İqtisadiyyat Manşetüstü

“Yeni ssenariyə hazır olmaq lazımdır” – Manatı nə gözləyir?

“ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 10 il ərzində ilk dəfə baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25 faiz səviyyəsinə endirib. FED-in son qərarına rəğmən, dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib”.

XeberAl.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin fikrincə, investorlar 50 bənd azalmanın olacağını gözləsələr də FED 25 bəndlə kifayətləndi:

” İkincisi, FED-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. FED yeni azalmaların gündəmdə olmadığını bəyan etdi. Üçüncüsü, bir sıra Mərkəz Bankların o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalamalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir. FED-in qərarından sonra avro 1.10 dollaradək ucuzlaşıb. Bunun digər səbəbi də Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalamaları ilə bağlıdır.

Göründüyü kimi dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunun ucuzlaşdırmadı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yenə də ən az riskli valyuta hesab olunur”.

Vüqar Bayramov FED-in qərarının Azərbaycan manatına təsirinə də toxunub:

“Milli valyutamıza gəldikdə, indiki məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır. Bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq”.