaların tətbiqinə, insan kapitalının yüksəlməsinə və əməkdaşların karyera inkişafının təmin edilməsinə zəmin yaradacaq.

Əlavə maliyyə dəyəri yaradılacaq

Bundan başqa, 2019-cu ilin noyabr ayında da SOCAR-ın Türkiyədəki törəmə müəssisələri olan “Petkim”, STAR neft emalı zavodu (NEZ), “SOCAR Petrol Ticarət” və “SOCAR Depolama” şirkətləri arasında şaquli inteqrasiyanın təmin edilməsi və güclü sinerjinin yaradılması məqsədilə “Neft-emalı və Neft-kimya Biznes Bölməsi” yaradılıb.

Pandemiya dövrünün çətinliklərinə və qlobal miqyasda təchizat zəncirində baş verən fasilələrə baxmayaraq, “Petkim” və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb. Hazırda “Petkim” və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində “Petkim” əsas xammal ehtiyacı olan yüngül nafta məhsulunu STAR NEZ-dən daha yüksək keyfiyyətdə tam təchiz edir.

STAR NEZ-dən əvvəl isə “Petkim” yüngül nafta xammalının tamamını xarici ölkələrdən idxal edirdi. Beləliklə “Petkim” yüngül nafta idxalı üçün sərf etdiyi nəqliyyat və idxal xərclərini tamamən aradan qaldıraraq rəqabət qabiliyyətini artırmağa və daha keyfiyyətli və stabil yüngül nafta istifadəsi sayəsində gəlirlərini artırmağa nail olub.

Eyni zamanda “Petkim” və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində istehsal prosesi daha səmərəli idarə olunmağa başlanıb.

Qeyd edək ki, xammalın idxalı nəticəsində nəqliyyat və digər səbəblərdən yaranan gecikmələr istehsal proseslərinə birbaşa mənfi təsir göstərir ki, bu da məhsulun maya dəyərinin artmasına və hədəf bazarlarda rəqabət qabiliyyətinin azalmasına gətirib çıxarır. Bu hadisə ən çox pandemiya dövründə təchizat zəncirlərində yaranan fasilələrdə özünü bariz bir şəkildə göstərmiş olub.

“Petkim” və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində müxtəlif kateqoriyalarda, xüsusilə istehsalat, satınalma, ticarət, texniki xidmət, maliyyə, İT və korporativ xidmətlər sahəsində yaradılan əlavə maliyyə dəyəri 2019-2021-ci illər üzrə təqribən 100 milyon ABŞ dolları təşkil edib.

Onu da qeyd edək ki, SOCAR-ın ölkə daxilində fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya müəssisələrinin inteqrasiyalı fəaliyyəti nəticəsində də əhəmiyyətli dərəcədə əlavə maliyyə dəyərinin yaradılması hədəflənir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir