İqtisadiyyat

Bulvarda özəl qiymət siyasəti: Kim nəzarət etməlidir?

Sharing is caring!

Yay mövsümü başlayan kimi qızmar günlərdə istirahət etmək üçün insanların üz tutduğu yerlərdən biri də Dənizkənarı Bulvar və digər dəniz mənzərəli istirahət mərkəzləri, restoranlar olur. Lakin mövsüm açılar-açılmaz sözügedən iaşə obyektlərində qiymətlərdə kəskin artım müşahidə olunur. Hətta Dağüstü Park və bulvar ərazilərindəki restoranlarda adi çay menyusunun qiyməti belə insanları şoka salır. 

Şəhər sakini Amil Məmmədovun sözlərinə görə, bulvardakı qiymətlər hazırkı məvaciblərə uyğun deyil:

“Mən dünən uşaqlarımı sevindirmək üçün onları bulvara apardım. Lakin oradakı restoranlarda qiymətləri görüb uşaqlara istədikləri şeylərdən ala bilmədim. Qiymətlər çox bahadır. Maaşımız və aylıq xərclərimizi hesablasaq, bu qiymətlər heç də bizim kimi ailələr üçün sərfəli deyil”.

İqtisadçı ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında qiymətlərin bu halda tənzimlənməsinə aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, obyekt sahibləri özləri qiymət təyin etməkdə azaddırlar:

“Bu məsələdə heç bir mexanizm yoxdur. Obyekt işlədən şəxs özü bu qiymətləri müəyyənləşdirir. Restoran və digər iaşə obyektlərində qiymətləri tənzimləyən heç bir qurum yoxdur. Düşünürəm ki, bu, belə də olmalıdır. Çünki bu, məcburi istehlak deyil, insanlar özü qiymətləri görür, bilir. Süni bahalaşma anlayışını bu məsələyə aid etmək doğru çıxmaz. Amma tutaq ki, bulvar ərazisindəki bu qiymətlərlə bağlı məsələni qaldırmaq olar ki, sahibkarlara əlavə yer versinlər və əlavə təkliflər üçün rəqabət yaransın, insanlar seçim edə bilsinlər. Bulvar, Dağüstü Park da məhdud yer olduğu üçün qiymətlərin baha olması anlaşılandır. Bahalığa görə sözügedən əraziləri başdan-ayağa obyekt, restorana çevirmək doğru olmaz.

Tələb çox, şərait az olduğu üçün özəl müəssisə sahibkarları bunu qiymətlərlə tənzimləyirlər. Bu, normal bazar mühitidir. Sadəcə çox baha olan yerə vətəndaşlar getməyib, etirazlarını bildirərlərsə, bəlkə bu halda qiymətlər ucuzlaşdırıla bilər”.

Ekspert həmçinin bildirir ki, Türkiyədə bələdiyyə çayxanaları var ki, vətəndaşlar daha sərfəli şəkildə xidmətlərdən yararlana bilir. Dənizkənarı Milli Park İdarəsi də bu təcrübəni həyata keçirə bilər:

“Türkiyədə bu cür yerlərdə bələdiyyə çayxanaları fəaliyyət göstərir. Və bununla bələdiyyə idarələri özləri daha ucuz şəkildə xidmət təşkil edir. Misal olaraq deyə bilərik ki, Dənizkənarı Milli Park İdarəsi daha ucuz qiymətlərlə özü sahibkarlara icarə vermədən nələrsə təşkil edə bilər. Və yaxud da bələdiyyə mülkiyyətində bələdiyyə müəssisələri yaradaraq, icarə pulu ödəməməklə daha ucuz xidmətlər göstərə bilərlər. Dünyada da bu praktikadan istifadə olunur. Bununla vətəndaşlar daha sərfəli şəkildə istirahət edə, xidmətlərdən yararlana bilərlər”, – deyə X.Kərimli qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir