İqtisadiyyat

Yerli və xarici media nümayəndələri “Neft Daşları”na səfər etdilər – FOTO

Sharing is caring!

Milli Mətbuat Günü ərəfəsində – 2022-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yerli və xarici media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub.

Oxu.Az-ın məlumatına görə, səfərdə, həmçinin Vətən müharibəsi qaziləri və veteran neftçilər iştirak ediblər.

“Neft Daşları”nda qonaqları Neft-qazçıxarma İdarəsinin rəisi Balaəli Cəfərov qarşılayıb.

İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, ulu öndərin adını daşıyan muzey ilə tanış olublar. Nümayəndə heyətinə ümummilli liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar haqqında məlumat verilib.

Daha sonra görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi və Xəzəri fəth edərkən dənizdə həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.

Qarabağ qazisi Zahid Məmmədkərimov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  şəhid olmuş neftçilərin abidə kompleksinin qarşısında həmkarlarının qəhrəmanlığından danışıb.

Səfər iştirakçıları daha sonra dünyada, açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu ilə tanış olublar, onlara quyunun tarixi və istismar dövrü barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin Qaz Turbin İstilik Elektrik Stansiyasına səfər edib.

Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirilən görüşdə “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov Milli Mətbuat Günü münasibətilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən qocaman neftçi professor Alçın Şirinzadə müxtəlif vaxtlarda media nümayəndələri ilə görüşlərindən məmnunluqla danışıb. 

Tədbir neftçilərin təqdimatında Milli Mətbuat Gününə həsr olunmuş konsert proqramı ilə yekunlaşıb.

İlhamə Əbülfət
FOTO: Tapdıq Abdullayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir